Accessibility links

Amos Hoksteyn: Azərbaycandakı enerji layihələrinə Rusiyadan təhlükə olduğunu düşünmürəm


ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi Amos Hoksteyn

ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi Amos Hoksteyn

“Əsrin kontraktı”nın 20 illik yubileyi və “Cənub Qaz Dəhlizi”nin təməlqoyma mərasimində iştirak üçün Bakıda səfərdə olan ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi Amos Hoksteyn jurnalistlərin suallarını cavablandırıb. O ABŞ-Azərbyacan əlaqələri, regional enerji layihələri, enerji layihələrinə təhlükələrdən danışıb.

Amos Hoksteyn bildirib ki, son 20 ildə ABŞ-Azərbaycan əməkdaşlığı çoxsaylı münasibətləri əks etdirib və dövlətlərin xeyrinə işləyib. “Bu istiqamətdə, xüsusilə enerji sahəsində gördüyümüz fəaliyyətlər Avropada və ümumiyyətlə dünyada enerji təhlükəsizliyinə öz töhfələrini verib”.

ABŞ şirkətlərinin bu kimi böyük layihələrdə iştirak etməməsi digər bir əlamətin əyani təzahürüdür.

O Amerikanın Səsinin Amerika şirkətlərinin Azərbaycandakı qlobal enerji layihələrində iştirak etməməsinin səbəbləri ilə bağlı sualının cavabında deyib ki, bu biznesə aid məsələdir. “Təbii ki, şirkətlər qlobal enerji bazarlarını nəzərdən keçirərək öz qərarlarını verir. İstənilən halda bu qərar əsasında fəaliyyətlərini davam etdirirlər.

Düşünmürəm ki, burada hər hansı ABŞ və ya qeyri ABŞ şirkətinin fəaliyyəti barədə danışmaq lazımdır. Gəlin başqa minvalda düşünək. ABŞ Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edən böyük layihələrə qatılıb. Bu da Bakı-Tbilisi-Ceyhan və digər layihələrdidir. Keçmiş prezident cənab Klinton bu layihələrlə bağlı bir növ üzərinə öhdəlik götürmüşdü və bu öhdəliyə çox sadiq idi. Burada bir məqamı da vurğulamaq istərdim. ABŞ şirkətlərinin bu kimi böyük layihələrdə iştirak etməməsi digər bir əlamətin əyani təzahürüdür. Bu o deməkdir ki, ABŞ bu kimi böyük layihələrə məhz kommersiya nöqteyi nəzərindən baxmır, onların kommersiya baxımından xeyirli və ya xeyirsiz olmasını nəzərdən keçirmir. Bu layihələri Azərbaycanın tərəqqisi və güclü olmasını vurğulayan layihələr kimi nəzərdən keçirir. Azərbaycan belə tərəqqili, güclü səylər göstərdiyi halda Amerikanın da maraqları təmin edilir”.

Müəyyən məqamlar da var ki, tərəflər bir-biri ilə razı olmur. Düşünürəm ki, bu normal haldır.

O Amerika-Azərbaycan münasibətlərinin hazırkı durumu ilə bağlı sualın cavabında deyib ki, iki ölkə arasındakı münasibətlər çox güclü, strateji zəmində qurulub və hazırda da bu istiqamətdə inkişaf edir.

“Ümid edirəm ki, münasibətlərimiz gələcəkdə də davam edəcək və güclənəcək. Təbii ki, biz strateji əməkdaşıq və bu yolda ola bilsin ki, müəyyən məqamlar var ki, onun ətrafında müəyyən ümumi məxrəcə gəlirik, müəyyən bir razılıq əldə edirik. Müəyyən məqamlar da var ki, tərəflər bir-biri ilə razı olmur. Düşünürəm ki, bu normal haldır. Yəni dostlar arasında münasibətlərə xas olan bir haldır. Yenə təkrar edirəm ki, hal-hazırda Azərbaycan-ABŞ arasında strateji zəmində qərarlaşan münasibətlər mövcuddur. Ümid edirəm bu münasibətlər gələcəkdə daha da güclü olacaq”.

Bizim üçün əsas məqam odur ki, Xəzər dənizinin enerji ehtiyatları bilavasitə Azərbaycan vasitəsi ilə Avropa və dünya bazarlarına öz yolunu tapsın.

Amos Hoksteyn Iran, Türkmənistan və regionun digər dövlətlərinin Azərbaycan, Gürcüstan və Türkiyənin iştirak etdiyi regional layihələrə qatılma ehtimalları barədə suala da cavab verib.

“Düşünmürəm ki, ABŞ hansısa digər dövlətlərin bu layihələrə qatılması barədə qərar versin. Qərarı dövlətlər özləri verməlidir. ABŞ təbii ki, bu layihələrdə digər dövlətlərin də iştirakını alqışlayır. Bizim üçün əsas məqam odur ki, Xəzər dənizinin enerji ehtiyatları bilavasitə Azərbaycan vasitəsi ilə Avropa və dünya bazarlarına öz yolunu tapsın. İranın bu kimi layihələrə qatılması məsələsinə gəlincə hazırda İranla müəyyən danışıqlar həyata keçirilir və bu danışıqlar bilavasitə İranın nüvə potensialına aid olan danışıqlardır. Ümid edirəm ki, İran bu danışıqlara tam ciddiliyi ilə yanaşacaq və nəticə etibarı ilə ümumi bir məxrəcə gələ biləcəyik”.

Layihələrin Rusiyaya hər hansı aidiyyatı da yoxdur.

Amerikanın Səsinin Xəzərdəki enerji mənbələrinə və kəmərlərə Rusiyanın təhlükəsi olarsa Amerikanın nə edəcəyi ilə bağlı sualına cavabda ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi deyib ki, Azərbaycandakı enerji layihələrinə Rusiya tərəfindən hər hansı təhlükənin olduğunu düşünmürəm.

“Bölgədə yer alan layihələr bütün dünya icmasının xeyrinə çalışan layihələrdir. Azərbaycan tərəfindən bu layihələri həyata keçirmək qərarı verilib. Eyni zamanda ABŞ çox açıq və bəsit şəkildə bəyan edib ki, bölgədəki enerji layihələrini dəstəkləyir. Bu Azərbaycanın qərarıdır, Azərbaycanda fəaliyyət göstərən konsorsiumun qərarıdır. Bu Avropa dövlətlərinin qərarıdır ki, Azərbaycanın enerji ehtiyatlarını əldə etsinlər. Bu layihələr hər bir tərəfin xeyrinə yönəlib. Ona görə düşünmürəm ki, hansısa tərəfdən bu layihələrə təhlükə olsun. Layihələrin Rusiyaya hər hansı aidiyyatı da yoxdur. Layihələrin Azərbaycana və iştirakçı, tranZit dövlətlərə aidiyyatı var”, o qeyd edib.

XS
SM
MD
LG