Accessibility links

ABŞ rəsmisi Amos Qolşteyn: Xəzər qazının Avropa bazarına çıxması ABŞ üçün vacibdir


ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini Amos Qolşteyn

ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini Amos Qolşteyn

Cənub qaz dəhlizi Avropanın enerji təhlükəsizliyi üçün çox əhəmiyyətlidir

Bakıda açılan Beynəlxalq Xəzər neft və qaz, neftayırma və neft kimyası sərgi-konfransın birinci günü ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirlikləri birgə rəsmi qəbul keçirib.

Qəbulda Azərbaycanın hökumət təmsilçiləri, parlamentinin deputatları, diplomatlar, tanınmış beynəlxalq və yerli ekspertlər, ictimai xadimlər, ziyalılar iştirak edib.

Amerikanın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib ki, ABŞ daim ə Azərbaycanın enerji resursları hasil edən güclü və müstəqil dövlətə çevrilməsini istəyib.

Azərbaycan Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə dünyada enerji təhlükəsizliyinə öz töhfəsini verir. İndi isə Azərbaycan "Cənub Qaz Dəhlizi"ni genişləndirməklə dünyanın enerji təchizatına ikinci mühüm töhfə verməyə hazırlaşır.

Səfirin fikrincə, adı çəkilən layihə həm siyasi, həm də kommersiya baxımından mühüm əhəmiyyət kəsb edir.

“Azərbaycanı Avropa ilə birləşdirəcək mühüm kəmər olacaq. Bu çox böyük imkan yaradacaq ki, ABŞ və Britaniya şirkətləri Azərbaycana investisiya qoysun".

Morninqstar bildirib ki, yaxın vaxtlarda “Şahdəniz” konsorsiumu Azərbaycan qazının hansı layihə çərçivəsində Avropaya çatdırılacağına qərar verəcək.

“Bu qərar həm siyasi, həm də iqtisadi qərar olacaq və Azərbaycana investisiya qoyulması üçün əlavə imkanlar yaranacaq”.

ABŞ dövlət katibinin köməkçisinin enerji diplomatiyası üzrə müavini Amos Holşteyn (Amos Hochstein) deyib ki, hazırda Azərbaycan enerji təchizatı üzrə aparıcı oyunçulardan biridir.

Böyük Britaniya baş nazirin Azərbaycan, Qazaxıstan və Türkmənistan ölkələrində ticarət məsələləri üzrə səfiri Çarlz Hendri deyib ki, Böyük Britaniya Azərbaycanla uzunmüddətli əməkdaşlıq etməyi düşünür.

“Britaniya Azərbaycanda ən böyük xarici investorlardan biridir və biz əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə ümid edirik".

Bu il Britaniya hökuməti üçün çox vacib ildir, çunki bu il Azərbaycanda boru xətti ilə əlaqədar həlledici qərar qəbul ediləcək.

“Bu qərar Avropanın enerji təhlükəsizliyi üçün çox əhəmiyyətlidir”, o qeyd edib.

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Amerikanın Səsinin sualının cavabında deyib ki, ABŞ Cənub dəhlizi layihəsində türkmən qazının iştirakı ideyasını dəstəkləməkdə davam edir”.

“Bu məsələ ilə bağlı Avropa Birliyi, Azərbaycan və Türkmənistan arasında danışıqlar davam etdirilir . Transxəzər qaz kəməri ilə bağlı danışıqların irəli getməsi Azərbaycan və Türkmənistandan asılıdır. Ümidvarıq ki, türkmən qazı Cənub dəhlizi layihəsinin bir hissəsi olacaq”.

ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini Amos Qolşteyn isə jurnalistlərə deyib ki, Xəzər qazının Avropa bazarına çıxması ABŞ üçün vacibdir.

“TAP yaxud Nabucco West layihələrindən hansının daha səmərəli olmasına qərar vermək hüququ “Şahdəniz” konsorsiumundadır. ABŞ bu məsələdə neytraldır, bizim üçün əsas olan məsələ Xəzər qazının gec-tez Avropa bazarına çıxmasıdır”, o qeyd edib.
XS
SM
MD
LG