Accessibility links

Anar Məmmədli: Referendum avtoritarizmi gücləndirəcək


Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli sentyabrın 26-da Azərbaycan konstitusiyasına dəyişikliklərlə bağlı referendumun beynəlxalq öhdəliklərə uyğun keçmədiyini bildirib. O, seçki məntəqələrində qanun pozuntularının baş verdiyini qeyd edib. Azərbaycanın Mərkəzi Seçki Komissiyası isə referendumun demokratik şəraitdə, beynəlxalq öhdəliklərə və milli qanunvericiliyə uyğun keçirildiyini bəyan edib. Anar Məmmədli Amerikanın Səsinin “Amerika icmalı” proqramında referendumun nəticələrini müzakirə edib.

Beynəlxalq reaksiyalar

Anar Məmmədli deyib ki, referendumun nəticələrinə beynəlxalq reaksiyalarda gecikmə və ehtiyatlılıq müşahidə olunsa da prosesin özü və nəticələr beynəlxalq ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.

“Bunun da mənfi təsirləri ondan ibarətdir ki, demokratikləşmə prosesi, ölkədə müasirləşmə ilə bağlı məsələlər ciddi zərbə altına düşəcəklər. Bu, ölkə üçün bir geriləmədir, reqressdir.”

“Hakimiyyətin bürün səylərinə, cəhdlərinə baxmayaraq, Avropa Şurası Venesiya Komissiyası referenduma çıxarılmış məsələlərlə bağlı sentyabrın 20-də özünün rəyini açıqladı və burada xeyli mənfi məqamlara toxunuldu. Sənəddə hakimiyyət bölgüsü ilə bağlı məsələlər diqqət çəkən məqamlardan biri bu idi ki ciddi şəkildə sual altına alınırdı və tənqid olunurdu. Eyni zamanda, insan hüquqları məsələsinə önəm çəkilirdi və bunların gələcəkdə və bunların gələcəkdə Azərbaycanda insan hüquqlarının müdafiəsi ilə bağlı məsələlərə problem yaradacağına toxunulurdu. Yəni ümumilikdə Venesiya Komissiyasının rəyi kifayət qədər mənfi idi və bu da gözlənilən idi, çünki bu kifayət qədər peşəkat təşkilatdır. Eyni zamanda bu günlər Avropa İttifaqının da reaksiyası ilə tanış olduq. Orada da göstərilir ki, yəni narahatlıqlar var və ölkədə insan hüquqları və azadlıqları ilə bağlı, eyni zamanda referendum dövründə açıq müzakirələrin keçirilməməsi, referendumla bağlı debatların olmaması vurğulanır. Yalnız Avropa Şurası Parlament Assambleyası ənənəvi olaraq Azərbaycan hakimiyyətinə yaxın, onların mövqeyini müdafiə edən bir bəyanatla çıxış etdi.”

Anar Məmmədli referendumun ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu tərəfindən müşahidə edilmədiyini və mötəbər müşahidə missiyalarından heç birinin səsverməni izləmədiyini xüsusi vurğulayıb.

Seçki pozuntuları araşdırılmır

O, sosial mediada yayılmış video görüntülərdə səsvermə zamanı baş vermiş pozuntulara reaksiyanın veriləcəyi və bu halların araşdırılacağını gözləmədiyini bildirib. “Sonuncu referendum, yəni ümumxalq səsverməsində müşahidə olunan qanun pozuntuları bizim ölkə üçün xarakterik olan ənənəvi seçki pozuntuları sırasındadır. İllər boyu bu pozuntular barədə məlumatlar yayılıb və araşdırılmayıb. Yalnız parlament seçkiləri ilə bağlı Avropa Məhkəməsinə getmiş şikayətlərlə bağlı verilən qərarlarda bu məsələlərə toxunulub.” Anar Məmmədlinin sözlərinə görə, Avropa İnsan Haqları Məhkəməsinin qərarları ölkədə bu kimi qanun pozuntularına yol verilmiş şəxslərin cəzalandırılmalı olduğuna dair bir presedent yaratmalı olduğu halda bu baş verməyib.

Referendumun ictimai-siyasi nəticələri

O, referendumun Azərbaycanda hakimiyyət bölgüsü ilə bağlı hüquqi sistemi dəyişdirəcəyini, ölkədə insan hüquqlarını müdafiəsi ilə balı hüquqi mexanizmlərə zərbə endirəcəyini deyib. “Azərbaycanda insan hüquqları və azadlıqları ilə bağlı bir sıra məsələlərin konstitusion təminatı artıq sual altına düşür. Mən hesab edirəm ki, gələcəkdə bu referendumdan sonra Azərbaycanla bağlı önə çıxan məsələlərdən biri də ölkədə artıq bu referendumdan sonra konstitusion islahatlara olan ehtiyac məsələsidir. Yəni əvvəllər də bu zərurət var idi. Amma bu bu referendumdan sonra Azərbaycanda konstitusion islahatlara olan ehtiyac bir daha ortaya çıxdı və bu bizim vətəndaş cəmiyyəti təşkilatlarının, siyasi partiyaların gündəmini zəbt etməlidir. O cümlədən, beynəlxalq təşkilatların.”

Referendumun siyasi təsirlərindən danışan Anar Məmmədli ölkədə avtoritarizmin daha da güclənə və sərt prezidentlik institutunun formalaşa biləcəyini qeyd edib. “Bunun da mənfi təsirləri ondan ibarətdir ki, demokratikləşmə prosesi, ölkədə müasirləşmə ilə bağlı məsələlər ciddi zərbə altına düşəcəklər. Bu, ölkə üçün bir geriləmədir, reqressdir.”

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG