Accessibility links

36 yaşlı Anar Əliyev Socar Trading-dən əvvəl varlı olub?


Socar Trading-in veb səhifəsi

Socar Trading-in veb səhifəsi

“Global Witness” təşkilatının yaydığı “Azərbaycanın neft sektoru: Gizli fiqur” adlı hesabatında Anar Əliyevin qısa vaxtda yüz milyonlarla dollar gəlir əldə etməsindən bəhs edib

BusinessTime jurnalı iş adamı Anar Əliyevlə müsahibə dərc edib.

Bir neçə həftə öncə “Global Witness” təşkilatının yaydığı “Azərbaycanın neft sektoru: Gizli fiqur” adlı hesabatında Anar Əliyevin qısa vaxt ərzində yüz milyonlarla dollar gəlir əldə etməsinin qaranlıq məqamlarına toxunub. Hesabat Azərbaycanda qızğın müzakirələrə yol açıb və hətta bəzi KİV-lərdə Anar Əliyevin Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və dövlət başçısı İlham Əliyevlə yaxın qohumluq əlaqələri olduğu da iddia edilib.

Əliyev bildirib ki, 36 yaşı var və Naxçıvanda anadan olub. Naxçıvan Dövlət Universitetində və sonradan qiyabi olaraq Dövlət İdarəçilik Akademiyasında təhsil alıb.

“Naxçıvandan olan tanınmış rəsmi şəxslərin heç bir nümayəndəsinə aidiyyətim yoxdur. Fürsətdən istifadə edərək, bir daha təsdiq etmək istəyirəm ki, qeyd olunan şəxslərlə, nə də vəzifədə çalışan hər hansı digər şəxslə heç bir yaxın qohumluğum yoxdur”, o qeyd edib.

Əliyev Socar Trading-ə gəlməmişdən öncə varlı olduğuna da işarə edib və gəlirlərinin hansı mənbələrdən formalaşdığını izah edib.

“Yeniyetmə yaşlarımdan işgüzar fəaliyyətə başlamışam. Türkiyə ilə sərhədlər açılandan sonra mən fəal şəkildə həmin ölkədən tekstil və qida məhsullarının Naxçıvana, Azərbaycanın digər regionlarına və Rusiyaya idxalı ilə məşğul olmuşam. Bu biznes mənim ailəmin maddi köməkliyi ilə baş tutub. Eyni vaxtda mən xaricdən avtomobillərin idxalı biznesi ilə fəal məşğul olmuşam. Sonralar isə topladığım kapital ilə 2000-ci illərin əvvəllərində Bakıya gəlmişəm və Gənclik metrosu ətrafında yerləşən şəxsi evlərin və torpaq sahələrinin alqı-satqısı ilə fəal məşğul olmuşam”.

O bildirib ki, torpaq alqı-satqısı ilə məşğul olduğu dovrdə 2-3 il ərzində torpaq və əmlak qiymətləri kəskin şəkildə qalxıb və bu qısa zamanda onun ilkin kapitalı kəskin şəkildə artırmasına imkanı yaradıb.

“Eyni dövrdə mən tikinti materiallarının və avadanlıqlarının alqı-satqısı sahəsində fəal olmuşam. Bundan əlavə mənə məxsus olan şirkətlərin bəzi yaşayış binalarının tikintisindən əldə etdikləri gəlir də ilkin kapitalımın artmasına səbəb oldu. 2002-2003-cu illərdə mən “Aztrans” şirkətini quraraq özümə məxsus 17 iri yük avtomobil nəqliyyatı vasitəsi ilə meyvə və tərəvəz məhsullarının daşınmasını, o cümlədən Rusiya bazarına ixracını təşkil etmişəm. Eyni dövrdə tərəfdaş olduğum bəzi şirkətlər vasitəsi ilə BƏƏ-nin bazarına maraq göstərərək, həmin bazara daxil olmuşam.

O dövrdə Azərbaycanda kompüter və elektronika mallarına böyük ehtiyac olduğundan BƏƏ-də Azərbaycan investisiyalı ilk şirkət quranlardan biri olmuşam və qısa zamanda bu sahədə böyük uğur əldə etmişəm. Eyni zamanda BƏƏ-də artıq qurduğum şirkətlər vasitəsi ilə Azərbaycanda tələbat olan digər sahələrə də diqqət yetirməyə başladım. Belə sahələrdən biri də məhz neft sahəsi olub. Müxtəlif boru örtükləri, avadanlıq, ehtiyat hissələri, texnika, kompüter avadanlığı bir çox yerli neft və servis şirkətlər, zavodlar və digər tərəfdaşlar sahib olduğum şirkətlər vasitəsi ilə təchiz edilib.

Həmin dövrdə Azərbaycanda öz kapitalımdan istifadə edərək “Grand MMC” adlanan şirkət vasitəsilə müxtəlif neft və servis şirkətlərinə xidmətlər göstərmişəm. ARDNŞ ölkə iqtisadiyyatının əsas qüvvəsi olduğundan Azərbaycanda bu şirkətlə əməkdaşlıq qaçılmaz bir haldır. Hələ 2003-2004-cü illərdə “Grand MMC” Azərbaycana neft borularının rentgen yoxlama avadanlığını gətirən ilk şirkətlərdən biri olub və ARDNŞ ilə əməkdaşlığa başlayıb. Uzun illər ərzində mənə məxsus şirkətlər ARDNŞ və onun struktur idarələrinə müxtəlif xidmətlər göstərib, geniş çeşidli mallarla təchiz edib və tikinti işləri görüb.

Beləliklə, uzun illər ARDNŞ və digər yerli şirkətlərlə uğurlu əməkdaşlığımız mənim adi təchizatçıdan etibarlı və güvənilə biləcək bir tərəfdaşa çevrilməyimin yeganə səbəbidir. Məhz bu uzun müddətli uğurlu əməkdaşlıq ölkəmizin və hökumətimizin yerli iş adamlarına dəstək verilməsi siyasətinin nəticəsi olaraq, mənim ARDNŞ-nin bəzi, xüsusi olaraq qeyd etmək istərdim, bəzi layihələrində təmsil olunmağıma gətirib çıxardı”.

Anar Əliyev deyib ki, “Socar Trading” SA adlı bir şirkətin qurulması onun və həmçinin tanınmış neft treyderi olan Valeriy Qolovuşkin tərəfindən irəli sürülən bir təklif olub.

“O zaman ARDNŞ öz xam neftini dünya bazarlarına xarici şirkətlər vasitəsi ilə çıxarırdı. Bu isə siyasi baxımdan ölkəmizə bir təzyiq mexanizmi idi. Nəticədə biz dünyanın xam neft treydinqi sayılan İsveçrədə belə bir yeni treydinq şirkətinin qurulmasını təklif etdik. Bu xam neftin satışı strukturunun Azərbaycanın xam neftinin əsas satış mərkəzinə çevrilməsi ucun peşəkar işçi heyəti və ofislə təchiz edilməli idi.

O zaman ARDNŞ belə bir şirkətin qurulmasına dair zəruri təcrübəyə və “nou-hau”ya malik deyildi, və nəticədə bizim tərəfimizdən verilən təklifə əsasən Socar Trading SA şirkəti quruldu. Bunun nəticəsi olaraq, Azərbaycanın xam neftinin dəyəri dünya bazarlarında qalxdı və brend kimi qəbul olundu. Beləliklə, bizim təklifimiz Azərbaycan ucun onun xam neftinin dəyərinin qalxmasına və ümumilikdə isə ölkə iqtisadiyyatının inkişafına xidmət etdi.

Təklifimizə əsasən Socar Trading SA fəaliyyətinin ilk illərində bizim tərəfimizdən tam olaraq maliyyələşdirilməli idi. İlkin razılaşmaya əsasən belə əməkdaşlıq 5 il sürməli idi və müsbət nəticələr əldə olunduqda ARDNŞ şirkətin bütün səhmlərinə sahib çıxmalı və biz isə - az paya sahib olan təsisçilər kimi öz paylarımızı 5 il sonra mövcud olan bazar dəyərinə uyğun olaraq ARDNŞ-nə satmaq öhdəliyi daşıyırdıq.

Razılaşmaya əsasən ARDNŞ nəzarət funksiyalarını özündə saxlayırdı və biz isə az paya sahib olan payçılar kimi onun biznes fəaliyyətinə qarışmamaq öhdəliyi daşıyırdıq. Həmin şirkətin inkişafına mənim tərəfimdən külli miqdarda vəsaitlər xərclənilib və Global Witness təşkilatının qeyd etdiyi rəqəmlər heç də dəqiq olan rəqəmlər deyildi. Məsələn, 2008-ci ildə dünyanı maliyyə böhranı bürüyəndə Socar Trading SA ciddi maliyyə problemləri ilə üzləşdi və ARDNŞ ona maddi cəhətdən dəstək verməyə tərəddüd etdiyi zaman, mən payçılarından biri olaraq, Socar Trading SA şirkətinə maliyyə dəstəyi göstərdim və onun iflas olmasına imkan vermədim.

Yeri gəlmişkən, Global Witness təşkilatının hesabatında səslənən daha bir iddiaya cavab vermək istərdim. Hesabatda səslənən iddianın əksinə olaraq, mən heç bir zaman Azərbaycanın xam neftinin satışında iştirak etməmişəm. Bu müstəsna hüquq yalnız Azərbaycan dövlətinə və ARDNŞ özünə və onun Marketinq və Əməliyyatlar İdarəsinə məxsusdur və mən heç bir zaman bu proseslərə müdaxilə etməmişəm və heç şübhəm yoxdur ki, ümumiyyətlə, bu cur müdaxiləyə dövlətimiz heç bir zaman imkan yaratmaz”.

O korrupsiya iddialarına cavab verib. “Həmin hesabatda mənim korrupsiya əməliyyatlarında iştirak etdiyimi əsassız olaraq iddia edirlər. Bu isə məndə Global Witness ünvanlamaq istədiyim əks suallar doğurur “nə vaxtdan ARDNŞ ilə əməkdaşlıq və ona beynəlxalq layihələrin həyata kecirilməsində dəstək etmək korrupsiya əməliyyatı sayılır?”, “nə zamandan azərbaycanlı iş adamı olmaq cinayət əlamətidir?”, Əliyev qeyd edib.

Anar Əliyev Global Witness təşkilatının sorğularına cavab verməməsini isə vaxtının az olması ilə izah edib.

“Mənim həddindən artıq məşğul olduğum və çoxsaylı səfərlərdə olmağım səbəbindən heç bir məktub və sorğu diqqətimə çatdırılmayıb.

O Global Witness-i məhkəməyə verəcəyini də istisna etmir.

“Hazırda yerli və beynəlxalq mütəxəssislərdən və hüquqşünaslardan ibarət peşəkar bir komanda bunun üzərində çalışır. Biz hər hansı bir məsələnin sivil yollarla çözülməsinin tərəfdarıyıq. Global Witness təşkilatının sözlərinə görə, onlara müvafiq təkziblər və sübutlar təqdim olunduğu halda, hesabatlarındakı bəyanatları təkzib edə bilərlər. Hər halda, şərəf və ləyaqətimi və həmçinin işgüzar nüfuzumu qorumaq ucun bütün vasitələrdən istifadə edəcəm. Təbii ki, belə bir halda məhkəməyə müraciət etməyim də istisna deyil”, o qeyd edib.
XS
SM
MD
LG