Accessibility links

Nəsimi rayon Məhkəməsi Anar Məmmədlinin ev dustaqlığı ilə bağlı vəsatətini təmin etməyib


Anar Məmmədli

Anar Məmmədli

Vəkil məhkəmənin qərarının qanunsuz olduğunu bildirib

Bakının Nəsimi rayon Məhkəməsi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətini təmin etməyib.

Məhkəmə vəsatətə bu gün hakim Rəşid Səmədovun sədrliyi ilə baxıb.
Vəkil Elçin Sadıqov Amerikanın Səsinə məhkəmənin qərarının qanunsuz olduğunu bildirib. Qərardan apellyasiya şikayəti veriləcək.

Anar Məmmədli barəsində dekabrın 16-da 3 ay həbs qətimkan tədbiri seçilib. O vergi ödənişindən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıqda ittiham edilir.

Məmmədli ittihamları təkzib edir. Cinayət işini siyasi və təşkilatının 9 oktyabr prezident seçkilərini monitorinqi və seçkilərlə bağlı qiymətləndirmələrlə bağlı olduğunu hesab edir.

Dekabrın 23-də Bakı Apellyasiya Məhkəməsi Anar Məmmədlinin üç ay müddətinə həbs qətimkan tədbirini qüvvədə saxlayıb.

Amnesty İnternational Anar Məmmədlini “vicdan məhbusu” kimi tanıyıb. Çoxsaylı beynəlxalq və yerli hüquq müdafiə təşkilatları Məmmədlinin dərhal azadlığa buraxılması tələbi ilə bəyanatlarla çıxış edib.

Dekabrın 24-də Amerika Dövlət Departamenti Anar Məmmədlinin dərhal azadlığa buraxılması barədə bəyanat yayıb.

“Biz Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) sədri Anar Məmmədlinin həbsindən dərin narahatlıq keçiririk. Biz hüquqi proses davam edirkən cənab Məmmədlinin dərhal azad edilməsinə çağırırıq. Biz bu məsələni Azərbaycan hökumətinin yüksək rütbəli rəsmiləri qarşısında qaldırmışıq və qaldırmaqda davam edəcəyik. Biz SMDTM-nin və Azərbaycan Könüllülər İctimai Birliyinin üzərində aparılan təhqiqatı yaxından izləməkdə davam edirik”, sənəddə qeyd edilir.
XS
SM
MD
LG