Accessibility links

Anar Məmmədlinin apellyasiya şikayəti üzrə hazırlıq iclası keçirilib


Anar Məmmədli (Foto azadxeber.net saytından götürülüb)

Anar Məmmədli (Foto azadxeber.net saytından götürülüb)

O cinayət işinin siyasi motivli olduğunu bildirib

Avqustun 22-də Bakı Apellyasiya Məhkəməsində (BAM) hakim Əflatun Qasımovun sədrliyi ilə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) həbsdə olan rəhbəri Anar Məmmədlinin və daha iki fəalın – Bəşir Süleymanlı və Elnur Məmmədovun işi üzrə hazırlıq iclası keçirilib.

İclasın əvvəlində müdafiə tərəfi həbsdə olan Məmmədlinin və Süleymanlının vəkillərin yanında oturmasına icazə verilməsi haqqında vəsatət qaldırıb. Lakin hakim vəsatəti təmin etməyib.

Daha sonra vəkil Fariz Namazlı bütün müdafiəçilərin adından Məmmədli və Süleymanlı barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi haqqında ümumi vəsatət irəli sürüb.

Həmçinin müdafiə tərəfi qismən təkrar məhkəmə istintaqı aparılması, xüsusən birinci instansiya məhkəməsində özlərini zərərçəkmiş hesab etmədiklərini bəyan etmiş 18 nəfərin yenidən dindirilməsi haqqında vəsatət qaldırıb.

Apellyasiya Məhkəməsi onları yenidən dindirə və onların zərərçəkmiş statusunu ləğv edə bilər.

Bundan başqa, vəkil Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda və ya seçkilərin nəticələrinə təsir etmək məqsədilə törədildikdə) maddə üzrə ittihamın anlaşılmadığını bildirib.

Namazlı qeyd edib ki, Cinayət Məcəlləsinin bu maddəsində “ağır nəticələr” dedikdə nə nəzərdə tutulduğu izah olunmur və seçkilərin nəticələrinə necə təsir edilə biləcəyi dəqiqləşdirilmir. Hökmdə həmçinin bu maddə üzrə müttəhimlərin ittiham olunduğu konkret əməllər göstərilməyib.

Müdafiə tərəfi bununla əlaqədar olaraq Konstitusiya Məhkəməsinə CM-in 308.2-ci maddəsi üzrə şərh verilməsi haqqında sorğu göndərməyi təklif edib.

Müdafiə tərəfi eyni zamanda Vergilər Nazirliyinin əməkdaşı Rəfael Ağayevin yenidən məhkəməyə çağırılması və onun hansı əsaslarla Ədliyyə Nazirliyində qeydiyyata alınmamış qrantları qanunsuz sahibkarlıq kimi təfsir etdiyinin aydınlaşdırılması haqqında vəsatət verib.

Apellyasiya şikayətində həmçinin hər üç fəala bəraət verilməsi haqqında məsələ qaldırılıb.

Anar Məmmədli özü xatırladıb ki, istintaq zamanı təqsirləndirilən şəxslər 2013-cü il prezident seçkilərinin nəticələri haqqında SMDT-nin hesabatı barədə dindiriliblər ki, bu da öz-özlüyündə işin siyasi motivli olduğunu göstərir.

Dövlət ittihamçısı Rəsul Abbasov bütün vəsatətlərə etiraz edib.

Müşavirədən sonra hakim Qasımov vəsatətlərin heç birinin təmin edilmədiyini elan edib və dinləmələri sentyabrın 5-nə təyin edib.

Anar Məmmədli 5,5 il müddətinə, SMDT-nin icraçı katibi Bəşir Süleymanlı və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Elnur Məmmədov isə 3,5 il müddətinə azadlıqdan məhrum edilib.

Onlar vergi ödənişindən yayınmaqda, qanunsuz sahibkarlıqda, mənimsəmədə və digər əməllərdə ittiham olunublar.

XS
SM
MD
LG