Accessibility links

Bloq: Angela Merkel - 10 il hakimiyyətdə


Almaniya kansleri Angela Merkel Münhendə Xristian Sosial Birlik CSU partiyasının qurultayında çıxış edir

Almaniya kansleri Angela Merkel Münhendə Xristian Sosial Birlik CSU partiyasının qurultayında çıxış edir

Kansler Angela Merkel Almaniyanın lideri kimi hakimiyyətdə 10-cu ilini qeyd edir. Almaniyanın ilk qadın lideri olan Merkel İkinci Dünya müharibəsindən sonra bu mühüm tarixi mərhələni keçən üçüncü kanslerdir. Angela Merkel 10 illik hakimiyyəti dövrü Avropada ən ciddi problemlərin həllində liderlik missiyasını öz üzərinə götürməklə Almaniyanın dünya səhnəsində güclənməsinə nail ola bilib.

Ukraynanın şərqində sülhə nail olmaq üçün kansler Angela Merkel, Rusiya prezidenti Vladimir Putin, Ukrayna prezidenti Petro Poroşenko və Fransa prezidenti Fransua Olland arasında danışıqlar

Ukraynanın şərqində sülhə nail olmaq üçün kansler Angela Merkel, Rusiya prezidenti Vladimir Putin, Ukrayna prezidenti Petro Poroşenko və Fransa prezidenti Fransua Olland arasında danışıqlar

Son illər işsizlik və maliyyə problemləri ilə qarşılaşan digər Avropa ölkələrindən fərqli olaraq dünyanın iqtisadi cəhətdən ən güclü ölkələrindən biri olaraq qalan Almaniya Avropada super gücə çevrilib. Angela Merkelin bəzən "Avropanın kansleri" adlandırılması buna görə təsadüfi deyil.

Avro zonada maliyyə problemlərindən tutmuş, Rusiyanın Ukraynanın Krım yarımadasını işğal etməsi və Ukraynanın şərqində Rusiya tərəfdarı separatçılarla münaqişəyə son qoymaq üçün razılığın əldə edilməsinə qədər Merkel ən çətin problemlərin öhdəsindən gələ bilib. Lakin sarsılmaz və qətiyyətli siyasətçi olan Angela Merkel bu gün Avropada İkinci Dünya müharibəsindən sonra ən ciddi miqrant böhranı kimi bir sınaq qarşısındadır.

Macarıstan-Serbiya sərhədinə toplaşmış miqrantlar əllərində "Merkel" yazılmış plakat tutub

Macarıstan-Serbiya sərhədinə toplaşmış miqrantlar əllərində "Merkel" yazılmış plakat tutub

Yaxın Şərq, Afrika və Asiyada münaqişələrdən qaçan yeddi min miqrantın hər gün Almaniyaya daxil olması və bu axının davam etməsi artıq narahatlıqla qarşılanır. Keçən həftə Parisdə terror aksiyalarından sonra isə təhlükəsizlik məsələsi əsas sınaqdır. Avropa ölkələri arasında gömrük-nəzarət yoxlanışı olmadan səfərlərə imkan verən Şengen razılaşmasının pozula bilməsi da miqrant böhranı ilə əlaqədar gündəmdədir.

Miqrant böhranı 2005-ci ildə hakimiyyətə gəldikdən sonra ilk dəfə olaraq Merkelin populyarlıq reytinqlərində əks olmağa başlayıb. Bu ilin aprel ayında keçirilmiş rəy sorğuları almanların 75 faizinin onun işindən razı olduğunu göstərirdisə, bu rəqəm keçən həftə 49 faizə enib. Bəziləri hətta Angela Merkel erasının sonunun yaxınlaşlb-yaxınlaşmadığını sual etməyə başlayıb. Lakin təhlilçilər tələsməyi məsləhət görmür.

Kansler Angela Merkel ABŞ prezidenti Barak Obama ilə Almaniyada Böyük 7-lərin sammitində

Kansler Angela Merkel ABŞ prezidenti Barak Obama ilə Almaniyada Böyük 7-lərin sammitində

Almanların çoxu ölkədə iqtisadi durumdan razı olduqlarını bildirir. Angela Merkel hakimiyyətdə 10-cu ilini qeyd etdiyi zaman ölkədə işsizlik səviyyəsi 6 faiz səviyyəsində qalır. 10 il əvvəl bu göstərici 11 faiz təşkil edirdi. Kanslerin gələcək planları, yəni 2017-ci ildə dördüncü müddətə seçilmək üçün yarışlara qoşulub-qoşulmayacağı da hələ aydın deyil. Merkel özü bu suala hələ cavab verməyib.

Lüteran pastorun 61 yaşlı qızı Angela Merkel 15 ildir partiyasının lideri və 10 ildir kanslerdir. Merkel dünya miqyasında ən nüfuzlu liderlərdən biridir. "Forbes" jurnalı dünyanın ən nüfuzlu liderləri siyahısında Angela Merkeli Rusiya prezidenti Putindən sonra ikinci yerdə göstərib. "Forbes"un 2015-ci ildə dünyanın ən nüfuzlu qadınları siyahısında isə Merkel yenə də birinci yerdədir.

Almaniya Böyük 7-lər sammiti

Almaniya Böyük 7-lər sammiti

Son 12 ildə jurnalın nüfuzlu qadınları siyahısında 10 dəfə göstərilən Almaniya kansleri 9 dəfə ən yuxarı yeri tutub. Bu seçimlər zamanı liderlərin həll etdiyi problemlərin miqyası, idarə etdikləri maliyyə resursları, nüfuz dairəsi və onların fəaliyyətinin dünyaya göstərdiyi təsirlər əsas kriterayalar olaraq götürülür.

Angela Merkel Almaniyanın təkcə ilk qadın deyil, həm də kommunist Şərqdə anadan olub boya-başa çatmış ilk lideri kimi Almaniya tarixində artıq xüsusi yerə malikdir. Onun siyasi irsinə gəldikdə isə Avropanın bu gün qarşılaşdığı miqrant böhranı və təhlükəsizlik kimi çətin problemlərin həllinin buna yəqin ki təsiri olacaq.

Dilşad Əliyarlının "Qadın dünyası" bloqunu burada izləyə bilərsiniz.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG