Accessibility links

Anjey Kaspşik: Atəşkəs rejiminin pozulması halları yüksəkdir


Anjey Kaspşik

Anjey Kaspşik

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi bu il itkilərin sayının əvvəlki ilə nisbətən daha çox olduğunu bildirir

Son zamanlar təmas xəttində (Ermənistan və Azərbaycan qoşunlarının təmas xətti nəzərdə tutulur-Amerikanın Səsi) və sərhəddə (Ermənistan-Azərbaycan sərhəddi-Amerikanın Səsi) narahatlıq doğuran hadisələrin baş verməsi barədə məlumatlar gərginliyin yüksək olduğunu göstərir. Bunu Trend agentliyinə eksklüziv müsahibəsində ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik deyib.

A.Kaspşik qeyd edib: "Hər bir itki faciədir. Bu, təkcə zərərçəkənlərin ailələrinin faciəsi deyil. Komandam və mən müntəzəm olaraq cəbhə xəttində monitorinqlər keçiririk. Sonuncu monitorinqlərimiz mayın 19-da və iyunun 10-da keçirilib. Bu monitorinqlər zamanı əldə etdiyimiz hesabatlar da bu mənzərə ilə üst-üstə düşür. Hadisələr müəyyən yerdə baş verir, lakin gərginlik təmas xətti boyunca yayılır".

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin sözlərinə görə, atəşkəs rejimi tərəflərin əldə etdiyi saziş və onların siyasi iradəsi nəticəsində qüvvədədir: "Təmas xəttində və sərhəddə atəşkəs rejiminin qoşunlar tərəfindən pozulmamasını təmin etmək hər iki tərəfin məsuliyyətindədir. Atəşkəs rejiminə dair sazişin icra olunması müvafiq qoşunların komandirlərindən asılıdır. Hər bir atəşkəs rejiminin pozulması halı onun icrasının yaxşılaşdırılmasına ehtiyac olduğunu göstərir".

A.Kaspşik bildirib ki, ATƏT sədrliyi, Minsk qrupunun həmsədrləri və özü atəşkəs rejiminin gücləndirilməsi və bu hadisələrin nəticələrinin azaldılması yollarını tapmaq istiqamətində çalışır: "Müvafiq təkliflər hazırlanıb və baxılması üçün təqdim edilib. Atəşkəs sazişinə riayət edilməsində əsas məsuliyyət tərəflərin üzərinə düşür. Mən özümdə də komandamızın təhlükəsizliyi məsələsinə görə narahatlıq keçirirəm. Belə ki artan gərginlik bizi təmas xətti boyunca səngərlərdə vəzifəmizi yerinə yetirərkən risk altına atır".

Bu ilin əvvəlindən atəşkəs rejiminin neçə dəfə pozulması sualına cavabında A.Kaspşik bildirib: "Bu kimi statistika üçün bizə verilən məlumatlara və hərbi qurumlar tərəfindən dərc olunan məlumatlara əsaslanırıq. Belə məlumatlara görə, açılan atəş sayı və atəşkəs rejiminin pozulması halları yüksəkdir. Bu il itkilərin sayı əvvəlki ilə nisbətən daha çoxdur".
XS
SM
MD
LG