Accessibility links

Elmar Məmmədyarov: ABŞ anti-Azərbaycan kampaniyasına aydınlıq gətirməlidir


Xarici işlər naziri Elmar Məmmədyarov

Xarici işlər naziri Elmar Məmmədyarov

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ dövlət katibi Con Kerrinin Konqresdəki ofisi tərəfindən Azərbaycana qarşı kampaniya aparıldığı barədə Azərbaycanın rəsmi və iqtidaryönümlü mediasında yayılan məlumatlara münasibət bildirib.

E. Məmmədyarov APA agentliyinin, - “APA tərəfindən ABŞ dövlət katibi Con Kerrinin Konqresdəki ofisindən Azərbaycana qarşı kampaniyanın aparıldığı barəsində məlumatlar verilib və hətta sənədlər təqdim olunub. Bunlar ABŞ-ın dövlət səviyyəsində Azərbaycana qarşı iş aparmasından xəbər vermirmi?”, sualını belə cavablandırıb:

Təhlillər onu sübut edir ki, ABŞ-da olan müəyyən insanlar “insan hüquqlarının müdafiəsi”ni yalnız vasitə kimi istifadə edərək, məqsədyönlü şəkildə Azərbaycana qarşı əks kampaniya aparırlar.

Elmar Məmmədyarov

“Bu davam edən vəziyyət təəccüb və ciddi narahatlıq doğura bilər. Təhlillər onu sübut edir ki, ABŞ-da olan müəyyən insanlar “insan hüquqlarının müdafiəsi”ni yalnız vasitə kimi istifadə edərək, məqsədyönlü şəkildə Azərbaycana qarşı əks kampaniya aparırlar.

Göründüyü kimi, bu anti-Azərbaycan kampaniyası müxtəlif ictimai və media təzyiq vasitələri ilə yalnız Azərbaycanın beynəlxalq imicinə xələl gətirməklə məhdudlaşmır, eləcə də Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərir.

Azərbaycanın ev sahibliyi etdiyi birinci Avropa Oyunları ərəfəsində dünya mediası tərəfindən ölkəmizə artan marağın fonunda bu qüvvələr “Soyuq müharibə” dövrünə xas əks-təbliğat metodları ilə mövcud şəraitindən öz çirkin məqsədləri üçün fəal şəkildə istifadə etməyə çalışırlar.

Amma onlar hələ də başa düşmürlər ki, bu kimi birbaşa əks-təbliğat əməlləri ilk növbədə Azərbaycan xalqının hisslərinə toxunur. Mövcud sabitlik və inkişaf üçün Azərbaycan xalqı çox böyük əziyyətlərdən keçib. Bu kampaniyanın arxasında duran şəxslər Azərbaycanın son on ildə əldə etdiyi nailiyyətlərini, xüsusilə ÜDM-in 3.5 dəfə artmasını və yoxsulluğun 50 faizdən 4 faizdən aşağı həddə düşməsini düzgün ölçə bilmirlər. Bunlar faktlardır və Azərbaycan xalqı bunu çox yaxşı bilir.

Digər görünən məqam Azərbaycanın ikili standartların hədəfi olmasıdır. Belə ki, Ermənistan tərəfindən beynəlxalq hüquqa zidd olaraq, Azərbaycana qarşı təcavüz və işğal törədilməsinə baxmayaraq, bu işğal faktına adekvat münasibət müvafiq qaydada nümayiş etdirilməyib.

Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün Ümumdünya İnsan hüquqları Bəyannaməsinə ciddi şəkildə zidd olaraq, pozulmuş hüquqlarına sərgilənən biganəlik və etinasızlığın fonunda, insan hüquqlarının qayğısına qalmağa iddia etmək əsl məqsədin insan hüquqları və demokratiyadan tamamilə uzaq olduğunu sübut edir.

Ciddi narahatlığa səbəb sənədlərdə adı çəkilən demək olar ki, bütün QHT və digər təsisatların ABŞ-ın rəsmi strukturları ilə yaxından işləməsi və dövlət büdcəsi hesabına maliyyələşdirilmələridir. ABŞ erməni lobbisi ilə sıx əlaqələri olan bəzi fərdlər də bu prosesə cəlb olunublar.

ABŞ Administrasiyasından gözləntimiz bu dövlət büdcəsi hesabına maliyyələşən təsisatların anti-Azərbaycan kampaniyasına aydınlığın gətirilməsidir. İndiyə qədər olan təəssürat ondan ibarətdir ki, bu, Azərbaycan-ABŞ əlaqələrinin inkişafını istəməyən şəxslər tərəfindən idarə olunur və hətta onlar əvvəlki Administrasiyaların dövründə qazanılmış ikitərəfli əlaqələrə daha çox zərbə vururlar”, nazir Elmar Məmmədyarov APA agentliyinə bildirib.

ABŞ səfirliyi aprelin 29-da Azərbaycanın bir sıra media vebsaytlarında yayılmış və nazir Məmmədyarovun açıqlaması ilə səsləşən "Con Kerrinin Konqresdəki ofisindən idarə olunan anti-Azərbaycan kampaniyası" başlıqlı yazıya cavab verib. Səfirliyin açıqladığı bəyanatda deyilir:

Birləşmiş Ştatların Azərbaycan hökumətini devirmək istiqamətində işləməsi barədə iddiaları tamamilə əsassızdır və bizim dövlətlərimiz arasında iyirmi ildən artıq mövcud olan əməkdaşlığa qeyri-ədalətli yanaşmadır.

ABŞ səfirliyi

"ABŞ Səfirliyi bu yaxında dərc olunan və ABŞ-Azərbaycan münasibətlərini hədəfə alan media məqalələrindən agahdır. Birləşmiş Ştatların Azərbaycan hökumətini devirmək istiqamətində işləməsi barədə iddiaları tamamilə əsassızdır və bizim dövlətlərimiz arasında iyirmi ildən artıq mövcud olan əməkdaşlığa qeyri-ədalətli yanaşmadır. Birləşmiş Ştatlar Azərbaycanın müstəgilliyinin ilkin çağlarından Azərbaycanla çiyin-çiyinə dayanaraq, Əsrin Kontraktını dəstəkləmək də daxil olaraq, Azərbaycanın suverenliyinin və uğurunun təminatına fəaliyyətlər göstərmişdir.

Bizim əməkdaşlığımız zaman boyu yalnız genişlənmişdir. Amerika Azərbaycanın BMT-ın Təhlükəsizlik Şurasında təmsil olunduğu vaxtdan Azərbaycanla sıx şəkildə işləmişdir. Birləşmiş Ştatlar 1992-ci ildən bəri Azərbaycana humanitar yardım da daxil olmaqla deyəri 1,3 milyard ABŞ dollarından artıq yardımlar göstərmişdir. Sözügedən yardımlar müxtəlif sahələrə yönəlmişdir və bu sırada sağlamlığın qorunması və sanitariya, 5000 nəfərdən çox azərbaycanlının ABŞ-da təhsilinin və təliminin təminatı, Azərbaycan qadınlarının biznesdə və digər sahələrdə rolunun gücləndirilməsi, fermerlərə gəlirlərinin artırılması və işlərinin səmərəsinin artırılması üçün texniki yardım və Azərbaycana qlobal təhlükəsizliyin təminatında və terrorçuluğa qarşı mübarizədə öz dəyərli rolunu oynamağa dəstək verən hərbi əməkdaşlıqdır.

Bizim Azərbaycana göstərdiyimiz dəstək ABŞ hökumətinin ən yüksək səviyyələrindən gəlir. Dövlət Katibi Kerri Prezident Əliyevlə həm görüşlər zamanı, həm də əlaqə saxlayaraq tərəfdaşlığımızın gücləndirilməsini müzakirə edib. Sübhəsiz ki, Birləşmiş Ştatlar Azərbaycanla tərəfdaşlıq edərək Azərbaycanın mümkün dərəcədə müstəqil, sabit, zəngin və demokratik gələcəyinin təminatı öhdəliyinə sadiqdir", bəyanatda qeyd edilir.

Elə həmin gün ABŞ Dövlət Departamentinin gündəlik brifinqində Azərbaycanla bağlı sualları cavablandıran Marie Harf haqqında söz gedən məqalədəki ittihamların "tamamilə əsassız və həqiqətdən uzaq" olduğunu bildirib. "Azərbaycanın suverenliyi və müstəqilliyinə olan dəstəyimiz təkcə sözlərlə məhdudlaşmayıb," deyə xanım Harf bildirib.

Daha sonra məhbus jurnalist Xədicə İsmayılovaya verilən töhmətlə bağlı reaksiyanı açıqlayan Dövlət Departamentinin sözçüsü öz düşüncələrini ifadə etdiklərinə görə həbs olunan bütün şəxslərin azadlığa buraxılmasına çağırıb. Azərbycan hökumətini "öz vətəndaşlarının universal hüquqlarına hörmət etməyə və onlara öz fikirlərini sərbəst ifadə etmək imkanı verməyə" çağırıb.

XS
SM
MD
LG