Accessibility links

AŞPA Azərbaycanı cinslərin disproporsiyasının səbəblərini araşdırmağa çağırıb


AŞPA Azərbaycanı cinslərin disproporsiyasının səbəblərini araşdırmağa çağırıb
AŞPA Azərbaycanı cinslərin disproporsiyasının səbəblərini araşdırmağa çağırıb

Təbii hal kimi cinslərin nisbəti 100 qıza 105 oğlandır. Azərbaycan, Albaniya və Ermənistanda bu göstərici 100-ün 112-yə, Gürcüstanda 100-ün 111-ə nisbətindədir.

Avropa Şurası Parlament Assambleyası (AŞPA) bəzi Avropa ölkələrində körpələr doğularkən cinslərin disproporsiyası ilə bağlı narahatlığını bildirib. Turan Agentliyinin məlumatına görə, AŞPA əsasən Azərbaycan, Gürcüstan, Albaniya və Ermənistanı cinslər nisbətində disproporsiyanın səbəblərini araşdırmağa çağırıb. Eyni zamanda qeyd olunub ki, təbii hal kimi cinslərin nisbəti 100 qıza 105 oğlandır. Azərbaycan, Albaniya və Ermənistanda bu göstərici 100-ün 112-yə, Gürcüstanda 100-ün 111-ə nisbətindədir. İsveçrəli deputat Doris Stampın məruzəsi əsasında qəbul olunmuş qətnamədə 4 ölkənin hakimiyyətləri “cins seçiminin faciəvi nəticələrinin araşdırılması məqsədilə tibbi personalın hazırlanmasını dəstəkləməyə”, həmçinin “cəmiyyətdə qadınların statusunun artırılması üzrə səylərin canlandırılmasına” çağırıb. Əsasən gender bərabərliyi məsələsi üzrə siyasətin və qanunların həyata keçirilməsinin təmin olunması təklif olunur. Əlaqədar hökumətlər doğuş zamanı cinslərin nisbətinə dair səhih məlumatlar toplamalıdır. Assambleya AŞ üzvü olan dövlətləri yardımçı reproduktiv texnologiyalar kontekstində cinslərin seçimini qadağan edən qanunvericilik normasının tətbiqinə çağırıb. Həmçinin abortlardan qaçmaq tövsiyə olunur, “buna yalnız bir halda yol verilə bilər ki, ciddi irsi xəstəliklər ehtimal olunsun”. Vətəndaş cəmiyyətinin imkanlarından istifadə etməklə informasiya-təbliğat kampaniyasının keçirilməsi təklif olunur. Assambleya BMT Əhali Fondunu, BMT İnkişaf Proqramını və Ümumdünya Səhiyyə Təşkilatını (ÜST)gələcək uşağın cinsinin seçimi ilə mübarizədə işin effektivliyini artırmağa çağırıb. AŞPA BMT qadınlara qarşı diskriminasiyanın aradan qaldırılması üzrə Komitəyə gələcək uşağın cinsinin seçimi məsələsinə qadınlara qarşı diskriminasiyanı gücləndirən hal kimi baxılmasını tövsiyə edib. AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva müzakirələri şərh edərkən bildirib ki, Azərbaycanda bu istiqamətdə iş aparılır. “Məruzədə qeyd olunub ki, Azərbaycanda vəziyyət onunla fərqlənir ki, hökumət cinslərin seçimi ilə bağlı problemi bilir və onun həlli üçün konkret addımlar atır”, - deyə xanım Paşayeva vurğulayıb.

XS
SM
MD
LG