Accessibility links

Həmməruzəçilər Bakıda iyunun 12-dən səfərdədir. İyunun 14-də onlar Quba rayonuna səfər edəcək.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmmərəzçiləri Azərbaycana səfərlərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib. Həmməruzəçilər Jozef Debono Qrex və Pedro Aqramunt bu ilin sonunadək ölkə ilə bağlı hesabatlarını AŞPA-ya təqdim edəcəklərini bildirib.

Həmməruzəçilər səfər zamanı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, baş prokuror, Ali Məhkəmənin sədri, Milli Məclisdə təmsil olunmayan siyasi partiyalar, vətəndaş cəmiyyəti, KİV və dini konfesiyaların təmsilçiləri ilə görüşlər keçirib.

Pedro Aqramunt bu gün “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyevin azadlığa buraxıldığını və onunla görüşdüklərini bildirib. O həmçinin dünən saxlanmış fotoreportyor Mehman Hüseynovun həbsdən azad edilməsi ilə bağlı prokurorluqdan məlumat aldıqlarını deyib. “On beş dəqiqə öncə bildirdilər ki, o da azadlığa buraxılacaq”.

Halbuki həmməruzəçi bu bəyanatı verəndə istintaq jurnalistə qarşı ittihamı daha ağır ittihamla əvəz edib və o həbsdən azad edilməyib.

Pedro Aqramunt 2011-ci ilin aprel-may aylarında həbs edilmiş 17 nəfərdən yalnız 7-nin həbsdə qaldığını bildirib. “Prezident Administrasiyasında bu məsələni müzakirə etmişik. Ümid edirik ki, onlar yaxın zamanda azadlığa buraxılacaq”.

Bu zaman jurnalistlər həmməruzəçinin dedikləri ilə razılaşmayıb. Beynəlxalq hüquq müdafiə təşkilatlarının vicdan məhbusu kimi tanıdığı hazırda həbsdə olan 11 nəfərin (Zülfüqar Eyvazlı, Sahib Kərimov, Babək Həsənov, Arif Hacılı, Tural Abbaslı, Məhəmməd Məcidli, Rüfət Hacıbəyli, Əhəd Məmmədli, Ülvi Quliyev, Şahin Həsənli, Vidadi İsgəndərli) adlarını sadalayıb.

Hüquq müdafiəçisi Leyla Yunusun həmməruzəçiləri hakimiyyətdən rüşvət almaqda ittiham etməsi barədə sualın cavabında Agramunt deyib ki, bu ittiham böyük yalandır.

“Leyla Yunusla burada görüşdüm. O mənə deyib ki, 60 000 insan evlərinin sökülməsindən əziyyət çəkir. Amma, nə qədər insanın evinin sökülməsinə görə kompensasiya aldığını soruşanda, o, cavab verdi ki, sual düzgün qoyulmayıb. Daha, ona deməyə sözüm yoxdur”.

Jozef Qrex də korrupsiya ilə bağlı ittihamları yalan adlandırıb. “42 il parlamentin üzvü olmuşam və heç kim məni korrupsiyada ittiham etməyib. Heç kimin agenti deyiləm. Biz Azərbaycana kömək etməyə gəlmişik. Gəlmişik Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü vəzifə və öhdəliklərini yerinə yetirməsinə nəzarət edək. Biz öz işimizi görürük. Gördüyünüz kimi, bu işimizin nəticələri də var. Bir daha qeyd edirəm, deyilənlər yalandır”.

Həmməruzəçilər Bakıda iyunun 12-dən səfərdədir. İyunun 14-də onlar Quba rayonuna səfər edəcək.

Turan Ağentliyi bildirir ki, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus isə bu gün keçirdiyi mətbuat konfransında həmməruzəçiləri korrupsiyaya uğramış siyasətçilər adlandırıb. Xanım Yunusun dediyinə görə, AŞPA monitorinq komitəsinin Azərbaycan üzrə məruzəçiləri Pedro Aqramunt və Jozef Debona Qrex insan hüquqlarının pozulması faktlarını etiraf etmək istəmir.

O hesab edir ki, məruzəçilər tamahkar məqsəd güdür, Azərbaycan hökumətindən rüşvət alıb. Xanım Yunus bildirib ki, bu iddialarına onların Azərbaycandakı vəziyyət haqqında məruzələrinin ilkin variantı və məruzəçilərlə dünənki görüş əsas verib. “Məruzəçilər, faktiki olaraq, insan hüquqlarının pozulması faktları haqqında onlara təqdim edilmiş bütün materiallara məhəl qoymayıb və onları ilkin hesabatlarına daxil etməyib. Belə bir təəssürat yaranır ki, bu sənədi Azərbaycan prezident administrasiyasında yazıb. Xüsusən, Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında Turac Zeynalovun işgəncələrdən ölməsi, naxçıvanlı fəal Zeynal Bağırzadəyə qarşı işgəncələr, “Xəyal” telekanalının iki jurnalistinə qarşı işgəncə faktları hesabatda yer almayıb. “İfadə azadlığı” fəslində jurnalistlər Əvəz Zeynallının, Anar Bayramlının həbsi, İdrak Abbasovun döyülməsi və Xədicə İsmayılovanın təqib olunması faktları əks olunmayıb. “Birləşmək azadlığı” ilə bağlı müstəqil QHT-lərin qeydiyyatından imtina problemi yer almayıb. Vətəndaşların kütləvi şəkildə evlərindən köçürülməsinə gəlincə, məruzəçilər əsassız olaraq sakinlərin “mütləq əksəriyyətinin” kompensasiyalardan razı qaldığını iddia edir. Onlar köçürülmənin şəhərsalma planına uyğun olaraq həyata keçirildiyini qeyd edir. Lakin Bakının yeni baş planı yoxdur, köhnəsinin müddəti isə 2005-ci ildə başa çatıb”.

“Vətəndaşların kompensasiya həcmindən razılığına gəlincə, onların bu rəqəmləri haradan aldıqları aydın deyil, çünki özləri heç kimlə görüşmədiklərini etiraf edirlər”, deyə vəkil Fuad Ağayev bildirib.
Bu zaman məruzəçilər heç kimin mülkiyyətinin məhkəmə qərarı olmadan dağıdıla bilməyəcəyi faktına məhəl qoymayıblar. Bundan başqa, bakılıların evləri məhkəmələrin söküntünün dayandırılması haqqında qərarlarına belə baxmadan sökülüb.
Vəkil Ağayev məruzəçilərin hər kv. m. üçün 1900 dollar kompensasiyanın məqbul olduğu barədə iddialarının əsassız olduğunu bildirib. “Bir daxma və bir memarlıq abidəsi, köhnə bir ev və yenicə əsaslı təmir olunmuş mənzil üçün eyni məbləği ödəmək olmaz”, deyə o bildirib.
O, məruzəçilərin alqı-satqı müqavilələri haqqında mövqeyini əsassız adlandırıb. İnsanlar özləri alqı-satqı müqavilələrini imzalayıblar, çünki onlara təzyiq göstərilib və onlar zorla köçürülmə və bomja dönmə təhlükəsi ilə üz-üzə qalıblar, deyə vəkil bildirib.
“Dünənki görüşdə Mora mənə nə qədər kompensasiya təklif olunduğunu soruşdu. Cavab verdim ki: “Mənim önümə pul atırlarsa, onu heç vaxt götürmərəm. O sizsiniz ki, rüşvəti yalaya bilirsiniz””, deyə Yunus bildirib.
O hesab edir ki, məruzəçilər hökumət tərəfindən ələ alınıb və dəyişdirilməlidir, belə ki, onlar öz məruzələrində real vəziyyəti əks etdirmək niyyətində deyillər.
Xanım Yunus bildirib ki, ölkənin vətəndaş cəmiyyətinin 20 fəalı adından AŞPA-ya məruzəçilərə etimadsızlıq haqqında müraciət göndərilib.
Bundan başqa, AŞPA deputatlarına, beynəlxalq hüquq müdafiə təşkilatlarına müraciətlər göndərilib. “Bu müraciətlər “Mora-Qreş - korrupsiyaya uğramış siyasətçilər” şüarı ilə müşayiət olunacaq”, deyə Leyla Yunus vurğulayıb.

XS
SM
MD
LG