Accessibility links

ATƏT-in Minsk qrupunun həmsədri qismində Amerika Birləşmiş Ştatları Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə uzunmüddətli həllinin tərəfdarıdır.

Bu barədə Ağ Evin rəsmi saytında yerləşdirilən və 331 914 imza toplayan petisiyaya cavabda bildirilir.

"Biz tərəfləri təmkinli olmağa və dərhal Dağlıq Qarabağın ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması və Dağlıq Qarabağın statusunun müəyyən olunmasından ibarət olacaq danışıqlara başlamağa çağırmaqda davam edirik", - Ağ Ev administrasiyasının petisiyaya cavabında deyilir.

Qeyd olunur ki, ABŞ tərəflərlə daimi dialoq çərçivəsində humanitar məsələlərin müzakirəsinə yardım edəcək.

"Sərsəng su anbarının idarə olunması və qulluğu, bu məsələlərdən biridir. Biz su ehtiyatlarının idarə olunması və bəndin inspeksiyasının müzakirəsi üçün tərəflərin texniki ekspertlərinin görüşünü alqışlayırıq. Həmsədrlər belə görüşlərə yardım etməyə hazırdır".

Vurğulanır ki, bu münaqişənin həlli Ermənistan və Azərbaycan prezidentlərinin siyasi iradəsindən asılıdır.

"Minsk qrupunun həmsədr ölkəsi olaraq, biz regionda sülh və tərəqqinin olması üçün səylərimizi davam etdirəcəyik", administrasiya bildirir.

XS
SM
MD
LG