Accessibility links

Ağac kəsilməsinə etiraz edən sakinlər saxlanıb? [Video]


Polis saxlananların olmasını təsdiq etmir. Sakinlərin haraya aparıldığı məlum deyil.

Martın 25-də Bakının Yasamal rayonunun Mirəli Seyidov küçəsində ağacların naməlum şəxslər tərəfindən kəsilməsinə etiraz olaraq dünən iməcilik yolu ilə kəsilmiş ağacların yerində yeni ağaclar əkən sakinlərdən bir neçəsi bu gün saxlanıb.

Musavat.com saytının məlumatına görə martın 30-da səhər saatlarında özlərini hansısa departament işçiləri kimi təqdim edən şəxslər iməcilik keçirilərək ağac əkilən əraziyə gəliblər. Yasamal sakini Afət Quliyeva (politoloq Elxan Şahinoğlunun həyat yoldaşı) bildirib ki, həmin şəxslər özləri ilə əraziyə traktorlar da gətiriblər.

Afət Quliyevanın sözlərinə görə, departament işçiləri ağac kəsilməsi əməliyyatının davam etdiriləcəyini və iməcilik aksiyasına imkan verilməyəcəyini deyiblər.

Politoloq Elxan Şahinoğlunun həyat yoldaşı Afət Quliyeva onu da vurğulayıb ki, sakinlər həmin şəxslərin davranışlarına öz etirazlarını bildiriblər. Nəticədə sakinlərlə özlərini departament işçiləri kimi təqdim edən həmin şəxslər arasında mübahisə yaranıb. Bu mübahisə ilə bağlı sakinlər - politoloq Elxan Şahinoğlu, İsgəndər Talıblı və Elşad Abdullayev saxlanılaraq 22-ci polis bölməsinə aparılıb.

Afət Quliyevanın sözlərinə görə, əraziyə gələn həmin şəxslər sakinlərlə çox kobud rəftar ediblər: “Səhər tezdən traktor səsinə oyandıq. Gördük ki, ərazidə ağacları aşırmağa başlayıblar. Buna ciddi şəkildə etirazımızı bildirdik. Onlar bizi təhqir etməkdən çəkinmədilər. Saxlanılan İsgəndər Talıblını ən ağır söyüşlərlə təhqir etdilər. Həmin vaxt əraziyə toplaşan qadınları və azyaşlı uşaqları belə, nəzərə almadılar. Onların bu qeyri-etik davranışlarına etirazlarını bildirən həyat yoldaşım Elxan Şahinoğlu, İsgəndər Talıblı və Elşad Abdullayev həbs edilərək, 22-ci polis bölməsinə aparılıb. Hazırda ciddi cəhdlər göstərsək də, onlarla əlaqə saxlamaq hələlik mümkün olmayıb”.

Amerikanın Səsinin müxbiri politoloq Elxan Şahinoğlu ilə telefon əlaqəsi saxlamağa çalışıb və onun telefonu çağırsa da çağırışa cavab verən yoxdur.

Öz növbəsində, Nəsimi rayon Polis İdarəsinin və bu polis idarəsinin 22-ci Polis Bölməsinin növbətçi hissələrindən Amerikanın Səsinə sakinlərin saxlanmadığını bildiriblər. “Həmin ərazi Nəsimi rayonuna daxil deyil və 22-ci Polis Bölməsinə həmin ərazidən heç kim gətirilməyib”, növbətçi hissədən deyibllər.

Bununla yanaşı Yasamal rayon Polis İdarəsi və Mirəli Seyidov küçəsinin aid olduğu 28-ci Polis Bölməsindən də Amerikanın Səsinə adları sadalanan sakinlərin saxlanmadığını bildiriblər.
XS
SM
MD
LG