Accessibility links

Minlərlə insan işğal günündə şəhidlər xiyabanını ziyarət edib, “Şəhidlər” abidə kompleksinə əklil qoyub

İyulun 23-də Ağdam rayonunun işğalından 19 il keçir. Bu gün rayonun işğalı zamanı həlak olanların xatirəsi yad edilib. Minlərlə insan işğal günündə şəhidlər xiyabanını ziyarət edib, “Şəhidlər” abidə kompleksinə əklil qoyub.
Azərbaycanın rəsmi orqanlarının məlumatına görə, Ağdam rayonunun işğalında 6 mindən çox erməni hərbçisi iştirak edib. Rayonun işğalı ilə nəticələnən hücum əməliyyatı 1993-cü il mayın 11-dən başlayıb.
Hücum zamanı erməni hərbi qüvvələri Ağdam ətrafı yüksəkliklərdə rayon müdafiəçilərinin ciddi müqaviməti ilə rastlaşıb. “Yeddi Xırman” yüksəkliyi və digər hündürlüklər dəfələrlə əldən-ələ keçib. Ermənilər Ağdam uğrunda döyüşlərdə bir neçə min insan itirib. Rayon Azərbaycanda hərbi qiyam nəticəsində hakimiyyət dəyişdikdən sonra işğal olunub. Hərbi çevrilişdən sonra rayonun müdafiəçiləri arasında ikitirəlik yaranıb, rayonu Bakı ilə birləşdirən yollar Sürət Hüseynovun qanunsuz hərbi dəstələrinin nəzarətinə keçib, müdafiəçilərin silah və sursatı çatışmayıb. Beləliklə, ermənilər rayonunun 846,7 km, yəni ümumi ərazisinin 77,4 %-ni işğal edib. Hazırda 122 yaşayış məntəqəsindən 112-si ermənilərin işğalındadır.
İşğaldan əvvəl rayon ərazisində 175 400 nəfər azərbaycanlı yaşayıb. Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1094 kvadrat km. olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır.
Rayon işğal altında olan ərazisində qədim tarixə malik olan çoxsaylı memarlıq və incəsənət abidələri qalıb. Azərbaycan hakimiyyət orqanlarının məlumatına görə, işğal zonasında qalan Üzərlik Təpə abidəsi, rayonun Xaçındərbənd kəndindəki Qutlu Sarı Musa oğlu günbəzi (1314-cü il), Kəngərli kəndindəki türbə və daş abidələr (XIV əsr), Papravənd kəndindəki türbələr, məscid (XVIII əsr), Xanoğlu türbəsi (XVII əsr), Qarabağ xanı Pənahəli xanın Ağdam şəhərindəki imarəti (XVIII əsr), Natəvan və onun oğlunun türbəsi (XIX əsr), Şahbulaq qalası kimi tarixi və memarlıq abidələri məhv edilib. Ağdam rayonunda olan muzeylərdəki eksponatlar da talanıb. Belə ki, Ağdamdakı Çörək Muzeyi, Tarix Ölkəşünaslıq Muzeyi, tarzən Qurban Pirimovun Xatirə Muzeyi, Ağdam Şəkil Qalereyası talanıb.
XS
SM
MD
LG