Accessibility links

Satirik Həmid Arəşin ölümü azərbaycanlılar üçün böyük itki oldu


Satirik Həmid Arəşin ölümü azərbaycanlılar üçün böyük itki oldu
Satirik Həmid Arəşin ölümü azərbaycanlılar üçün böyük itki oldu

Həmid Arəş Azad ixtisasca müəllim idi. O gənc nəslin öz haqları uğrunda mübarizə aparmasını təbliğ edirdi. İranın islamçı rejimi onu müəllimlikdən məhrum edəndən sonra Arəş "satirik" yazıları ilə xalqı öz hüquqlarının müdafiəsinə səsləməyə başlayıb

Son həftələr Təbrizdə, Tehranda və İranın digər şəhərlərində Həmid Arəş Azad üçün yas mərasimləri təşkil edilir. Amma onun yas mərasimləri başqalarından fərqlənir. Onun yas məclislərində molla əvəzinə şairlər çıxış edir, mərsiyə əvəzində şerlər oxunur, aşıqlar "Yanıq Kərəmi” havası ilə mahnılar səsləndirir. Amerikanın səsi Həmid Arəşin qələm dostu Mirzə Şəhrəklə onun həyatı və yaradıcılığı barədə müsahibə keçirib.

Həmid Arəş Azad ixtisasca müəllim idi. O gənc nəslin öz haqları uğrunda mübarizə aparmasını təbliğ edirdi. İranın islamçı rejimi satiriki müəllimlikdən məhrum edib və gənclərlə görüşlərinə imkan verməyib. O bir müddət işsiz qalandan sonra "satirik" yazıları ilə xalqı öz hüquqlarının müdafiəsinə səsləyib.

Həmid Arəşin qələm dostu şair Mirza Şəhrək Amerikanın səsinə verdiyi müsahibədə deyir ki, ustad Yəhya Şeyda yazıçının qəzəllər yazmasını xahiş edib. “O qəzəl yazmaqda çox istedadlı idi, amma satiranı seçdi və beləliklə ömrünün son 30 ilində, fars və türk qəzetlərində satirik yazılar dərc etdirdi, hakimiyyəti tənqid etdi. Başqa qəzetlərlə yanaşı Həmid Arəş İranın ən tanınmış satirik qəzeti "Gül Ağa"da satiralar dərc etdirirdi. Həm Ayətullah Xomeyni və həm də Ayətullah Xameneyinin ona qarşı münasibəti yaxşı idi. Ona “Gül Ağa” qəzetində türk dilində də yazmağa imkan verilirdi. Qəzetdə Həmid Arəşin yazıları üçün ayrıca guşə ayrılmışdı. Fars dilində çap olunan islahatçı gündəlik qəzetlərdə də hər gün Həmid Arəşin yazıları çap olunurdu”.

Mirzə təxəllüsü ilə yazan Məhəmməd-Hüseyn Təhmasibpur Şəhrək deyir ki, İranda satirik əsərlər və yazılarda tez-tez müxtəlif dillər, millətlər, etnik qruplar lağa qoyula bilir. “Amma Azad bu növ ucuz satiradan uzaq idi. O qələmini lağlağı və təhqirə aludə etmədi. O acı və kəskin bir dillə vəzifə sahiblərini tənqid edib xalqı güldürürdü”.

Həmid Arəş Azadın minlərlə şer və satirik yazısı İran mətbuatında çap olunub. Onun iki satirik şer kitabı var. Həmid Arəşin kitabları artıq tapılmır. Rəsmi dairələr onun yasında söz veriblər ki, "Cızığından çıxma bala" və "Cülü cülüyə qalmadı" kitablarının yeniden çapına imkan verəcəklər.

Həmid Arəş Azadın yazıları göstərir ki, o adi adamları tənqid etməyib. Mirzə Şəhrək deyir ki, Azadın, çox şirin və əvəzedilməz yazı dili vardı. “O Mirza Ələkbər Sabir məktəbinin davamçısı idi. Satirik şair İran liderləri, prezident, nazirlər, millət vəkilləri və dövlətin əyalətdəki yüksək vəzifəli nümayəndələrini tənqid edirdi. O daim istibdad, zülm və müstəmləkəçiliyə qarşı mübarizə aparırdı”.

Tehrandakı yas mərasimlərini Sabir, Sahir və İşıq dərnəkləri təşkil edib. Mərasimdə məşhur Azərbaycan saz havası “Yanıq Kərəmi” çalınır və sonra azərbaycanlı türk şairlər və Həmid Arəşin dostları onun şerlərindən nümunələr oxuyur.

Azad, 1948-ci ildə (1327) Təbrizin qədim məhəllələrindən olan "Kürə Başı"nda doğulub. O bu il aqustun 14-də vəfat edib.

XS
SM
MD
LG