Accessibility links

Araz Aslanlı: Türkiyə demokratik seçkisi ilə nümunədir


Araz Aslanlı: Türkiyə demokratik seçkisi ilə nümunədir

Araz Aslanlı: Türkiyə demokratik seçkisi ilə nümunədir

Türkiyədəki parlament seçkiləri 2002-ci ildən başlayan siyasi proseslərin davamıdır. Parlamentin yeni tərkibi hakim partiyanın təklif etdiyi konstitusiyanı qəbul etdirməyə imkan vermir. Səsvermə prosesi, seçkiyə qədərki mübarizə, debatlar Türkiyənin bütün sərhədləri boyu, hətta Yaxın Şərq, Balkanlar, Qafqaz, keçmiş Sovet regionuna mütləq təsir edəcək. Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı problemli görünən millət vəkillərinin yerinə, ikitərəfli münasibətlərə daha çox töhfə verə bilən millət vəkilləri seçilib.

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı Amerikanın Səsi radiosuna müsahibəsində Türkiyədəki parlament seçkilərinin bu ölkədəki siyasi proseslərə və regional təsirlərindən danışıb.

Sual: Türkiyədəki parlament seçkilərinin nəticələri ölkədəki siyasi proseslərə hansı yeniliklər gətirəcək?

Cavab: Türkiyədəki parlament seçkiləri ölkədə 2002-ci ildən başlayan siyasi proseslərin davamı idi. Bu baxımdan yenilik yox idi. Amma, Türkiyə siyasi tarixi baxımından, ilk dəfə eyni siyasi partiya iki dəfə hakimiyyətdə qaldıqdan sonra səslərinin sayını yenə artırıb, təxminən 50 faizə yaxınlaşıb. Hər iki seçicidən birinin səsini qazanıb.

Türkiyədə ötən əsrin 80-ci illərindən sonrakı siyasəti qiymətləndirsək, hərbçilərin siyasətə müdaxiləsini məhdudlaşdırmaq və yeni, daha sivil konstitusiyanın qəbulu ilə bağlı uzun müddətdir ki, istəklər var. Seçkilərdə bu iki istəyin reallaşdırılması istiqamətində nəticə ortaya çıxdı. O da, müsbət hal kimi qiymətləndirilməlidir. Bir mənfi baxış da var. Bu isə, ondan ibarətdir ki, bir siyasi partiyanın seçkidən seçkiyə mövqeyini möhkəmləndirməsi, daha çox səs alması avtoritarizmə səbəb ola bilərmi? Amma, Türkiyənin demokratik təcrübəsi göstərir ki, nəticə avtoritarizmə getməyib. Bütün hallarda ictimaiyyətdən dəstək ala bilməyən partiya hakimiyyəti təhvil vermək məcburiyyətində qalıb. O, baxımdan seçkiləri demokratikləşmə prosesinə töhfə və gələcəkdə konstitusiyanın qəbulu baxımından müsbət qiymətləndirmək mümkündür.

Sual: Yeni parlament yeni konstitusiyanı qəbul edə biləcək?

Cavab: Daha doğrusu, yeni parlamentdən mütləq mənada yeni konstitusiyanı qəbul etməsi gözlənilir. Sadəcə, belə problem var ki, parlamentin yeni tərkibi hakim partiyanın öz təklif etdiyi konstitusiyanı qəbul etdirməyə imkan vermir. Əgər, müəyyən güzəştlərə getsə, müxalifətdəki partiyalarla da müəyyən danışıqlara getsə, dünənki mənzərə bu idi ki, yeni konstitusiya ilə bağlı imkan da, tələb də var. Sadəcə, hakim partiyanın azacıq güzəştə getməsi qalır. Türkiyə baş nazirinin dünən, seçkidən sonrakı məşhur balkon çıxışında da, əslində o vurğu var idi. O, dedi ki, biz lazımi səsi almasaq da, digər partiyaların ayağına gedib konstitusiyanı qəbul edəcəyik.

Sual: Türkiyənin demokratik seçkisinin regional təsirləri nə ola bilər?

Cavab: Əslində, Türkiyə azad iqtisadiyyatı və demokratik seçkisi ilə dörd tərəfi üçün nümunədir. Dünənki səsvermə prosesi, seçkiyə qədərki mübarizə, debatlar Türkiyənin bütün sərhədləri boyu, hətta Yaxın Şərq, Balkanlar, Qafqaz, keçmiş Sovet regionuna mütləq təsir edəcək. İctimai rəydə siyasi mübarizənin sivil yollarla aparılması, regionda demokratik prosesin sabitliyin pozulmasına səbəb olmaması nümunəsi, bir qədər də, yeni hökumətin qonşularla münasibətlərdə siyasətində müəyyən dəyişikliklərin olacağı ilə bağlı təsirləri mümkündür. Amma, hakim partiyanın hansı regionla bağlı münasibətində demokratik dəyərləri ortaya qoyacağı barədə fikir yürütmək, hələ tezdir. Amma, bütün hallarda müsbət təsiri olacaq.

Sual: Seçkilər Türkiyə-Azərbaycan münasibətlərində siyasi, iqtisadi və demokratiya məzmununda hansı yeniliklər yarada bilər?

Cavab: İkitərəfli siyasi və iqtisadi münasibətlərdə müəyyən dəyişikliklər gözləyirəm. Belə ki, Türkiyə parlamentində əvvəlki tərkiblə bağlı cüzi dəyişikliklər var. Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı problemli görünən millət vəkillərinin yerinə, ikitərəfli münasibətlərə daha çox töhfə verə bilən millət vəkilləri seçilib. Bu, müsbət məqam kimi qəbul edilməlidir. Eyni zamanda, Türkiyə ilə Azərbaycan münasibətlərini daha yüksək səviyyəyə çıxarmaq, hətta vizanın ləğvi ilə bağlı bəzi məsələlər var ki, Türkiyədəki hakim partiya mövqelərini bir az da gücləndirdikdən sonra, bu istiqamətdə müəyyən müsbət addımlar atıla bilər. İqtisadi münasibətlərin daha da inkişaf etdirilməsi üçün də, əvvəllər dəfələrlə aşağı və orta səviyyələrdə qeyd olunan, amma siyasi masalarda həlli mümkün olmayan məsələlərin həlli sahəsində irəliləyişlər mümkündür.

Sual: Türkiyənin yeni parlamentində kürd əsilli millət vəkillərinin sayı çoxalıb. Bunun səbəbi nədir?

Cavab: Hakim Ədalət və İnkişaf partiyası ilə bağlı müsbət məqamlarla yanaşı, tənqid edilən məqamlardan biri budur ki, 2002-ci ildə bu partiya hakimiyyətə gəldikdən sonra, türk-kürd xətti daha konkretləşməyə başladı. Partiyalarda da türk-kürd ayrıseçkiliyi ortaya çıxır. Kürd əsilli millət vəkillərinin sayının çoxalması ilk öncə kürd millətçiliyinin artması və yəni kürd əsilli seçicilərin kürd əsilli namizədlərə səs verməsi ilə bağlıdır. Kürd millətçiliyinin inkişafı və hakim partiyanın kürd problemi ilə bağlı, Türkiyədə hesab edildiyi kimi, səhv siyasəti kürd əsilli millət vəkillərinin sayının çoxalmasına səbəb olub. Bəzi mövqelərə görə isə, kürd problemi illərdir davam edir və hakim partiya problemi həll etməyə çalışır. İndiki mərhələ isə məcburən keçiləsi mərhələdir və kürdlər də öz millət vəkilləri ilə təmsil olunmalıdır.

XS
SM
MD
LG