Accessibility links

Güneyli ozan Araz Elsəs Amerikanın Səsinə müsahibədə musiqi fəaliyyətlərində hər zaman yeniliyə xüsusi önəm verib, ozanlığı qoruyaraq zamanla ayaqlaşmağa çalışdığını deyir. Mahnıları İran Azərbaycanı, Azərbaycan Respublikası və Türkiyədə xüsusilə milli fəallar tərəfindən sevilən tanınmış sənətçi mahnı sözlərini şairinin millətçi ya solçu olduğuna görə deyil, gözəlliyinə görə seçdiyini deyir.

Keçən il bir musiqi albomu yayımlayıb, Türkiyə və Kanada kimi ölkələrdə konsertlər təşkil etmiş ozan fəaliyyətlərinin davam etdiyini, yeni bir albom və videp kliplər üzərində çalışdığını bildirir.

Sazı əlimə alanda, onu yeni üslubla çalmağa, başqalarından seçilməyə çalışıram.

Gənc nəslin yeniliklərə rəğbət göstərdiyinə diqqət çəkən Araz Elsəs “zamanla ayaqlaşmağı” sənətçilər, aşıqlar və ozanlar üçün də vacib hesab edir:

“Yeniliyi sevib, hər zaman yeni şeylər verməyi düşünməkdəyəm. Sazı əlimə alanda, onu yeni üslubla çalmağa, başqalarından seçilməyə çalışıram... İndi çalışıram daha çox sazı rock ilə birləşdirəm, mahnılarımı rock üstündə yazam. Rockda etiraz var, rockda etirazını bildirə bilirsən. Mənim də mahnılarımın bir çoxunda etiraz var, hayqırtı var, dərd var, ağrı var...

Bizim musiqiçi dostlarımızın bir çoxu yenilikdən qorxur, amma yenilik olmalıdır. Zaman irəli gedir. Ona görə də, sənətçilərimiz, ozanlarımız, aşıqlarımız zamanla ayaqlaşmalıdırlar. Təbii ki keçmişi qorumaq lazimdir, od köz üstündə bitər. Keçmişi qoruyaraq keçmişdən gələn üslubları, ozanlığı qoruyaraq yenilənmək zamanla ayaqlaşmaq lazimdir. Bizim gənclərimiz, yeni-yetmələrimiz daha çox Qərb musiqisi ilə qaynayıb qarışırlar. Onun da nədənlərindən biri budur ki, bizim insanlarımıza verdiyimiz yetərli deyil.”

Türkçü ozan bu yaxınlarda məşhur solçu şair Nazim Hikmətin “Denize dönmek istiyorum” şeiri üçün bəstələyib ifa etdiyi mahnıya çəkdirdiyi bir video klip yayımlayıb.

Mahnıları ümumiyyətlə milliyyətçi və türkçü çevrələr tərəfindən dinlənən Araz Elsəs sol təfəkkürünə mənsub bir şairin şeirini ifa etdiyində tənqidlər alıb almadığına dair suala belə cavab verir:

“Təbii tənqidlər olur. Əskidən olmuş, indi də olur, gələcəkdə də olacaq. Məncə, sənət əsərləri, rəsm, musiqi, kitab və şeir diskussiya və mübahisə yaradırsa orada yaxşı şey var. Bu tənqidlərin olduğuna sevinirəm. Ancaq, özümü rahat hiss edirəm. Sağdan da oxuyuram, soldan da, gözəl bir şey görəndə çalışıram gözəlliyə dəyər verəm. İdeoloji düşünmək olmaz. Sağdakı və soldakı gözəllikləri sevmək, onlara dəyər vermək, onları üzə çıxarmaq lazimdir. Sağ da bizimdir, sol da bizimdir. Tənqidlər olur, amma mən heç partiyaya bağlı olmadığım üçün yoluma rahat davam edirəm.”

İdeoloji düşünmək olmaz. Sağdakı və soldakı gözəllikləri sevmək, onlara dəyər vermək, onları üzə çıxarmaq lazimdir. Sağ da bizimdir, sol da bizimdir.

O əlavə edir ki, “kimiləri yazır, ‘sən indiyə qədər belə idin’... İndiyə qədər deyil, mən Nazimi 1990-cı illərdən oxumuşam. Nazimi də oxumuşam, Nihal Atsız, Almas İldırım və Xəlil Rza Ulutürkü də... Nazimi oxuyanda elə bil dup-duru türkcəni oxuyursan. Türkcəni Nazim kimi işlədən ikinci bir şair tanımıram.”

İfa etdiyi əsərlərdə müxtəlif türk bölgələrinin musiqisində mövcud olan üslublardan istifadə edən sənətçi yaxın gələcəkdə yayımlayacağı əsərlərinə “Orta Asiya ədviyyəsi, Qazaxtan və Qırğızıstan ədviyyəsi” də qatacağını söyləyir.

Əslən Urmiyə Gölünün cənubunda yerləşən Sulduz bölgəsindən olan Araz Elsəs müxtəlif şəhərlər və bölgələrə məxsus mahnılar oxusa da bu günə qədər doğma şəhəri ilə bağlı mahnı yayımlamadığını deyir.

“Sulduzdan yazırlar, nədən Sulduza görə bir şey yoxdur? Sulduz mənim içimdədir, qəlbimdədir. Mən yerlibaz adam deyiləm, amma Sulduzdan olduğum üçün çox öyünürəm. Sulduz gerçəkdən başımızın ucalığıdır... Yaxında çalışacağam Sulduzdan bir iki parça olsun, biri öz yazdığım biri də Sulduz havalarında yeni formada,” o, əlavə edib.

XS
SM
MD
LG