Accessibility links

Araz Əzimov: Paris görüşü ürəkaçan olmayıb


Araz Əzimov Azərbaycanın ABŞ-la münasibətləri və Dağlıq Qarabağ sülh danışıqları haqda fikirlərini paylaşdı

Araz Əzimov Azərbaycanın ABŞ-la münasibətləri və Dağlıq Qarabağ sülh danışıqları haqda fikirlərini paylaşdı

Nazir müavini Xocalı aeroportu, Suriyalı ermənilərin Azərbaycan ərazisində yerləşdirilməsinə də münasibət bildirib

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Paris görüşü ürəkaçan olmayıb. Bu görüşün nəticələri əvvəlkilərdən fərqlənməyib və rəsmi Bakını razı salmayıb. Bu barədə xarici işlər nazirinin müavini Araz Əzimov jurnalistlərə bildirib.

“Minsk prosesinə yeni təşəbbüs verilməlidir. Azərbaycan tərəfi bu təşəbbüsü irəli sürüb. Təəssüflər olsun ki, Ermənistan buna müsbət cavab vermir”, o vurğulayıb və Azərbaycanın təşəbbüsünün nədən ibarət olduğunu açıqlamayıb.

O istisna etməyib ki, Ermənistanda prezident seçkilərindən sonra ölkənin mövqeyində dəyişiklik ola bilər.

Erməni tərəfinin Xocalı aeroportunu işə salmaq planını şərh edən nazir müavini deyib ki, Azərbaycanın mövqeyi Çikaqo konvensiyasına uyğundur və bu, qanunsuz uçuşları qadağan edir. Konvensiya təyyarəni havada ələ keçirmək və müəyyən aerodromda yerə endirməyə imkan verir.

A.Əzimov qeyd edib ki, Azərbaycan tərəfinin mülki təyyarələri vurmaq niyyəti yoxdur.

Erməni tərəfi Xocalı aeroportuna uçuşlara başlayacağı ilə qorxudur. Bu, beynəlxalq hüquqa ziddir.

“Qanunsuz hava dəhlizinin açılması hava məkanının işğalı demək olacaq”, - A.Əzimov bildirib.

Nazir müavini Suriyadan qaçan ermənilərin Azərbaycan ərazilərində yerləşdirilməsindən narahatdır.

O bildirib ki, Suriyadan olan ermənilərin işğal olunmuş ərazilərimizdə məskunlaşdırılması Azərbaycanı ciddi narahat edir.

“Azərbaycan Suriyadan olan erməni ailələrinin məskunlaşdırılmasına qarşı deyil, Azərbaycanı narahat edən erməni ailələrinin işğal olunmuş ərazilərdə məskunlaşdırılmasıdır: İnsanların Suriyanı tərk etməsi normaldır, insan həyatını itirmək istəmir. Onların Ermənistanda məskunlaşdırılmasına qarşı da heç bir iddiamız yoxdur. Lakin nədənsə sonradan onları Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında məskunlaşdırırlar. Bildiyimiz kimi, Ermənistan əhalisinin 50 faizi ölkəni tərk edib, bu səbəbdən ölkədə çoxlu boş yerlər var. Demoqrafik vəziyyəti yaxşılaşdırmaq məqsədilə bu yerlərdən Suriyadan gəlmiş erməniləri məskunlaşdırmaq üçün istifadə etmək olar. Bununla da suriyalı ermənilər Ermənistanın özündə yaşamaq imkanı əldə etmiş olarlar. Bu nöqteyi-nəzərdən çıxış edərək, Ermənistanın tamamilə başqa məqsəd güddüyünü iddia edirəm”.

Nazir müavininin fikrincə, Suriyadan gələn qaçqınlar arasında terrorçular da ola bilər: Onlardan qaçqın görkəmində diversiyaların həyata keçirilməsi üçün istifadə edilə bilər.

O 1993-cü ildə təlim keçmiş, terrorçu vərdişlərinə yiyələnmiş 300 nəfərdən ibarət erməninin Dağlıq Qarabağa göndərildiyi və terrorçuların orada azərbaycanlı əhaliyə qarşı döyüşdüyü faktını xatırladıb:

“Bu kimi faktları nəzərə alaraq biz ciddi narahatlıq keçiririk və bu məsələ diqqət mərkəzində olmalıdır. Bu, təkcə məskunlaşma məsələsi deyil. Hətta məskunlaşma məsələsi olsa belə, bizi ciddi şəkildə narahat edir”, A.Əzimov qeyd edib.
XS
SM
MD
LG