Accessibility links

Arif Kəskin: Partiyalar arasında ixtilaflar Türkiyəni yeni siyasi böhran qarşısında qoya bilər


Türkiyədə noyabrın 1-i parlament seçkiləri ölkə daxilində və xaricdə mürəkkəb siyasi şəraitdə keçir. Müşahidəçilər seçkiləri Türkiyənin dünyəvi sistemi və demokratiya üçün mühüm sınaq kimi qiymətləndirir. Yaxın Şərq və İran məsələləri üzrə mütəxəssis Arif Kəskin Amerikanın Səsinə müsahibədəTürkiyə seçkiləri, ölkədə daxili siyasi durum və regionda vəziyyəti şərh edib.

Koalisiyanın yaradılması mümkündürmü?

"Türkiyə seçkilərinin necə nəticələnə biləcəyini əvvəlcədən söyləmək çətindir. Aparılmış sorğulara görə, bir partiyanın seçkinin qalibi olacağı gözlənilmir. Bu isə Türkiyədə koalisiyanın yaradılması ilə bağlı yeni mübahisələrə yol aça bilər. Bu siyasi mübahisələrin Türkiyə üçün həm müsbət, həm də mənfi nəticələri ola bilər. Türkiyə siyasətində, partiyalar arasında, insanlar arasında kəskin qütbləşmə mövcuddur. Tərəflər arasında siyasi baxımdan toqquşma var və koalisiya bunu bəlkə bir şəkildə həll edə bilər. Türkiyə daxilində birlik hissini yarada bilər. Amma digər tərəfdən, Türkiyə tarixində koalisiyalar uzun müddət davam etməyib. Ona görə də təhlilçilərin çoxu, hakim partiya təkbaşına iqtidarı əldə etsə və ya koalisiya qurulsa belə yaxın zamanda daha bir seçkinin keçirilə biləcəyi ehtimalını irəli sürür. Partiyalar arasında həm daxili siyasət, həm də xarici siyasət məsələsində bir araya gəlmək üçün çox az imkan və onlar arasında kəskin fikir ayrılıqları var. Bunlar da rol oynayır. Bu fikir ayrılıqları ciddi böhranlar, ciddi problemlər yarada bilər və Türkiyə yeni böhranla qarşı-qarşıya ola bilər."

Türkiyə seçkilərində Suriya mövzusu

“Hakim partiya yenidən iqtidara gəlsə, əvvəlki siyasəti müəyyən dəyişikliklərlə davam etdirəcək. Bu dəyişikliklər nədən ibarət ola bilər? Hakim partiya Suriya prezidenti Bəşad Əl-Əsədi qəbul etməyəcəyini və onun iştirak edəcəyi hər hansı bir həllə qatılmayacağını bəyan edirdi. Amma bu gün Tükriyədə bu “qırmızı xətt” bir qədər dəyişib. Artıq Bəşar Əl-Əsədin qala bilməsilə razılaşa biləcəkləri deyilir. Onun bir simvolik güc kimi qalmasına razı olacaqlarını deyirlər. Amma hakim partiya təkbaşına qələbə əldə edə bilməsə və başqa partiya ilə koalisiya yaratmalı olsa, Suriya siyasətinin dəyişməsi ehtimalı yüksəkdir. Çünki CHP Suriya siyasətini qəbul etmir, hətta partiyanın millət vəkilləri Bəşar Əsədlə görüşmək üçün Suriyaya getdilər. Onlar deyir ki, Türkiyə Bəşar Əsədlə bir olub cihadçılar və terrorçularla mübarizə aparmalıdır və hesab edirlər ki, Türkiyənin Suriya siyasəti ölkənin qonşularla münasibətlərinə və beynəlxalq səhnədə imicinə və mövqeyinə mənfi təsir göstərir və bu dəyişməlidir. Hətta Suriya böhranının Türkiyənin daxilində sülhə mənfi təsir göstərir və Türkiyə öz siyasətini dəyişməlidir. Suriya siyasəti ilə bağlı MHP də mövqe eynidir və onlar da siyasətin dəyişməsini istəyirlər.“

Türkiyə İran münasibətləri

“Türkiyədə hakim partiyada seçkilərdə qələbə çalsa İranla münasibətlərin əvvəlki şəkildə davam etdiriləcəyi ehtimalı çox yüksəkdir. Çünki Türkiyə ilə İran arasında ən böyük problem təkcə Suriya ilə bitmir. Yəmənlə, Səudiyyə Ərəbistanı ilə, İraqla, İraqın şimal bölgəsi ilə münasibətlər, PKK məsələsində Türkiyə və İran arasında ixtilaf var. Bu gün Türkiyədə belə bir fikir var ki, İran PKK-ya himayədarlıq edir və Türkiyənin bölgədə gücünü zəiflətmək istəyir, Türkiyənin daxili təhlükəsizliyinə zərər vermək istəyir. Türkiyə və İran arasında çox sahədə rəqabət sürür. Bu rəqabət şəraitində hər hansı bir partiya münasibətlərin düzələ biləcəyini desə də bu, vaxt ala bilər. Ərəb Baharından sonra İran bölgəyə aktiv şəkildə müdaxilə edir və bu aktiv müdaxilə Türkiyənin maraqlarına hədə təşkil edir. Hakimiyyət dəyişsə belə, bu problemlər davam edəcək. Bu gün Türkiyə ilə İran arasında iqtisadiyyat, nəqliyyat sahələrində də problemlər var. Ruhani demişdi ki, Türkiyə ilə iqtisadi münasibətləri, siyasi münasibətləri dəyişdirəcəm. Türkiyə və İran arasında qarşılıqlı ticarət sazişi imzalansa da, bu da enerji, iqtisadiyyat və başqa sahələrdə əlaqələri rahatlatmadı. Bu gün başqa bir problem də odur ki, Türkiyə İranı Qafqaz və Mərkəzi Asiyaya çıxış üçün qapı hesab edir, amma bundan tam faydalana bilmir. Türkiyə Qafqaza və Orta Asiyaya mallar göndərmək üçün alternativ axtarır. İki ölkə arasında çox ciddi problemlər var, amma bu, böhranlı vəziyyətin yarana biləcəyi demək deyil, çünki Türkiyə də, İran da bunu istəmir. Baxsaq, arada problemlər, ixtilaflar olsa da bu iki ölkə problemlərin, ixtilafların böyüməsini və nəzarətdən çıxmasını istəmir.”

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG