Accessibility links

Arif Məmmədovun diplomatik səfir rütbəsi alınıb


Arif Məmmədov (Foto Arif Məmmədovun Facebook səhifəsindən götürülüb)

Arif Məmmədov (Foto Arif Məmmədovun Facebook səhifəsindən götürülüb)

Arif Məmmədov Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri diplomatik rütbəsindən məhrum edilib. Bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.

Arif Məmmədov bu il mayın 19-da Bakıda Azadlıq prospektindəki yaşayış binasında çoxsaylı insanın ölümü ilə nəticələnən yanğına Facebook səhifəsində sərt reaksiya verib və günahkar məmurları tənqid edib. Bundan sonra diplomat iqtidar təmsilçilərinin sərt tənqidi ilə üzləşib.

Məmmədov İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqındakı səfiri vəzifəsindən kənarlaşdırılıb.

Bundan sonra Məmmədova qarşı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və 326.1-ci (rəsmi sənədləri, ştampları və ya möhürləri oğurlama, məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cinayət işi qaldırılıb və həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib. Onun 2007-2012-ci illərdə Azərbaycanın Avropa Şurasında nümayəndəliyinin rəhbəri olarkən bu cinayətlərə yol verdiyi iddia olunur.

Arif Məmmədov isə 2007-2012-ci illərdə Azərbaycanın Avropa Şurası nümayəndəliyinin rəhbəri olduğu müddətdə mənimsəmə və digər maliyyə sui-istifadələri ilə bağlı Baş Prokurorluğun ona qarşı irəli sürdüyü ittihamları rədd edib.

“Mən Strastburqda xidmət binasında yaşamışam, bundan başqa bütün dünyada səfirin rezidensiyası birinci növbədə iş yeridir. Əgər 400 min avro pulum olsaydı, hakimiyyətin “kristal nümayəndələri”ndən fərqli olaraq ailəvi istirahətə qiyməti 30 avroya olan RYANAIR təyyarəsi ilə getməzdim. Azərbaycanın bütün məmur ailələrinə daha sadə aviareyslərlə istirahətə getmək sərf etmir. Onlar özlərinin şəxsi təyyarələrindən istifadə edirlər ki, bu da 10 milyonlar deməkdir. Bəs nədən prokurorluq bu məsələlərlə məşğul olmur”, deyə o qeyd edib.

Arif Məmmədov hazırda Belçikada yaşayır.

XS
SM
MD
LG