Accessibility links

Arif Hacılı: Referendum əleyhdarlarının əməkdaşlıq mərkəzini yaratmaq mümkün olmadı [Video]


Müsavat Partiyasının başqanı Amerikanın Səsinə müsahibəsində konstitusiyaya təklif edilən dəyişikliklərdən danışıb

Müsavat Partiyasının başqanı Arif Hacılı Amerikanın Səsinə müsahibəsində konstitusiyaya təklif edilən dəyişikliklərlə bağlı Referendum Aktı, müxalifətin birgə mübraizəsi, baş prokuroru məhkəməyə verməsindən danışıb.

Amerikanın Səsi: Müsavat Partiyası konstitusiyaya dəyişikliklər barədə təyin edilmiş referendumla bağlı hansı tədbirlər keçirəcək?

Çalışacağıq ki, Azərbaycan cəmiyyətinin diqqətini referendumda müzakirəyə çıxarılan məsələlərin cəmiyyətin gələcəyi üçün hansı problemlər yaradacağına yönəldə bilək.

Arif Hacılı: Müsavat Partiyası artıq referendumda təşviqat qrupu ilə iştitrak etmək barədə qərar qəbul edib. Biz artıq “Respublika” təşəbbüs qrupunu yaratmışıq. Mərkəzi Seçki Komissiyasına müraciət edərək imza vərəqələri alacağıq.Təşəbbüs qrupu imzaları topladıqdan sonra yəqin ki, “Respublika” təşviqat qrupu kimi qeydə alınaraq, bu prosesdə öz mövqelərimizi ictimaiyyətə açıqlamaq məqsədi ilə iştirak edəcəyik. Çalışacağıq ki, Azərbaycan cəmiyyətinin diqqətini referendumda müzakirəyə çıxarılan məsələlərin cəmiyyətin gələcəyi üçün hansı problemlər yaradacağına yönəldə bilək. Bunun üçün görüşlərin, tədbirlərin, kütləvi aksiyaların keçirilməsi, eyni zamanda televiziya çıxışlarının bu məqsədlə istifadə olunması və digər məsələlər nəzərdə tutulub. Maliyyə imkanları şərait yaradarsa referendumla bağlı plakatlar və digər çap məhsulları da yaymaq niyyətindəyik.

Amerikanın Səsi: Konstitusiyaya təklif edilən dəyişikliklərə qarşı olan qurumların birgə tədbirlər keçirməsi mümkündürmü? Bu qüvvələrin birləşməsi mümkündürmü?

D18 Hərəkatı təşəbbüs qrupuna daxil olub. NİDA və REAL təşkilatları ilə müzakirələr aparmışıq və onlar da bu prosesdə bu və ya digər şəkildə iştirak etmək niyyətindədirlər.

Arif Hacılı: Mən demək olar ki, bu dəyişiklikləri mürtəce dəyişikliklər hesab edən bütün siyasi təşkilatların rəhbərləri ilə görüşmüşəm. Müəyyən əməkdaşlıq elementləri var. Təəssüf ki, bütün qüvvələrin ümumi bir əməkdaşlıq mərkəzinin yaradılması mümkün olmadı. Ancaq hər halda bu kontaktlar, hesab edirəm ki, müsbət nəticə verəcək. Biz çalışacağıq ki, əgər birgə fəaliyyət göstərmək mümkün olmasa, ümumi fəaliyyətin koordinasiyasına nail olaq. Biz artıq öz “Respublika” təşəbbüs qrupumuzu yaratmışıq. D18 Hərəkatı bu təşəbbüs qrupuna daxil olub. NİDA və REAL təşkilatları ilə müzakirələr aparmışıq və onlar da bu prosesdə bu və ya digər şəkildə iştirak etmək niyyətindədirlər. Biz həmin qurumlarla bundan sonra da əməkdaşlığın effektiv yollarını tapmağa çalışacağıq.

Amerikanın Səsi: İctimai fikrə münasibətiniz necədir? İctimai fikir konstitusiyaya dəyişiklikləri müdafiə edirmi? Bununla bağlı monitorinqlər aparırsınızmı?

Hakimiyyət məzuniyyətlər dövründə, isti yay günlərində, heç kəsin diqqətini cəlb etməyən bir proses, bir aksiya keçirməklə bu dəyişikliklərə nail olmağa çalışır.

Arif Hacılı: Azərbaycanda bu referendumla əlaqədar, hələ heç bir izahat verilməyib.Görürsünüz ki, Azərbaycan televiziyalarında da bu məsələ barədə heç bir məlumat verilmir. Hətta hökumət mətbuatında bu referendumun vacibliyi barədə, bu dəyişikliklərin vacibliyi barədə təbliğat belə getmir. Yəni hakimiyyət məzuniyyətlər dövründə, isti yay günlərində, heç kəsin diqqətini cəlb etməyən bir proses, bir aksiya keçirməklə bu dəyişikliklərə nail olmağa çalışır. Biz öz fikirlərimizi, öz mesajlarımızı cəmiyyətə çatdırmışıq. Mən və Müsavat Partiyası olaraq, həm də “Respublika” təşviqat qrupu olaraq bu məsələləri bundan sonra da cəmiyyətin diqqətinə çatdırmağa çalışacağıq. Azərbaycan cəmiyyəti cümhuriyyət şəraitində, demokratik şəraitdə yaşamaq istəyən, yaşamaq arzusunda olan, yüz il bundan əvvəl demokratik respublika yaratmış bir cəmiyyətdir. Təbii ki, Azərbaycanda avtoritar rejimin möhkəmlənməsi istiqamətində aparılan dəyişikliklərin əksəriyyət əleyhinədir. Sadəcə olaraq, Azərbaycanda normal bir seçki sistemi mövcud deyil. Ona görə də bizi narahat edən əsas məsələ referendumun nəticələrini saxtalaşdırmaq yolu ilə bu dəyişikliklərin konstitusiyaya əlavə edilməsi ilə bağlıdır. Ona görə də biz bu referendumun mahiyyətini cəmiyyətə izah edərək, bu dəyişikliklərin olmamasına çalşacağıq.

Amerikanın Səsi: Referendum baş tutarsa, onun nəticələrinin aradan qaldırılması üçün tədbirlər görəcəksinizmi? Hansı tədbirlər fikirləşirsiniz?

Konstitusiya və qanunların imkan verdiyi və indiki resurslar çərçivəsində mümkün olan addımlarımızı atacağıq. Hesab etmirəm ki, bizim indiki fəaliyyətimizin nəticəsi olmayacaq.

Arif Hacılı: Azərbaycanda hakimiyyət faktiki olaraq müxalifətin resurslarını məhdudlaşdırıb, insan haqları pozulur, səksəndən artıq siyasi məhbus var. Bununla belə, biz öz mübarizəmizi davam etdiririk. Konstitusiya və qanunların imkan verdiyi və indiki resurslar çərçivəsində mümkün olan addımlarımızı atacağıq. Hesab etmirəm ki, bizim indiki fəaliyyətimizin nəticəsi olmayacaq. Hər halda, həm imzatoplama kampaniyasında, həm sonrakı mərhələlərdə biz seçicilərlə təmasda olmaq imkanı əldə edəcəyik. Azərbaycan cəmiyyətində demokratiyaya olan zərurətin mahiyyətini daha da qabarıq şəkildə cəmiyyətə çatdırmağa çalışacağıq.

Bu istiqamətdə addımlar atmaq niyyətindəyik. Siyasi vəziyyətin dəyişəcəyinə, siyasi vəziyyətin demokratik qüvvələrin xeyrinə dəyişəcəyinə ümid bəsləyirik. Belə olacağı halda təbii ki, həm sərbəst toplaşmaq hüququndan, həm söz və mətbuat, ifadə azadlığından istifadə edərək, bu azadlıqların çərçivələrini genişləndirərək ölkədə vəziyyəti demokratiyanın xeyrinə dəyişməyə çalışacağıq.

Amerikanın Səsi: Yeri gəlmişkən, Müsavat Partiyası baş prokuroru məhkəməyə verdiyini bildirir. Buna səbəb nədir?

Biz “Panama Sənədləri” ilə əlaqədar verilən açıqlamalarla bağlı baş prokurora müraciət etmişik. Bu məsələlərin araşdırılmasını ondan tələb etmişik.

Arif Hacılı: Biz “Panama Sənədləri” ilə əlaqədar verilən açıqlamalarla bağlı baş prokurora müraciət etmişik. Bu məsələlərin araşdırılmasını ondan tələb etmişik. Lakin Baş Prokurorluq bu məsələlərlə əlaqədar bizə heç bir cavab verməyib. Biz hərəkətsizliklə əlaqədar qanunvericiliyə uyğun olaraq Səbael rayon Məhkəməsinə müraciət etmişik.

XS
SM
MD
LG