Accessibility links

Arif Hacılı: Krım demokratiya ilə avtoritarizm müharibəsinin ön cəbhəsidir [Video-müsahibə]


Müsavat Partiyası başqanının müavini Arif Hacılının Amerikanın Səsinə müsahibəsi

"Mahaçqalada saxlanmağımız hüquq cəhətdən qanunsuzdur. Polis Moskvanın siyasi sifarişini yerinə yetirib. Bu həm də Rusiya hökuməti tərəfindən Azərbaycan vətəndaşlarının sərbəst hərəkət hüququnun məhdudlaşdırılmasıdır."

Martın 10-da Krıma gedərkən Maxaçqalada polis tərəfindən saxlanaraq Bakıya qayıtmağa məcbur edilən Müsavat Partiyası başqanının müavinləri Arif Hacılı və Gülağa Aslanlı bu gün Müsavat Partiyasının mərkəzi qərargahında keçirdiyi mətbuat konfransında bu bəyanatlarla çıxış ediblər.

Arif Hacılı Amerikanın Səsinə müsahibəsində bildirib ki, Azərbaycan Xarici İşlər Nazirliyinə hüquqlarının pozulması ilə bağlı müraciət edib-etməyəcəklərini müzakirə edəcəklər. “Amma, ümid etmirik ki, Xarici İşlər Nazirliyi müxalifət təmsilçilərinin hüquqlarını müdafiə etsin. Buna baxmayaraq biz sərbəst hərəkət hüququmuzun məhdudlaşdırılmasına hüquqi qiymət verilməsinə çalışacağıq”, Hacılı qeyd edib.

Martın 10-da Rusiyanın Dağıstan Respublikasının Mahaçqala şəhərində saxlanan Müsavat Partiyasının başqan müavinləri Arif Hacılı, Gülağa Aslanlı və “Yeni Müsavat” qəzetinin müxbiri Emil Salamoğlu martın 11-də gecə Bakıya qayıdıb.

Müsavat Partiyası başqanının müavinləri və müxbir Krımda mövcud durumla tanış olmaq üçün Bakı-Kiyev qatarı ilə Ukraynanın bu regionuna səfərə gedirdilər. Hər üç şəxs Mahaçqalada qatardan düşürdülərək polis idarəsinə aparılıb.

“Polis idarəsində 15-dək mülki geyimli şəxslər var idi. Polis rəisi deyirdi ki, oradakı adamların çoxunu tanımır. Bu adamlar polis, nəqliyyat polisi və Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları idi. Onlar bizə əvvəlcə 5 il həbs veriləcəyini dedilər. Hər 5 dəqiqədən bir Moskvadan zəng gəlirdi. Deyirdilər siz nə edibsiniz ki, bu qədər maraqlanırlar. Tez-tez pasportlarımızı alırdılar. Son olaraq 500 rubl cərimə ödədik. Amma izahat yazmadıq. Azərbaycanla sərhədədək iki polis bizi nəzarət altında saxladı və dəfələrlə pasportlarımızı alaraq izahat yazmağımızı tələb etdilər”, Hacılı bildirib.

Gülağa Aslanlı təzyiqlərdən danışıb. Onun sözlərinə görə, saxlanma zamanı ciddi psixoloji təzyiqlər edilib. “Onlar bizi inzibati protokola imza atmağa məcbur edirdilər. Pasportlarımızda Avropa ölkələrinə olan vizaları görəndən sonra Qərbin ünvanına tənqidlərə başladılar. Krımda durumun ağır olduğunu, bu məsələyə qarışmamağımızı deyirdilər”, o qeyd edib.

Müsavat Partiyası bundan sonra da Krım tatarlarını hüquqlarını müdafiə etməkdə davam edəcək. “Krım problemi regional məsələ deyil. Krım demokratiya ilə avtoritarizmi müharibəsinin ön cəbhəsidir. Müsavat Partiyası da demokratiyanı dəstəkləyir və bu mübarizdə Krım tatarlarının, Ukrayna xalqının yanındadır”, Arif Hacılı bildirib.

Müsavat Partiyası həmçinin tarixi situasiyadan istifadə edərək Sovet dövründə repressiya nəticəsində Krımdan köçürülən tatarların öz doğma vətənlərinə qayıtması ilə bağlı müraciət qəbul edilməsi məsələsini müzakirə edəcək. “Yüz minlərlə Krım tatarı məcburi şəkildə vətənindən köçürülüb və sonra onlar geriyə vətənlərinə qaytarılmayıb”, o qeyd edib.

Müsavat Partiyası həmçinin Krımda baş verənlərlə bağlı mütəmadi məlumatları ictimaiyyətə çatdıracaq.
XS
SM
MD
LG