Accessibility links

Arif Hacılı: Aclıq aksiyası müddətsizdir- “Siyasi məhbuslara azadlıq!” tələb edirik [Video-Müsahibə]


Müsavat Partiyasının başqanı mətbuat konfransı keçirib. Arif Hacılının Amerikanın Səsinə müsahibəsini təqdim edirik

Müsavat Partiyası haqqında iqtidaryönümlü mediada yazılanlar reallığı əks etdirmir, partiyada sadəcə nəsil dəyişməsi prosesi gedir, partiya parlament seçkilərində 70 dairə üzrə namizədliyini irəli sürəcək şəxslərin ilkin siyahısını müəyyən edib, siyasi məhbuslar azad edilməzsə Avropa Oyunlarını boykot edəcək.

Bu və digər fikirlər Müsavat Partiyasının başqanı Arif Hacılının bu gün partiyanın Mərkəzi Qərargahında keçirdiyi mətbuat konfransının əsas mözvuları olub.

Müsavat Partiyasının başqanı həmçinin iqtidarın siyasi partiyalarla görüşünə dəvət olunması və keçiriləcək görüş barədə Müsavatın mövqeyi, 21-22 mayda Riqada keçiriləcək “Şərq Tərəfdaşlığı” toplantısı və bu toplantıda Azərbaycanın iştirakının vacibliyi, siyasi məhbusların azad edilməsinə nail olmaq üçün partiyasının planları və digər ictimai-siyasi məsələlər haqqında da danışıb.

A.Hacılı iqtidarın siyasi partiyalarla görüşünə Müsavat Partiyasının dəvət edildiyini bildirib, mayın 15-də keçiriləcək görüş Avropa Oyunları ilə bağlı olacaq.

“Ümumilikdə iqtidarın siyasi təşkilatlarla təmas qurmağa çalışması müsbət haldır, ancaq formatın, görüşdə müzakirə ediləcək mövzunun əvvəlcədən tərəflərlə razılaşdırılmadan iqtidarın müəyyən etməsi qəbuledilməzdir”.

Müsavat başqanı görüşün iqtidar-müxalifət dialoqu olmadığını qeyd etməklə yanaşı, iqtidar-müxalifət görüşünün zəruri olduğunu, belə görüşdə ilk olaraq 3 məsələnin müzakirəsinin vacibliyini vurğulayıb:

Siyasi məhbus probleminin həll olunması; Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” təşəbbüsü üzrə Riqa sammitində dövlətin yüksək səviyyədə təmsilçiliyinin təmin olunması və Avropa İttifaqı ilə assosiasiv sazişin imzalanması; Demokratik islahatların, o cümlədən mətbuat azadlığı, sərbəst toplaşmaq azadlığı və digər hüquqların təmin edilməsi, seçki islahatlarının həyata keçirilməsi istiqamətində ciddi adımların atılması.

“İqtidar bu üç təklifimizi qəbuk edərsə, Müsavat Partiyası görüşdə iştirak edəcək. Müsavatın irəli sürdüyü məsələlər artıq Azərbaycan üçün milli təhlükəsizlik məsələsinə çevrilib”, o qeyd edib.

O, Avropa Oyunları ilə baglı Müsavat Məclisinin 4 aprel tarixli sessiyasının sərt qərar qəbul etdiyini xatırladıb.

“Azərbaycanın iqtisadi böhranın astanasında olduğu indiki şəraitdə milyardlarla vəsaitin sərf olunduğu, xüsusilə də siyasi məhbusların azad edilmədiyi təqdirdə, bu korrupsiya layihəsinin Müsavat Partiyası tərəfindən dəstəklənməsini kimsə gözləməməlidir. Siyasi məhbuslar mayın 28-dək azad edilməsə, Müsavat Partiyası Avropa Oyunlarını boykot edəcək”, Hacılı qeyd edib.

O, boykotun formaları ilə bağlı Amerikanın Səsinin sualının cavabında “çağırışlar və digər etiraz formalarına müraciət edəcəyik”, deyə bildirib.

Müsavat başqanı 21-22 mayda Riqada keçiriləcək “Şərq Tərəfdaşlığı” toplantısı haqqında danışarkən deyib ki, istər cümhuriyyətin varisi kimi, istərsə də müstəqilliyin bərpası zamanı Azərbaycan öz inkişafını və milli təhlükəsizliyini avrointeqrasiyada gördüyünü bəyan edib.

“Bu baxımdan, Avropaya inteqrasiya siyasəti Azərbaycanın xarici siyasətinin nəinki əsasını, tamamını ehtiva etməlidir. Müsavat Partiyasının mövqeyi budur ki, hakimiyyət Riqa toplantısında dövlətin avrointeqrasiya seçimini aydın və qəti şəkildə bəyan etməli və rəsmiləşdirməlidir”.

A.Hacılı siyasi məhbus probleminin son iki ildə ağır repressiya müstəvisinə keçirildiyini, 10 milyonluq Azərbaycanda 140 milyonluq avtoritar Putin Rusiyasından daha çox - son dəqiqləşdirmələrə görə 80 nəfərdən artıq siyasi məhbusun olmasının ölkədaxili qarşıdurmanı dərinləşdirməklə yanaşı, Azərbaycanın beynəlxalq imicinə də misilsiz zərbə vurduğunu bildirib.

“Müsavat Partiyası üçün prioritetlər sırasında siyasi məhbus problemi əsas yer tutur. İki gündür müsavatçılar siyasi məhbusların azadlığa buraxılması tələbi ilə müddətsiz aclıq aksiyasına başlayıb. Artıq regionlardan bu aksiyalara qoşulanlar var”.

Mətbuat konfransında iştirak edən iqtidaryönümlü media təmsilçilərinin sualları əsasən partiyadaxili münasibətlərə yönəlib.

Arif Hacılı çoxsaylı suallara cavabda bildirib ki, Müsavat Partiyasının 8-ci qurultayı tarixi bir qurultaydır.

“Bu qurultayda partiyanın başqanı İsa Qəmbər 3-cü dəfə namizədliyini irəli sürmədi. Bu MDB məkanında yeganə hallardan biridir. Səslərin sayılması canlı yayımla nümayiş etdirildi. Müsavat azad, şəffaf, demokratik seçki keçirdi. İqtidar da belə bir seçki keçirsin baxaq. Bu hallardan danışmayan iqtidar mediası, televiziyalar birdən-birə müsavatdaxili problemlərə diqqət ayırır. Bunlar məqsədlidir, partiyadakı demokratik prinsiplərə kölgə salmaq məqsədi daşıyır”, o qeyd edib.

Müsavat başqanı partiyada nəsildəyişmə priosesinin getdiyini diqqətə çatdırıb və bununla bağlı bəzi problemlərin olduğunu deyib.

“Amma bu problemlər iqtidaryönümlü medianın və televiziyaların dediklərindən çox-çox azdır. Partiyadan çıxanların sayı yazılanlardan dəfələrlə azdır. Bu gün bəzi media orqanları partiyadan 55 nəfərin istefa verdiyini yazıblar. O adların əksəriyyəti partiyaya məlum deyil. Hətta onların arasında dünyasını dəyişənlər də var”, Hacılı yazılanları təkzib edib.

Onun sözlərinə görə, nəsildəyişmə nəticəsində rayon təşkilatlarının rəhbərləri də dəyişir.

“Hətta partiyanın 15 divan üzvündən yalnız 3 nəfəri əvvəl divan üzvü olanlardır”, Hacılı bildirib.

Partiya başqanı Müsavatı tərk edənlərin olduğunu da deyib. “Partiyanı tərk edənlər çoxluq təşkil etmir. Partiyaya 300-dən çox insan yeni üzv yazılıb”, o qeyd edib.

Müsavat Partiyasının başqanı Amerikanın Səsinə müsahibə də verib. Müsahibədə o, “Siyasi məhbuslara azadlıq!” şüarı ilə keçirilən aclıq aksiyasından danışıb.

XS
SM
MD
LG