Accessibility links

Arif Məmmədov: Azərbaycan xalqı ədaləti bərpa edəcək


Arif Məmmədov (Foto Arif Məmmədovun Facebook səhifəsindən götürülüb)
Arif Məmmədov (Foto Arif Məmmədovun Facebook səhifəsindən götürülüb)

Avropa İttifaqı yanında İslam Əməkdaşlıq Təşkilatının nümayəndəsi, azərbaycanlı diplomat Arif Məmmədov mayın 19-da Bakıda çoxmərtəbəli yaşayış binasında 15 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı Facebook səhifəsində yazdığı statusu bəyənən Azərbaycan Xarici İşlər Nazirliyinin əməkdaşlarına qarşı təzyiqlərin başlandığını bildirib. O, siyasi sığınacaq almaq istəməsi barədə məlumatları təkzib edib. Eyni zamanda A.Məmmədov Belçika Xarici İşlər Nazirliyinin ona və ailəsinə mühafizə ayrılmasını təklif etdiyini bildirir. Arif Məmmədovun bəyanatını təqdim edirik:

Əziz dostlar, bacı və qardaşlar, uca Azərbaycan xalqı!

Ölkənin ən yaxşı diplomatlarının “ovuna” başlanmasından olduqca təəccüblənmişəm və hiddətlənmişəm. Repressiyalar əmri ölkənin repressiv fabrikindən gəlib. Bu hakimiyyətə Eynulla Fətullayev və onun kimilər lazımdır.

Bakıdakı yanğında ölənlərin ailələrinə yazdığım başsağlığı sözlərimi “layk” etdiyinə görə ölkənin ən yaxşı diplomatlarını işdən azad etmək heç bir anlayışa sığmır. Diplomatları alçaldıcı bəyanatlar yazmağa məcbur edirlər. Bəziləri bunu SSRİ-də 30-cu illərin sonlarındakı repressiyalarla müqayisə edirlər. Deyərdim ki, indi edilənlərə hakimiyyətin marazmından başqa ad vermək olmaz. Beləsi, nə 30-cu, nə 40-cı, nə də inkvizisiya illərində olub.

Mən 20 ildən artıq Xarici İşlər Nazirliyi sistemində çalışmışam. Bu nazirlikdə uzun illərdir dünyada ölkənin maraqlarını müdafiə edən xeyli vicdanlı və təmiz insan var.

Dünən məzuniyyətdən sonra Belçikaya qayıtmışam və Belçika Xarici İşlər Nazirliyinin , Avropa institutlarının artıq bu biabırçılıqdan xəbərdar olduqlarını bilib şoka düşmüşəm. Mənə rəsmən müraciət edərək özümə və ailəmə mühafizə ayırmaq təklif edilib. İmtina etmişəm, lakin Belçika Xarici İşlər Nazirliyi təkid edir.

Bəzi KİV-lər Norveçdə siyasi sığınacaq axtardığım barədə məlumat yayıb. Bunu görməyəcəksiniz.

Böyük xalqıma qarşı cəhalətpərəstlik və ədalətsizliklə mübarizə əzmim sonsuzdur.

Azərbaycan Xarici İşlər Nazirliyinin zərər çəkmiş diplomatlarına müraciət edirəm! Şərəfimə and olsun ki, Azərbaycan xalqı ədaləti bərpa edəcək və siz bu dövlətdə yüksək mövqelər tutacaqsınız.

Bunu çox gözləmək lazım gəlməyəcək.

Hörmətlə, Arif Məmmədov

Azərbaycan rəsmi səviyyədə Arif Məmmədovun bəyanatına münasibət bildirməyib.

XS
SM
MD
LG