Accessibility links

Arif Yunus: Azərbaycan sovet sisteminin yalnız adlarını dəyişib [Video-müsahibə]


Arif Yunus: Azərbaycan sovet sisteminin yalnız adlarını dəyişib
please wait

No media source currently available

0:00 0:03:31 0:00

Arif Yunus: Azərbaycan sovet sisteminin yalnız adlarını dəyişib

Ekspertlər və siyasətçilər yeni hökumətin islahatlar aparacağına inanmır

Sülh və Demokratiya İnstitutunun eksperti Arif Yunus Amerikanın Səsinə müsahibəsində Azərbaycanın yeni hökumətini “yeni köhnə hökumət” adlandırıb. Onun fikrincə, yeni hökumət ölkədə islahatlar aparmayacaq, korrupsiya daha da dərinləşəcək.

“Yeni hökumət köhnə hökumətdən yalnız adlarla fərqlənir. Köhnə hökumətdən bəzi şəxsləri yeniləri ilə əvəz ediblər. Siyasət dəyişməyəcək. Bəzi şəxslərin dəyişməsinin isə öz səbəbləri var”, o qeyd edib.

Ekspert hesab edir ki, yeni hökumətin korrupsiyaya qarşı mübarizə aparmaq enerjisi yoxdur.

“Korrupsiyanın səviyyəsi artacaq, vəziyyət bundan da pis olacaq. Çünki, korrupsiya hökumətlə bağlıdır. Daxili vəziyyəti hökumət idarə edir. Korrupsiya, monopoliya, rüşvətxorluqla bağlı nə varsa hakimiyyətdən asılıdır. Onlar özlərini dəyişməlidir”, Yunus bildirib.

Onun fikrincə, Azərbaycanın ən böyük bəlası siyasi sistemdir.

“Azərbaycanda köhnə sovet siyasi sistemi mövcuddur. Onu dəyişmək lazımdır. Biz hələ onun adlarını dəyişmişik, mahiyyət dəyişilməyib”, ekspert qeyd edib.

Prezidentliyə keçmiş namizəd, Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib ki, bir-iki nazirin vəzifədən azad olunması iqtisadi islahatlara stimul verə bilməz.

Onun fikrincə, siyasi, iqtisadi, sosial, ümumilikdə bütün sferalar harmonik inkişaf etməlidir.

“Durumdan yeganə çıxış yolu iqtidarın koalision hökumət qura bilməsi olar. Bu heç də hökumətdən pay almaq kimi başa düşülməməldir. Seçkiyə qatılan qüvvələr səs faizlərinə uyğun hökumətdə təmsil olunmalıdır. İqtidar bu addımı atmasa nəinki mövcud böhrandan çıxa bilməyəcək, əskinə böhran daha da dərinləşəcək”, o qeyd edib.

Dövlət başçısının sərəncamı ilə İqtisadi İnkişaf Nazirliyi Sənaye və İqtisadiyyat Nazirliyi olub. Natiq Əliyev isə energetika nazirliyinə rəhbərlik edəcək.

İqtisadçı ekspert Vüqar Bayramovun fikrincə, bu, qeyri-neft sektorunun artımına hesablanan yenidən strukturlaşmadır.

"Ölkə rəhbərliyi hesab edir ki, şaxələnmə nəticəsində neft hasilatının xüsusi çəkisi azalacaq, 2018-20-ci illərdə real sektor 72-75%-ə çatacaq. Sənaye və İqtisadiyyat Nazirliyinin hazırlanan əsasnaməsi bunu göstərir", - deyə o bildirib.

İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Qubad İbadoğlu da yeni hökumətin köklü islahatlar aparacağına inanmır. İqtisadi İinkişaf Nazirliyinin adı dəyişdirilərək Sənaye və İqtisadi İnkişaf Nazirliyi olub.

“Bu nazirliyin yeni funksiyalar qazanması inhisarçılıqla mübarizədə kosmetik dəyişiklərə səbəb ola bilər. Əgər təyin edilən nazirlərin siyahısına baxsaq, müxtəlif sahələrin tənzimlənməsi üzrə klanların mübarizəsinin nəticələrini görə bilərik. Energetika naziri nominal funksiyalı məmur idi, indi o tamamilə portfelisz qalıb. Dövlət başçısının sərəncamında modernləşmə elementləri görmədim, - nazirlərin yerini dəyişməklə onların səylərinin cəmi dəyişməyəcək", o bildirib.

Öz növbəsində prezident Əliyev ölkədə qeyri-neft sektorunun inkişaf edəcəyini, iqtisadiyyatın şaxələndirilməsi siyasətinin genişləndiriləcəyini bildirib. Dövlət başçısı yeni hökumətin vəzifəsinin əsas prioritetlərindən birinin də korrupsiyaya qarşı mübarizənin daha da kəskinləşdirilməsi olacağını bildirib.
XS
SM
MD
LG