Accessibility links

Arif Yunus: Sanki dini insidentlər idarə edilir [Video-müsahibə]


“Azərbaycanda islam” kitabının müəllifinin Amerikanın Səsinə müsahibəsi

Tarix doktoru, “Azərbaycanda islam” kitabının müəllifi Arif Yunus Amerikanın Səsinə müsahibəsində radikal islamın Azərbaycanda təhlükələri ilə bağlı danışıb.

“Azərbaycanda hamı tolerantlıqdan və demokratiyadan danışır. Tolerantlıq dözümlülük deməkdir. Yəni insanların fikirlərinə, yaxud xalqların dillərinə, mədəniyyətlərinə, dinlərinə dözümlü olmalısan. Amma real həyatda bu belə deyil”, deyə o qeyd edib.

Volterin məşhur sözü var: “Mən sizin fikrinizlə razı deyiləm, amma sözünüzü deməyiniz üçün canımı verməyə hazıram”. Bu mühit ölkədə mövcud deyil.

Onun fikrincə bütün cəmiyyətlərdə problemlər olur. “Ümumilikdə bəşəriyyətin tarixi problemlər və münaqişələr tarixidir. İnsanlar, xalqlar və dövlətlər bu problemləri həll edə-edə irəliyə doğru gedirlər. Əsasən iki yol var. Birinci zor yolu və əsrlər boyu bu yol tətbiq olunurdu. İkinci yol sülh yoludur, tolerantlıq və kompromislik yoludur”.

Amerikada, Avropada da problemlər var. Bu cəmiyyətlər masa arxasına toplaşırlar, dialoq yolu ilə problemləri həll edirlər. “Bax, Azərbaycanda bu yoxdur. İstər dini, istər siyasi, istərsə də digər sahələrdə dialoq yoxdur. Ölkədə monoloq mövcuddur. İqtidarla siyasi partiyalar, vətəndaş cəmiyyəti arasında, cəmiyyətin öz daxilində də dialoq mühiti yoxdur. Məsələn, inanclı insanlarla qeyri inanclı insanlar arasında və s”, Yunus bildirib.

Arif Yunus

Arif Yunus

Azərbaycanda insanların fəaliyyətinə, inanclarına da hörmət mənasında müraciət edilmir. “Məsələn, insanlara vəhabi deyə müraciət edirlər. Bu qrup insanlar isə özlərinə sələfi deyir və vəhabi müraciətini təhqir sayır. Media yenə vəhabi deyə yazır, hətta dini rəhbərlər belə təhqiredici müraciətdən istifadə etməkdən çəkinmir. Və yaxud nurçularla bağlı son zamanlar mətbuatda dərc olunmuş 150 materialı tədqiq etdim. Bu materialların cəmi 20-si informatik idi, qalanlarının əksəriyyəti hətta təhqiredici tonda yazılıb. Şiələrə və sünnilərə yaxın saytlar bir-birini təhqiredici məqalələr dərc edir. Parlamentdə deputatları nurçuluqda ittiham edirlər. Bu tolerantlıq deyil”.

Ekspertin fikrincə, Azərbaycanda dini radikalizmi hələ təzə başlayır. “Azərbaycan əhalisinin 96 faizi müsəlmandır. Bunların yalnız 20-22 faizi inanclı insanlardır. Buna baxmayaraq ölkədə dinlə bağlı xoşagəlməz hallar mövcuddur. Son zamanlar məzhəblərarası toqquşmadan söhbət gedir. Bu istiqamətdə ölkənin müxtəlif yerlərində insidentlər qeydə alınır. Kimsə deyirsə Azərbaycanda dini məcrada hər şey yaxşıdır, bu düzgün deyil. Problem artıq var”.

Bununla yanaşı alim problemi hələ böyük təhlükə hesab etmir. “Baş verənlər hələ problemin ilk mərhələsidir. Amma ölkədə sanki məcburi radikallaşdırma prosesi gedir. Din xadimləri seçkilərdə siyasi məzmunlu bəyanatlar verir, qanunu pozur, cəzalandırılan yoxdur. Hökumət dini situasiyaya nəzarət etdiyini bəyan edir amma hüquq mühafizə orqanları daim dini insidentlər zamanı gecikir. Yəni müxalifətin aksiyalarından qabaq qabaqlayıcı tədbirlər görən hüquq mühafizə orqanları dini insidentlər zamanı qabaqlayıcı tədbirlər görmür. Sanki proseslər idarə edilir”, o qeyd edib.

Arif Yunus

Arif Yunus

Ekspertin fikrincə dini məzmunlu insidentlər bur qayda olaraq qərbin ciddi tənqidləri ilə müvafiq vaxtlara düşür. “Sanki hakimiyyət qərbə Azərbaycanda dini təhlükənin mövcudluğunu nümayiş etdirir. Bununla yanaşı bu insidentlər radikalizmi gücləndirir. Çünki bu gün təzyiqlə üzləşən adi dindar sabah radikala çevrilir və proses nəzarətdən çıxanda təhlükəli olur”.

Yunus 400-450 Azərbaycan vətəndaşının Əfqanıstan, Pakistan, İraq və Suriyada dini radikal cəbhədə döyüşdüyünü deyib. “Bu insanların geri dönməsi ölkədə o qədər də ciddi problemlər yarada bilməz. Amma onlar müharibə təfəkkürü, dini radikal baxışları ilə ölkəyə dönəcək. Bu insanlar arasında münasibətlərə təsir edəcək amillə çevrilə bilər”, o qeyd edib.

XS
SM
MD
LG