Accessibility links

Bəyanat: Jurnalist Ariya Cəfəri hansı günahın sahibidir ki, həbsdə saxlanır?


Ariya Cəfəri

Ariya Cəfəri

İranda 129 jurnalist birgə bəyanat yayaraq bir həftə əvvəl İsfahanda tutulan İSNA xəbər agentliyinin fotoqrafı Ariya Cəfərinin azadlığa buraxılmasını tələb edib.

Bir neçə həftədir İranın bəzi iri şəhərlərində, xüsusən İsfahanda hicaba tam riayət etməyən xanımların üzünə kimyəvi turşu səpilməsi halları vüsət alıb. Motosiklet sürən naməlum şəxslər küçədə qızların üzünə turşu səpib qaçırlar. İndiyədək bunu edənlərin heç biri tutulmayıb, polisin şikayətlərə laqeyd davranması isə əhali arasında hücumların hakimiyyətdaxili bəzi radikal qüvvələrin yaşıl işığı ilə həyata keçirildiyi fikrini formalaşdırıb. Buna etiraz olaraq İsfahanda və paytaxt Tehranda aksiyalar keçirilib. Aksiyaçılara zor tətbiq edilib.

İSNA-nın fotoqrafı Ariya Cəfəri oktyabrın 23-də İsfahanda üzünə kimyəvi turşu səpilən gənc xanımlarla bağlı reportaj hazırlayıb, onlardan bəzilərinin şəkillərini çəkərək mediada yayıb. O, eyni zamanda xanımların üzünə turşu səpilməsinə etiraz bildirən əhalinin aksiyasından şəkillər çəkərək mətbuatda dərc etdirib. Bütün bunlardan sonra tutulan Ariya Cəfərinin həbsinin onun peşə fəaliyyəti ilə əlaqədar olduğu vurğulanır. Jurnalistin hazırda harada saxlandığı, nədə günahlandırıldığı bilinmir.

“Media forum” saytının məlumatına görə, 129 jurnalistin birgə bəyanatında deyilir ki, Ariya Cəfərinin peşə borcunu yerinə yetirdiyinə görə həbs edilməsi qanunsuzdur: “Hadisələrdən məlumat və şəkillər hazırlayıb xalqa çatdıran jurnalistlərin həbsə salınması medianın sərbəst fəaliyyətinə maneə törətməkdən başqa bir şey deyil. Ariya Cəfəri hansı günahın sahibidir ki, indi həbsdə saxlanır?

Gənc xanımların üzünə kimyəvi turşu səpilməsi ilə bağlı xəbər və şəkillərin yayılmaması üçün mediaya ardıcıl olaraq göstərilən təzyiqlər problemin həllinə yardım edəcəkmi? Ariya Cəfəri günahsızdır. O, peşə borcunu yerinə yetirdiyinə görə tutulub və biz onun dərhal azadlığa buraxılmasını tələb edirik”.

XS
SM
MD
LG