Accessibility links

Riçard Armitac:"ABŞ-Türkiyə münasibətlərində həqiqətən də gərgin durum yaşanır."


Riçard Armitac:"ABŞ-Türkiyə münasibətlərində həqiqətən də gərgin durum yaşanır."
Riçard Armitac:"ABŞ-Türkiyə münasibətlərində həqiqətən də gərgin durum yaşanır."

Amerika-Türkiyə şurasının sədri, ABŞ Dövlət katibinin keçmiş müavini Riçard Armitac ikitərəfli münasibətlərin gərgin bir mərhələdən keçdiyini, lakin müsbət istiqamətdə irəliləməyə kifayət qədər əsasın olduğunu bildirir

ABŞ Dövlət katibinin keçmiş müavini, Amerika-Türkiyə şurasının sədri Riçard Armitac bu günlər redaksiyamıza eksklüziv müsahibəsi zamanı Birləşmiş Ştatlar və Türkiyə arasında münasibətlərin bugünkü durumunu şərh edib.

BMT Təhlükəsizlik Şurasında İranla bağlı səsvermədən sonra ABŞ-Türkiyə münasibətləri daha bir gərgin dövrdən keçir. Türkiyə və İsrail arasında münasibətlərin pisləşməsi narahatlığa daha bir səbəbdir. Vaşinqtonun bu məsələlərlə bağlı mövqeyini şərh edən Amerika-Türkiyə şurasının sədri Riçard Armitac həqiqətən də hazırda gərgin bir durumun yaşandığını bildirir.

“İlk növbədə, öz fikrimi bildirmək istəyirəm ki, həqiqətən də münasibətlər çətin bir mərhələdən keçir. Lakin eyni bir vaxt ərzində çox hadisələr baş verdi. Flotiliya problemi, səkkiz türk vətəndaşı və bir Amerika vətəndaşının həlak olmasını götürək. Bu problem BMT-də sanksiyalarla bağlı səsvermə ilə üst-üstə düşdü. Amerikalıların çoxu bunu belə qəbul edir ki, NATO-da biriksə, bir-birimizi dəstəkləməliyik. Bu deyilən halda, Ankara və Vaşinqton arasında anlaşılmazlıq baş vermişdir. Məsələn, İranla bağlı səsverməyə gəldikdə, mən belə başa düşünürəm ki, Vaşinqton Türkiyənin vasitəçiliyini istəyirdi. Lakin bu son aylar əldə etdiyimiz məlumatlara görə İrana münasibətdə ortaya daha ciddi məsələlərin qoyulduğu haqda Ankaranı kifayət qədər məlumatlandırmamışdıq. Buna görə, cənab Ərdoğanın yəqin ki, Vaşinqtondan təşəkkür gözlədiyi halda, bunun əvəzinə o “sağ olun, lazım olmadı” cavabını aldı. Nəticəsi o oldu ki, Türkiyənin səsvermədə yox deməsinə gətirib çıxaran bir sıra anlaşılmazlıqlar oldu. Amma bunu üstələyəcəyimizə yaxşı işarələr var. Fikrimcə, cənab Obama və cənab Ərdoğan Torontoda bunları arxada qoyub daha normal münasibətlərə qayıtmaq istəyini açıq nümayiş etdirdilər. Mən bilirəm ki, flotiliya məsələsində çətinlik yaransa da, baş nazir Ərdoğan ertəsi gün kömək və Tükriyə vətəndaşlarının azad edilməsi üçün cənab Əhmədinejada deyil, cənab Obamaya zəng vurdu və prezident Obama bu məsələni 24 saat ərzində həll etdi. Buna görə də hesab edirəm ki, irəliyə getmək üçün kifayət qədər əsas var. Lakin gərginliyin olduğu ilə razılaşmaya bilmərəm.”

ABŞ Dövlət katibinin yardımçısı Filip Qordon deyib ki, o, Türkiyənin NATO, Avropa və ABŞ-a sadiq olduğuna arxayındır, lakin bunu nümayiş etdirmək lazımdır. Vaşinqton Türkiyənin qərbdən uzaqlaşdığı haqda fikrə necə münasibət bəsləyir, buun üçün əsas varmı? Riçard Armitac mövcud narahatlığın bir neçə müxtəlif mənbəyi olduğunu göstərir.

“Çox uzun müddətdir amerikalılar da, türklər də arxayın idilər ki, Türkiyə NATO-nun cənubda güclü üzvüdür. Lakin soyuq müharibə dövrünün bu konteksti dəyişib. Mənə elə gəlir ki, burada Vaşinqtonda çox adam bunu başa düşmür. Bu,birinci səbəbdir. İkincisi, tamamilə aydındır ki, ABŞ-ın Türkiyənin Avropa Birliyinə üzvlüyü səyləri yaxın zamanlarda baş tutmayacaq. Qısa zamanda Türkiyə Avropa Birliyinin üzvü olmayacaq. Bu, artıq hamıya aydındır, türklərin özünə də aydındır, lakin bu, o demək deyil ki, Türkiyə qərbi sevmir. Eyni zamanda, şərqdə və cənubda da imkanlara baxmaq lazımdır. Fikrimcə, Türkiyəyə iqtisadi baxımdan yaxşı inkişaf etmiş, çoğrafi və siyasi cəhətdən müsbət mənada öz gücünü hiss edən, lakin eyni zamanda, başqa istiqamətlərdə də yaxşı münasibətləri olan bir ölkə kimi baxmalıyıq. Bu isə o demək deyil ki, Türkiyə qərb yönümündən üz döndərir.”

Cənab Armitaj ABŞ və Türkiyə arasında münasibətlərin müsbət istiqamətdə inkişaf edəcəyi və ikitərəfli münasibətlərin qarşıdan gələn Amerika-Türkiyə konfransında geniş müzakirə ediləcəyinə ümid bəslədiyini bildirdi.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG