Accessibility links

Erməni kəşfiyyatçısı məhkəmə qarşısında


Arsen Baqdasaryan
Arsen Baqdasaryan

Aprelin 7-də Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə ötən il dekabrın 26-da Ağdam rayonu istiqamətində cəbhə xətttini keçən erməni kəşfiyyatçısı Arsen Baqdasaryanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

A.Baqdasaryanın hüquqlarını vəkil Ramiz Abdullayev müdafiə edir.

Dövlət ittihamçısı Anar Mirkişiyev istintaq zamanı hər hansı qanun pozuntusuna yol verilmədiyini bildirib. Baqdasaryan dövlət ittihamçısına və məhkəməyə etirsaz bildirməyib.

Məhkəmə baxışı aprelin 13-nə təyin edilib. Məhkəmə prosesi qapalı keçiriləcək.

Arsen Baqdasaryan Azərbaycan Cinayət Məcəlləsinin 218.2-ci (Cinayətkar birlik-təşkilatda iştirak etmə), 29,120.2.1-ci (Cinayətkar birlik - təşkilat tərəfindən qəsdən adam öldürməyə cəhd etmə), 29,120.2.7-ci (İki və daha çox şəxsi qəsdən öldürməyə cəhd etmə), 29,120.2.12 (Milli, irqi, dini, ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd etmə), 29,282.2-ci (Təxribat, yəni mütəşəkkil dəstə tərəfindən Azərbaycanın müdafiə qabiliyyətini və iqtisadi təhlükəsizliyini zəiflətmək məqsədilə müəssisələrin, qurğuların, yolların, əlaqə və rabitə vasitələrinin, əhalinin həyat təminatı obyektlərinin dağıdılmasına, yaxud zədələnməsinə yönəldilən partlayışlar, yanğınlar və sair hərəkətlər törətməyə cəhd) maddələri ilə ittiham olunur. Bu maddələrin sanksiyasına görə Baqdasaryanı 15 ilədək həbs gözləyir.

Cinayət işinin istintaqını Azərbaycan Hərbi Prokurorluğu aparıb.

Hərbi Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, istintaqla müəyyən olunub ki, Ermənistanda xüsusi təlim keçən Arsen Baqdasaryan Azərbaycanın Ermənistan tərəfindən işğal altında saxlanılan Ağdərə rayonu ərazisində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin tərkib hissəsi olan 49971 saylı hərbi hissədə müqavilə əsasında baş çavuş hərbi rütbəsində kəşfiyyat bölüyünün tağım komandiri vəzifəsində fəaliyyət göstərdiyi zaman hərbi hissə komandirindənAzərbaycan vətəndaşlarını milli ədavət və düşmənçilik niyyəti ilə qəsdən öldürmək, Azərbaycanın müdafiə qabiliyyətini zəiflətmək məqsədilə Silahlı Qüvvələrin müdafiə mövqelərinə tərəf keçib səngərlərdə partlayışlar törətmək üçün mina basdırılması barədə göstərişlər alıb.

Arsen Baqdasaryan bu məqsədlə cinayətkar birliyin digər üzvləri ilə birlikdə 2014-cü il dekabrın 26-da saat 15 radələrində qoşunların təmas xəttini gizli olaraq keçərək Azərbaycan Silahlı Qüvvələrinin müdafiə mövqelərində özləri ilə götürdükləri 7 ədəd “fuqas” tipli piyada əleyhinə minalardan 3 ədədini Azərbaycan hərbi qulluqçularının daha çox gedib-gəldiyi səngər yollarında yerləşdirdikdən sonra geri qayıtmaq istəyərkən tutulub. Arsen Baqdasaryan barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

XS
SM
MD
LG