Accessibility links

Avropa İttifaqının komissarı: 2011-ci il qərar ilidir


Avropa İttifaqının komissarı: 2011-ci il qərar ilidir
Avropa İttifaqının komissarı: 2011-ci il qərar ilidir

Avropa İttifaqının energetika üzrə komissarı deyib ki, burada böyük qaz regionu var. Həm Türkmənistan, həm də digər ölkələr, məsələn İraq var. Azərbaycan bu əməkdaşlığın qurulmasında böyük rol oynayacaq. Bizim məqsədimiz regionda infrastruktur yaratmaqdır. Buradan Türkiyəyə, Bolqarıstana, Macarıstana, Avsrtiyaya və digər Avropa İttifaqı ölkələrinə, sonra şimal dəhlizini inkişaf etdirməkdir.

Avropa İttifaqı 2011-ci ildə Azərbaycanla uzunmüddətli qaz əməkdaşlığının başlaması haqqında konkret qərarlar qəbul ediləcəyinə ümid edir. Bu barədə Avropa İttifaqının energetika üzrə Komissarı Günter Ottinger bu gün Bakıda keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Azərbaycan həm istehsalçı, həm tranzit, həm də neft sahəsində təcrübəsi olan ölkədir. “Azərbaycan neft biznesində böyük önəmi olan bazaryönümlü ölkədir. Azərbaycan həm də, qaz sahəsində region ilə Avropa arasında tranzit tərəfdaş rolunu oynayacaq. Avropa İttifaqı 2011-ci ildə qaz əməkdaşlığını reallaşdırmaq istəyir. Bizim məqsədimiz aydındır, uzunmüddətli əməkdaşlıq etmək istəyirik. Bu əməkdaşlıqdan həm Avropa İttifaqı, həm də Azərbaycan qazanmalıdır.”

Enerji üzrə komissar Azərbaycanda və regionda böyük qaz ehtiyatı olduğunu təsdiq edib.

“Burada, daha böyük qaz regionu var. Həm Türkmənistan, həm də digər ölkələr, məsələn İraq var. Azərbaycan bu əməkdaşlığın qurulmasında böyük rol oynayacaq. Bizim məqsədimiz regionda infrastruktur yaratmaqdır. Buradan Türkiyəyə, Bolqarıstana, Macarıstana, Avsrtiyaya və digər Avropa İttifaqı ölkələrinə, sonra şimal dəhlizini inkişaf etdirməkdir. Bu da Polşa, Finlandiya və digər Avropa ölkələrini əhatə edəcək. Beləliklə, Azərbaycanın Avropa İttifaqına üzv olan bütün dövlətlərlə əməkdaşlıq qurmaq imkanları olacaq. Bu əməkdaşlıq qaz sahəsindən daha da irəli gedəcək. Nobelin Bakıdakı evinə baxanda görürsən ki, neft daha çox mədəniyyətlər arasında əməkdaşlıq üçün fundamental olub. Qaz əməkdaşlığı da Avropa ilə Azərbaycan arasında innovator əməkdaşlığın fundamenti ola bilər. Məsələn, Avropa İttifaqının sənaye sahələrinin investisiyalaşdırılması, gənc mütəxəssislərin mübadiləsi, bu sahələrdə çox işlər görmək lazımdır. Mənə elə gəlir ki, artıq bu tərəfdaşlığın zamanı çatıb.”

Cənab Ottinger Azərbaycan və Türkmənistan rəhbərliyi ilə səmərəli görüşlər keçirdiyini bildirib. “Azərbaycanın sənaye və energetika naziri, Türkmənistanın neft və qaz ehtiyatlarının idarə olunması və istifadəsi üzrə dövlət agentliyinin rəhbəri, Avropa İttifaqının energetika komissarı, yəni mən tərəfdən üçtərəfli görüş keçirilib. Görüşlərimiz çox intensivdir və danışıqları davam etdirmək zəruridir. Mesaj belədir ki, 2011-ci il qərar ilidir. Bu qərar həm də qaz və iqtisadiyyat sahəsində Azərbaycanla Avropa İttifaqı arasında uzunmüddətli tərəfdaşlığın başlanması qərarı olacaq.”

Azərbaycan rəhbərliyi ilə danışıqların yekunları ilə bağlı şərh verən komissar Bakının “Şahdəniz” qaz yatağının işlənməsi üzrə Mərhələ-2 layihəsinə başlamaq niyyətində olduğunu bildirib. “Bu ilin oktyabrında konsorsium “Şahdəniz” yatağı üzrə Mərhələ -2 layihəsində Azərbaycanın tərəfdaşının kim olacağı barədə qərar qəbul edəcək. Mən indi Türkiyəyə gedəcəm. Türkiyədə həm hökumətlə, həm də Türkiyənin qaz şirkəti BOTAŞ-la tranzit üzrə bütün sazişlərin əldə olunmasına çalışacam. Biz əlavə qaz həcmlərinin alınması üçün də səy göstərəcəyik. Türkmənistan hökuməti ilə yaxşı əlaqələrimiz var. Mühüm texniki məsələlərdən biri də, Azərbaycanla Türkmənistan arasında infrastrukturun qurulmasıdır. Bu da Tarsxəzər qaz boru kəməridir. Paralel olaraq Bağdadda yeni hökumətlə də əlaqə saxlayırıq. İstəyirik ki, orada da boru-qaz kəmərini inkişaf etdirək və İraqdan Türkiyəyə yeni infrastruktur qurulsun, sonra Avropa kəmərinə birləşdirilsin. Ümid edirəm ki, Azərbaycan da boru kəmərinin daha böyük regionu əhatə etməsini istəyər.”

Avropa İttifaqı Azərbaycana Avropada yaradılan qaz nəqliyyatı infrastrukturundan və xüsusən qitənin digər bazarlarına çıxış imkanı verən Nabucco-dan - Türkiyə-Bolqarıstan-Rumıniya-Macarıstan-Avstriya boru kəmərindən istifadə etməyi təklif edir. “Biz SOCAR-a “Cənub dəhlizi” üçün əsas tərəfdaş kimi baxırıq. Əlbəttə, SOCAR-ın müxtəlif variantları var, amma Avropanın qaz şirkətləri ona Mərkəzi Avropa bazarlarına çıxışı olan qaz infrastrukturunun şəriki olmağı təklif edir”, - deyə cənab Ottinger bildirib.

XS
SM
MD
LG