Accessibility links

Azərbaycan gəncləri İranda insan hüquqlarının dözülməz olduğunu deyir


Azərbaycan gəncləri İranda insan hüquqlarının dözülməz olduğunu deyir

Azərbaycan gəncləri İranda insan hüquqlarının dözülməz olduğunu deyir

Forumd bildirilib ki, İranda yaşayan azərbaycanlıların hüquqlarının pozulmasına qarşı mübarizə ümummilli məsələdir. Siyasi əqidəsindən, maddi və mənəvi durumundan asılı olmayaraq hər bir azərbaycanlı İranda yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsinə qalxmalıdır.

Bütöv Azərbaycan Gənclər Təşkilatı “Güney Azərbaycanda insan haqları” mövzusunda dəyirmi masa keçirib. İlk öncə İranda və İran Azərbaycanında insan haqlarının vəziyyətini əks etdirən və bu ölkədəki azərbaycanlı siyasi məhbuslarla bağlı sənədli filmlər nümayiş etdirilib. Filmlərdə dar ağacından asılmış, daş-qallaq edilmiş, qırmancla döyülmüş insanlarla bağlı fraqmentlər yer alıb.
Çıxışlarda İranda yaşayan azərbaycanlıların hüquqlarının pozulmasına qarşı mübarizənin ümummilli məsələ olduğu diqqətə çatdırılıb. Dünyada Güney Azərbaycanla bağlı olan təşkilatların insan hüquqları sahəsində birgə mübarizəsinin vacibliyi qeyd edilib. “Siyasi əqidəsindən, maddi və mənəvi durumundan asılı olmayaraq hər bir azərbaycanlı Güneydə yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsinə qalxmalıdır. Azərbaycan xalqının bütövlüyü hər bir azərbaycanlının məqsədidir. Bu, şərəfli bir yoldur. Azərbaycan gəncliyi bu yolda ardıcıl və daha radikal olmalıdır”, - deyə Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı qeyd edib.
İran rejiminin başlıca məqsədi etnik mənsubiyyətin aşağılanmasıdır. “Millətindən asılı olmayaraq İranda bütün millətlər şovinist ideologiyasına tabe etdirilir. Burada hakimiyyətlərin dəyişməsi problemin həlli deyil. Filmdə də nümayiş etdirildiyi kimi hazırda müxalifətdə olan Məhəmməd Xatəmi hakimiyyətdə olarkən milli fəalların dar ağacından asılmasını müşahidə edirdi. Bu səbəbdən də İranda hakimiyyət deyil rejim dəyişikliyinə nail olmaq lazımdır”. - deyə Bütöv Azərbaycan Gənclər Təşkilatının rəhbəri Ruslan İzzətli Amerikanın Səsi radiosuna müsahibəsində bildirib.
İranda onlarla milli fəal azərbaycanlı siyasi məhbusdur. Hazırda onların həbsdən azad edilməsi məqsədilə internet vasitəsi ilə imzatoplama kampaniyası aparılır. “Hər bir azərbaycanlını bu kampaniyaya qoşulmağa dəvət edirəm. Bizim imzamız milli fəalların mübarizəsini və rejimin əzablarına dözümünü daha da artırır”, - deyə Güney Azərbaycan Milli Oyanış Hərəkatının Bakı təşkilatının rəhbəri Ağrı Qaradağlı qeyd edib.
Azərbaycan Respublikasının rəhbərləri və Azərbaycan Milli Məclisi İranda yaşayan azərbaycanlıların hüquqlarının pozulmasına biganə qalmamağa çağırılıb. “Güney Azərbaycanda azərbaycan dili məişət səviyyəsinə endirilib. İnsanlar ana dilində təhsil ala bilmir, milli mətbuat yoxdur. İrandan siyasi təqiblərdən Azərbaycana qaçan insanların hüquqları isə Azərbaycan Respublikasında qorunmur. Onların təhsilinə, yaşayışına Azərbaycan hökuməti fərqli yanaşmalı və yaxından yardım etməlidir”, - deyə Müsavat Partiyasının Divan üzvü Almaz Əliqızı bildirib.
Forumda siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, Dünya Azərbaycanlıları Konqresinin Güney Azərbaycanla bağlı zəif fəaliyyəti və ya fəaliyyətsizliyi tənqid edilib. Dəyirmi masaların davam etdirilməsi barədə iştirakçılar ümumi razılığa gəlib. Hər dəyirmi masadan sonra problemlərlə bağlı Azərbaycan hakimiyyətinə, diplomatik nümayəndəliklərə və beynəlxalq təşkilatlara müraciətlər qəbul ediləcək.

XS
SM
MD
LG