Accessibility links

11 mart - Böyük Xalq Günü küçələrdə etirazlarla davam edib


11 mart - Böyük Xalq Günü küçələrdə etirazlarla davam edib

11 mart - Böyük Xalq Günü küçələrdə etirazlarla davam edib

Etirazlar əsasən, 28 May metro stansiyası qarşısında, Cəfər Cabbarlı meydanında, Neft Akademiyası ətrafında, Səməd Vurğun bağında və Nizami küçəsində qeydə alınıb

Bu gün “11 mart -Böyük Xalq Günü” virtual etiraz aksiyası ilə bağlı təşəbbüslər insanların küçələrdə də etiraz şüarları səsləndirməsinə səbəb olub. Metro stansiyalarının çıxışlarında, meydanlarda, əhalinin sıx olduğu küçələrdə ciddi polis nəzarəti olmasına baxmayaraq gənclər bir neçə nəfərlik qruplar şəklində etirazlarını bildirib. Etirazlar əsasən, 28 May metro stansiyasının qarşısında, Cəfər Cabbarlı meydanında, Neft Akademiyasının ətrafında, Səməd Vurğun bağında və Nizami küçəsində qeydə alınıb.

Polis iyirimi nəfərədək gənci saxlayıb. Saxlananlar arasına Müsavat Partiyası başqanı İsa Qəmbərin oğlu Turqut Qəmbər, ADP Gənclər Təşkilatının sədri Cəmil Quliyev və digər gənclər təşkilatlarının fəalları var.

İnsidentlər zamanı etirazçılara qarşı ağrıdıcı fənlərdən istifadə edilib. “Azadlıq” radiosunun fotoreportyoru Abbas Atilay isə üzündən zərbə alıb.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı da gəncləri müdafiə üçün Cəfər Cabbarlı meydanına gəlib. O hüquq-müdafiə orqanlarının əməkdaşlarını qanuna əməl etməyə, gəncləri saxlayarkən zorakı üsullardan istifadə etməməyə çağırıb. “İnsanların hüquqlarının müdafiəsi uğrunda mübarizəni davam etdirmək vacibdir”, - deyə o qeyd edib.

Bir neçə gün öncə bir qrup gənc Facebook sosial şəbəkəsində “11 mart - Böyük Xalq Günü” qrupu yaradıb. Qrup martın 11-də hökumətin siyasətinə etiraz olaraq keçiriləcək virtual aksiyada iştirak etmək üçün 46 minədək insana dəvət göndərib. Artıq martın onunda üç mindən çox adam Facebookda aksiyada iştirak etmək arzusunu bildirmişdi.

Etirazçılar aşağıdakı şüarlardan istifadə edib: Azərbaycan xalqı öz varlığını göstərəcək!, 11 Martda toplanırıq... müxtəlif şəhərlərdə, rayonlarda...!, 11 fevralda Misir xalqının israrlı mitinqləri nəticəsində şərq diktatorlarının ən yaşlısı, ən güclüsü istefa verməyə məcbur oldu!, Azərbaycan Xalqı öz böyüklüyünü rejimə və dünyaya göstərəcək!

Etiraz aksiyasını ATƏT-in Bakı ofisinin monitorinq qrupu, diplomatik missiyaların təmsilçiləri izləyib.

XS
SM
MD
LG