Accessibility links

“11 mart - Böyük Xalq Günü” virtual etiraz aksiyası ilə bağlı narahatlıqlar


“11 mart - Böyük Xalq Günü” virtual etiraz aksiyası ilə bağlı narahatlıqlar

“11 mart - Böyük Xalq Günü” virtual etiraz aksiyası ilə bağlı narahatlıqlar

Artikl 19, Freedom House, İnsan Hüquqları Evi Fondu, Senzura İndeksi, KİV Müxtəlifliyi İnstitutu, Norveç Helsinki Komitəsi, Sərhədsiz Reportyorlar və Freedom House təşkilatları həbsləri pisləyir. Müsavat partiyası mitinq keçirəcəyini bildirir. Gün ərzində etiraz aksiyası ilə bağlı çoxsaylı məlumatlar yayılıb. Bir neçə gənc polis tərəfindən saxlanıb və sonra azad buraxılıb.

Azərbaycan Tərəfdaşları Beynəlxalq Qrupuna üzv olan yeddi beynəlxalq təşkilat son günlər ölkədə gənc fəallar və blogerlərin həbsi dalğasını pisləyib və hökuməti onları dərhal azad etməyə çağırıb.

Təşkilatların birgə bəyanatında deyilir ki, Azərbaycan hakimiyyətinin ifadə azadlığını məhdudlaşdırması və təzyiqlər son həftələr münasibətlərin gərginləşməsinə səbəb olub. “Həm də Yaxın Şərqdə və Şimali Afrikada baş verən hadisələrdən ilhamlanmış demokratik etiraz çağırışları getdikcə artır”.

Beynəlxalq təşkilatlar hakimiyyəti son günlər həbs edilmiş beş gənc fəalı dərhal və qeyd-şərtsiz azad etməyə, ifadə və toplaşmaq azadlığının məhdudlaşdırılmasına son qoymağa çağırır. “Biz Cabbar Savalanın (fevralın 5-də həbs olunub), Bəxtiyar Hacıyevin (martın 4-də həbs olunub), Dəyanət Babayevin (martın 4-də həbs olunub), Rəşadət Axundovun və Səxavət Soltanlının (martın 8-də həbs olunublar) azad edilməsini tələb edirik. Bu həbslər Azərbaycan hakimiyyətinin ünvanına tənqid səsləndirən şəxslərin qorxudulması, təqibi, onlara qarşı zorakılıq və azadlıqdan məhrum edilmələri məqsədilə həyata keçirilib. Bundan başqa, polis Gəncə şəhərində üç QHT-ni bağlayıb, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşlarını saxlayaraq Facebook-dakı fəaliyyətlərilə bağlı dindirib”, - deyə sənəddə qeyd edilir.

Bəyanatı Artikl 19, Freedom House, İnsan Hüquqları Evi Fondu, Senzura İndeksi, KİV Müxtəlifliyi İnstitutu, Norveç Helsinki Komitəsi, Sərhədsiz Reportyorlar» imzalayıb.

Freedom Hause da Facebook sosial şəbəkəsində aktiv olan üç gəncin həbsindən narahatlığını ifadə edib. Təşkilatın martın 9-da Azərbaycan hökumətinə müraciət edib. Müraciətdə hakimiyyətdən 11 martda keçirilməsi nəzərdə tutulan etirazlara tolerant, toplaşmaq və birləşmək azadlığına dözümlü yanaşılmasının vacibliyi qeyd edilir.

Freedom House hesab edir ki, deputatlığa keçmiş namizəd Bəxtiyar Hacıyevi həbs etməklə ona hədə-qorxu gəlinir. Təşkilat bildirir ki, məlumatlar gənc fəallar Səxavət Soltanlı və Rəşadət Axundovun da həbsində “11 mart” motivinin olduğunu göstərir.

Bir neçə həftə əvvəl hakimiyyətyönümlü televiziyalar Azərbaycan vətəndaşlarına məsləhət verib ki, sosial şəbəkələrdən istifadə arzuolunmaz nəticələrə gətirib çıxara bilər.

Freedom House-un icraçı direktoru David Kramer bildirib ki, yaxın iki gündə fəalların təqibi təkcə beynəlxalq tənqidlərlə qarşılanmayacaq, həm də sosial narazılığı artıracaq. “Həbslərin daha çox olması və ya ifadə azadlığına qarşı təzyiqlər Azərbaycan hakimiyyətinin güclülüyündən yox, zəifliyindən xəbər verəcək”,- deyə cənab Kramer bildirib.

Freedom House Azərbaycanın mobil operatorunun Facebook şəbəkəsinə çıxışın məhdudlaşdırmasını da pisləyib.

Azərbaycanda gün ərzində “11 mart-Böyük Xalq Günü” virtual etiraz aksiyası ilə bağlı çoxsaylı məlumatlar yayılmaqdadır. Bir neçə gənc polis tərəfindən saxlanıb və sonra azad buraxılıb. Polis gənclərdən 120 ədəd üzərinə “Böyük Xalq Günü” yazılmış maykaları alaraq cırıb.

Daxili İşlər nazirliyinin mətbuat xidməti bildirib ki, polis icra orqanları ilə razılaşdırılmamış istənilən qanunsuz aksiyanın qarşısını alacaq.

Bu gün Bakı şəhər icra hakimiyyəti Müsavat Partiyasının martın 12-də Təbriz kinoteatrının qarşısında mitinq keçirilməsi ilə bağlı müraciətinə rədd cavabı verib.

Buna baxmayaraq, partiya rəsmiləri bildrib ki, martın 12-də aksiya keçirmək qərarı qüvvədə qalır.

XS
SM
MD
LG