Accessibility links

11 sentyabr hadisələrindən bəri müsəlman dünyasında ABŞ-a qarşı mənfi fikir mövcüddur


11 sentyabr hadisələrindən bəri müsəlman dünyasında ABŞ-a qarşı mənfi fikir mövcüddur
11 sentyabr hadisələrindən bəri müsəlman dünyasında ABŞ-a qarşı mənfi fikir mövcüddur

Müsəlmanların çoxunun ABŞ-ın demokratik dəyərlərini dəstəkləməsinə baxmayaraq, Merilənd Universitetinin Beynəlxalq Siyasi Münasibətlər proqramının direktoru Stiven Kall deyir ki, müsəlman ölkələrində Amerika əleyhinə geniş yayılmış mənfi baxışlar mövcuddur

Terrorçuların ABŞ-a hücumundan 10 il keçir. O vaxtdan bəri dünya içtimaiyyətinin diqqəti Amerikanın müsəlman dünyası ilə əlaqələrinə yönəlib.

Dünya müsəlmanlarının çoxu 2001-ci ilin 11 sentyabrında terrorçuların Birləşmiş Ştatlara hücumunu qınayıblar. Ancaq çoxları düşünür ki, Vaşinqtonun bu hücumlara cavabı daha pis olub.

Merilənd Universitetinin Beynəlxalq Siyasi Münasibətlər proqramının direktoru Stiven Kall əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən ölkələrdə bir sıra sorğular keçirib. O deyir ki, hələ 11 sentyabr hadisələrindən əvvəl də İsrailə dəstəyə görə Amerikaya mənfi münasibət var idi, lakin bu baxış hələ tam formalaşmamışdı. 11 sentyabr hadisələrindən sonra Əfqanıstanda və İraqda müharibələr, NATO-nun Liviyaya müdaxiləsi və Əl-Qaidəyə qarşı mübarizə adı ilə müxalif fikri susduran avtoritar rejimlərə dəstək bu baxışların formalaşmasına gətirib çıxardı.

Müsəlmanların çoxunun ABŞ-ın demokratik dəyərlərini dəstəkləməsinə baxmayaraq, Kall deyir ki, müsəlman ölkələrində Amerika əleyhinə geniş yayılmış mənfi baxışlar mövcuddur: “Onlar üçün bu dəyərlərə həmişə sadiq qalmayan, islama dost olmayan, məsuliyyətsiz şəkildə beynəlxalq qanunları pozaraq hərbi müdaxilələr həyata keçirən pis Amerika var.”

Esam Əl-Erian Misirdə mühafizəkar Musəlman Qardaşları partiyasının lideridir. Hüsnü Mübarək dövründə bu partiyanın fəaliyyətinə son qoyulmuşdu. O iddia edir ki, ABŞ-ın hərbi əməliyyatları islamçı terrorçulardan daha çox mülki vətəndaşların həyatına son qoyur və ABŞ-ın müsəlman ölkələrində sabitliyi bərpa etmək, o cümlədən, bu ölkələrə demokratiya gətirmək üçün gücdən istifadə etməsi uğursuzluğa düçar olub: “Əfqanıstanda uduzdular? Bəli. Onlar dövləti yenidən qura bilmədilər. İraqda necə? Bəli . Onlar demokratiya modeli qura bilmədilər”.

Rəy sorğuları göstərir ki, prezident Barak Obamanın müsəlman dünyası ilə münasibətləri yaxşılaşdırmaq səylərinin bu baxışlara çox az təsiri olub.

İndoneziya ABŞ-a müsbət baxışların mövcud olduğu ölkə kimi istisna təşkil edir. Barak Obamanın uşaqlıq illərini İndoneziyada keçirməsi, ölkənin o vaxtdan bəri demokratik inkişaf yolu keçməsi və İndoneziyanın özünün də terror hücumlarına məruz qalması bunun başlıca səbəblərindəndir.

Buna baxmayaraq hətta İndoneziyanın özündə də ABŞ-ın hərbi siyasəti və Vaşinqtonun İsraillə əlaqələrinə müxalif olan azlıq var.

Cənab Kall deyir ki, ABŞ İraq və Əfqanıstanda qüvvələrinin sayını azaltmağa davam etsə və İsrail-Fələstin sülh prosesində irəliləyiş olsa, bəlkə müsəlmanların ABŞ-a münasibəti dəyişə bilər. Ancaq ekspertin sözlərinə görə, əgər Vaşinqton dünyada demokratik inkişafları dəstəkləmək istəyirsə, bu işi Müsəlman Qardaşları və digər islam qrupları ilə birgə aparmalıdır.

Dövlət katibi Hillari Klinton Birləşmiş Ştatların bu istiqamətdə addım atmağa və Misirin Müsəlman Qardaşları qrupu ilə təmasa keçməyə hazır olduğuna işarə etsə də, Əl-Erian deyir ki, bu günə qədər heç bir əlaqə qurulmayıb.

2001-ci il 11 sentyabr hadisələrindən 10 il keçməsinə baxmayaraq, müsəlmanların Amerikaya münasibəti hələ də üzərində iş tələb olunan məsələ olaraq qalır.

XS
SM
MD
LG