Accessibility links

2011-ci il İsrail-Fələstin sülh prosesində durğunluq ili kimi yadda qalır


2011-ci il İsrail-Fələstin sülh prosesində durğunluq ili kimi yadda qalır

2011-ci il İsrail-Fələstin sülh prosesində durğunluq ili kimi yadda qalır

Yaxın Şərq üzrə vasitəçilər İsraillə fələstinliləri bir araya gətirərək, birbaşa danışıqlara çalışsalar da bu, uğursuzluqla nəticələndi

Beynəlxalq vasitəçilər bu il Fələstinlə İsrail arasında birbaşa sülh danışıqlarının baş tutmasına çalışsalar da, danışıqlarda heç bir nəticə əldə edilmədi. Bu il eləcə də bir neçə ölkədə Ərəb inqilabları baş verdi.

Sülh danışıqlarında durğunluqdan narazı olan Fələstin rəsmiləri BMT-yə tam üzvlük barədə müraciət etdi. BMT məsələni müzakirə etdiyi vaxt Birləşmiş Ştatlar buna qarşı çıxdığını bildirdi. Buna baxmayaraq Fələstin BMT-nin UNESCO təşkilatına üzv seçildi və bu, İsrail və Birləşmiş Ştatların qəzəbinə səbəb oldu. İsrail 1967-ci ildə işğal etdiyi Fələstin torpaqlarında daha çox ev tikmək qərarına gəldi.

Yaxın Şərq üzrə vasitəçilər İsraillə fələstinliləri bir araya gətirərək, birbaşa danışıqlara çalışsalar da bu, uğursuzluqla nəticələndi. Fələstinlilərin prezidenti Mahmud Abbas və onun Fətah hərəkatı Qəzzaya nəzarət edən rəqib İslamçı Həmas qrupu ilə əlaqələri kəsməyə çalışdı.

İsrail isə Həmasın İsraili yox etmək istədiyini deyərək, fələstinlilərlə sülh danışıqlarının baş tutmayacağını bildirdi. Bununla yanaşı, Həmasın beş il bundan əvvəl ələ keçirərək girov saxladığı əsgərinin əvəzində İsrail min nəfərdən çox fələstinlini məhbusu azad etdi.

Qəzzada təhlilçi Mahmud Əcrəmi bu mübadilənin Həmasın fələstinlilərin arasında popluyarlığının artmasına, Mahmud Abbasa isə dəstəyin azalmasına səbəb olduğunu deyir: “Bu bizə daha çox ümid verdi ki, biz öz hüquqlarımızı müqavimət və yalnız müqavimət yolu ilə bərpa edə bilərik.”

Bəzi ərəb ölkələrində üsyanlardan sonra islamçıların nüfuzunun artması İsrailin narahatlığına səbəb oldu. İsrail liderləri bunun anti-İsrail əhvali-ruhiyyəsinin artacağına və bölgədə sabitliyə hədə olacağından ehtiyat etməyə başladılar.

Şərhçi Denni Rubinşteyn Tunis və Misirdə islamçı partiyaların seçicilərin səslərini qazandığını deyir. O hesab edir ki, İsrail və qərb onlarla təmas qurmalıdır. “Mən onlardan qorxmuram, çünki onlar sərsəm deyillər. Onlar nə Taliban, nə də Əl-Qaidədir. Onlar türk islamçı hərəkatına bənzəyir. “

Fələstinin PASSİA araşdırma qrupunda təhlilçi Mehdi Əbdel Hadi islamçı hərəkatların dəyişdiyini və getdikcə demokratik cəmiyyətə yaxınlaşdığını deyir. Lakin onun fikrincə, bu, Fələsin məsələsindən üz döndərmək demək deyil. “Biz ərəb məsələsinin əsasında durmuşuq. 1914-cü ildə Birinci Dünya müharibəsi, 1916-cı ildə ərəb qiyamı, 1917-ci ildə, bütün proseslərdə, Camal Əbdül Nasir və siyasi islamın yarandığı dövr biz məsələnin əsasında olmuşuq.”

Təhlilçilər ərəb ölkələrində üsyanların Yaxın Şərqdə hansı dəyişikliklər yaradacağı məsələsində müxtəlif fikirlərə malik olsalar da, onların böyük hissəsi İsrail-Fələstin sülh prosesində durğunluğun regionda sabitliyə yaxşı təsir etmədiyi fikrini bölüşür.

XS
SM
MD
LG