Accessibility links

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyi ilə 28 May - Respublika Günü Kaliforniyanın Monterey şəhərində qeyd olunmuşdur. Xatırladaq ki, Monterey şəhəri 2011-ci ildən etibarən Lənkəran şəhəri ilə qardaşlaşmış şəhərdir.

Kaliforniyanın ilk konstitusiyasının qəbul olunduğu tarixi Kolton Zalında keçirilən tədbir Azərbaycan və ABŞ himnlərinin səsləndirilməsi ilə başlamışdır.

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev tədbirdə çıxış edərək, Respublika Gününün önəmindən, Azərbaycanın hazırkı sürətli inkişafından və Azərbaycan-ABŞ münasibətlərindən bəhs etmiş, Lənkəran-Monterey qardaşlığının daha da gücləndirilməsinin zəruriliyini vurğulamışdır.

ABŞ Konqresmeni Səm Farr və Monerey şəhərinin meri Çuk Della Salla öz çıxışlarında Azərbaycanın ABŞ üçün mühüm müttəfiq olduğunu qeyd etmiş, bu ikitərəfli strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsinin hər iki dövlətin və xalqın maraqlarına cavab verdiyini diqqətə çatdırmışlar.

Sonra Respublika Günü münasibətilə Kaliforniya Ştat Assambleyasının üzvü Bill Monninq və Monterey Şəhər Şurası tərəfindən verilmiş təbrik bəyanatları baş konsula təqdim olunmuşdur. Daha sonra 3 il Azərbaycanda yaşamış, hazırda Monterey şəhərində təhsil alan Mayka Land çıxış edərək, Azərbaycanın nailiyyətləri, zəngin tarixi və mədəniyyəti, azərbaycanlıların yüksək qonaqpərvərlik və dözümlülük ənənələri barədə təəssüratlarını paylaşmışdır.

Tədbirdə Monterey şəhər şurasının üzvləri, şəhər ictimaiyyətinin tanınmış nümayəndələri, yerli KİV təmsilçiləri və Azərbaycan və türk icmasının üzvləri iştirak etmişlər.

XS
SM
MD
LG