Accessibility links

Arzu Abdullayeva: Gürcüstan ideal demokratiya səviyyəsinə çatmayıb, Azərbaycanda isə belə bərbad vəziyyət heç zaman olmayıb


Arzu Abdullayeva: Gürcüstan ideal demokratiya səviyyəsinə çatmayıb, Azərbaycanda isə belə bərbad vəziyyət heç zaman olmayıb
Arzu Abdullayeva: Gürcüstan ideal demokratiya səviyyəsinə çatmayıb, Azərbaycanda isə belə bərbad vəziyyət heç zaman olmayıb

Gürcüstanda və Azərbaycanda demokratiyanın, insan haqlarının durumuna baxış

Helsinki Vətəndaş Assambleyasının həmsədri Arzu Abdullayeva Amerikanın Səsi radiosuna müsahibəsində Gürcüstan və Azərbaycanda demokratiya və insan hüquqları sahəsində mövcud durum barədə danışıb.

Sual: Gürcüstanda və Azərbaycanda demokratiyanın səviyyəsini necə qiymətləndirirsiniz?

Cavab: Azərbaycanın qeyri-demokratik durumuna çatmaq mümkün deyil. Əlbəttə, Gürcüstanda da ideal cəmiyyətin yarandığını və ideal demokratiya səviyyəsinə çatdığını demək olmaz. Amma, Azərbaycanda demokratiya və insan hüquqlarına münasibət nə mədədniyyətimizə , nə də mentaliteimizə uyğun gəlmir. İnsan hüquqları və demokratiyaya münasibətdə hazırki bərbad vəziyyət heç zaman olmayıb. Əvvəllər də çətin dövrlər olub, ancaq bununla yanaşı Azərbaycanda perspektivlər və ümidlər var idi. Nəyisə dəyişməyə insanlarda daxili inam da var idi. İndi, elə bir vəziyyət yaranıb ki, perspektiv də görünmür. Elə bil, bütün ümidlər məhv edilib.

Gürcüstana gəlincə, bu ölkədə demokratiyanın səviyyəsini çox da bəyənmirəm. Ancaq, orada hansısa addımlar var və buna xarici təşkilatlar normal qiymət verir. Məsələn, Gürcüstanda korrupsiyaya qarşı mübarizə çox yaxşı nəticə verib və ölkə ilə bağlı yaxşı rəy yaradıb. Hətta, hakimiyyət üçün yaxşı bir piyardır.

Bu ölkədə demokratiya və islahatlar üçün perspektivlər var. Bunlara baxmayaraq, Gürcüstanda da Azərbaycandakı kimi siyasi məhbuslar var. Azərbaycanda 20 nəfər siyasi məhbus varsa, Gürcüstanda 40 nəfərə yaxındır. Gürcüstanda hansısa bir müddət ərzində mitinq etmək mümkündür. Ancaq, sonradan mitinqlər dağıdılır, təzyiqlər başlayır. Təqiblər əsasən gənclərə qarşı yönəlib. 180 nəfər gənc müxtəlif vaxtlarda polis idarələrinə gətirilib, hətta bəzilərinə qarşı işgəncələr də verilib.

Azərbaycanda mitinq keçirməyə ümumiyyətlə icazə verilmir. İndi dünyada fləşmob geniş yayılıb, Azərbaycanda bu, da qadağandır.

Sual: Gürcüstanda və Azərbaycanda fikir, söz və mətbuat azadlığına münasibət necədir?

Cavab: Bu sahədə Gürcüstanda vəziyyət əlbəttə, daha yaxşıdır. Gürcüstanda azı iki televiziya kanalında insanlar hökuməti tənqid edə bilir. Azərbaycanda bir dənə belə müstəqil telekanal və radio yoxdur. İctimai xadimlər, hüquq müdafiəçiləri televiziya və radiolarda tənqidi fikir söyləyə bilmir.

Gürcüstanda çoxsaylı müstəqil radiolar var, hətta regionlar səviyyəsində belə müstəqil radiolar var. Kim istəsə radio aça bilir və radiolarda fikri çatdırmaq tam azaddır.

Gürcüstanda bələdiyyə institutu da inkişafdadır. Azərbaycanda isə bələdiyyələr o qədər də inkişaf etməyib. Bələdiyyələrin işi-gücü torpaq satmaq, pul yığmaqdır .Bələdiyyə institutları insan haqlarına məhəl qoymur. Gürcüstanda bu istiqamətdə müsbət fərq var, ancaq orada da işlər ideal deyil. Gürcüstan hüquq müdafiəçiləri deyir ki, orada da sahibkarların əlindən binalarını, torpaqlarını alırlar.

Sual: Gürcüstan və Azərbaycan hüquq müdafiəçiləri münaqişələrdə hüquq pozuntularına qarşı birləşə bilirmi?

Cavab: Birləşə bilirlər. Təkcə Gürcüstan deyil, hətta Ermənistan, Gürcüstan, Azərbaycan hüquq müdafiəçiləri və sülhpərvərləri birləşir. Artıq, Azərbaycan, Gürcüstan və Ermənistan hüquq müdafiəçiləri bir neçə birgə hüquq-müdafiə şəbəkələri yaradıb.

XS
SM
MD
LG