Accessibility links

Arzu Abdullayeva: İqtidaryönümlü QHT - bu nonsensdir [Video-müsahibə]


Helsinki Vətəndaş Assambleyasının həmsədrinin Amerikanın Səsinə müsahibəsi

Helsinki Vətəndaş Assambleyasının həmsədri Arzu Abdullayeva Amerikanın Səsinə müsahibəsində ölkədə insan hüquqlarının durumu və siyasi məhbus problemlərindən danışıb.

Amerikanın Səsi: Azərbaycanda insan hüquqları sahəsində irəliləyişlər niyə qeydə alınmır? Çünki yerli və beynəlxalq hüquq müdafiəçiləri vəziyyətin pisləşməkdə davam etməsi ilə bağlı bəyanatlar verir?

Arzu Abdullayeva: Bunun bir neçə səbəbi var. Bir səbəbi bundan asılıdır ki, Azərbaycanın iqtisadiyyatı indiyədək yaxşı inkişaf edirdi. 2015-ci ildən neft gəlirləri aşağı düşəcək. Ola bilsin ki, bu vətəndaşın vəziyyətini bir az aşağı salacaq. Mən deməzdim ki, indi çox gözəldir, sosial vəziyyət yaxşıdır. Əksinə mən onu çox pis qiymətləndirirəm. Həm pensiyaların səviyyəsi, həm imtiyazlar, əlillərin durumu həddindən artıq aşağıdır. Təbii resurslarla varlı ölkədə belə olmamalıdır. Müqayisədə hətta kasıb Ermənistanla eynidir. Belə olmamalıdır. Bu bir az da aşağı düşəcək. Bu ola bilsin ki, təkcə siyasətlə məşğul olanlar, vətəndaş cəmiyyətinin fəalları yox, həm də xalqın fəallığına təkan versin. Fikirləşirəm ki, buna görə çoxlu həbslər, təzyiqlər olur. Bu sadəcə xalqı qorxu içində yaşatmaq üçün edilir.

Amerikanın Səsi: Azərbaycanda indiyədək beynəlxalq təşkilatlar tərəfindən vicdan məhbusu kimi tanınmış bu qədər sayda insan olmayıb. Yerli hüquq müdafiəçilərinin qiymətləndirmələrinə görə də çoxsaylı siyasi məhbuslar var. Problemin həlli üçün nə edilməlidir. Problem niyə həll edilmir?

Arzu Abdullayeva: Çünki bu məsələnin həllinin kökü iqtidarın istəyinə dirənib. Nümayişkaranə göstərilir ki, mən istəsəm azad edəcəm, istəməsəm yox. O beynəlxalq təşkilatlarla ki Azərbaycan təmas qurub, onun üzvüdür onların təzyiq mexanizmləri çox məhduddur.

Amerikanın Səsi: Amma Avropa Məhkəməsinin qərarları da axıracan yerinə yetirilmir. Niyə bu qərarlar sonadək yerinə yetirilmir?

Arzu Abdullayeva: İstəmir. Bunu nümayiş etdirir ki, istəmirəm. Ya da ki onlarla şəxsi münasibətlər qurur. Təklif edir ki, mən sənə filan qədər mənfəət verəcəm və bu Avropa Məhkəməsinin çərçivəsində olan bir qərar kimi qəbul olunmasın. Bax belə bir məlumat da var.

Amerikanın Səsi: Son həbsləri və istintaq prosesini necə qiymətləndirirsiniz? QHT-lər, Xədicə İsmayılova, Leyla Yunus, Rauf Mirqədirov, Pərviz Həşimli, çoxsaylı dindarlar, blogerlər və s.

Arzu Abdullayeva: Onlarla yanaşı çoxsaylı vətəndaş cəmiyyətinin fəalları da prokurorluğa çağırılır. Ancaq onlar bu barədə məlumat yaymırlar. Səbəb də ondan ibarətdir ki, biz çalışırıq ki, cəmiyyətdə xof olmasın. Məsələn, mən özüm də dindirilmişəm. İnsan hər bir fəaliyyətə görə təqib olunur.

Faktiki olaraq belə rəy yaradılır ki, insan fəal olmağa qorxsun. Yəni yeganə yönüm iqtidaryönümlü olmaqdır. İqtidaryönümlü qeyri hökumət təşkilatı - bu, nonsensdir. Ancaq bunu istəyirlər. Xalq arasında da fəallıq olmasın.

Amerikanın Səsi: Vəziyyətdən çıxışı nədə görürsünüz?

Arzu Abdullayeva: Hökumət vətəndaş cəmiyyətindən, xalqdan qorxmamalıdır. Belə bir geosiyasi vəziyyət yaranır ki, hökumət məhz öz xalqına arxalana bilər. Bu Qarabağla da bağlıdır, iqtidarın qalıb-qalmamağı ilə də balıdır və s. Əgər xalqa bir balaca yaxşılıq edərsənsə, təmiz işləyərsənsə, demokratik olarsansa, xalq bunu tez başa düşür.

Bunun üçün susmamaq lazımdır. Vətəndaş cəmiyyətini də fəal olmağa çağırmaq lazımdır.
XS
SM
MD
LG