Accessibility links

Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsi ofissiz qala bilər


Arzu Abdullayeva

Arzu Abdullayeva

Azərbaycan vətəndaş cəmiyyətinin fəalları öz müzakirələrini keçirmək üçün son meydançadan məhrum edilə bilər. Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsini (HVA AMK) ofisdən məhrum olunma təhlükəsi gözləir. Belə ki, son vaxtlar Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsinin (VCMK) iclasları burada keçirilirdi.

Bu barədə Siyasi Məhbusların Monitorinq Mərkəzinin Qərb dövlətlərinin hökumətlərinə və beynəlxalq təşkiatlara müraciətində deyilir.

Vətəndaş cəmiyyəti institutlarının layihələrinin dondurulması səbəbindən HVA AMK ofisin icarə haqqını ödəyə bilmir və buna görə təşkilatı ofisdən çıxmaq təhlükəsi gözləyir.

Müraciətdə Azərbaycanın avrointeqrasiyasında, demokratik dəyərlərin yayılmasında və müdafiəsində VCMK-nın rolu və fəaliyyəti qeyd olunur.

“Azərbaycanda hakim rejim azad fikrə qarşı çıxaraq mövcud hakimiyyəti uzun illər saxlamaq ümudi ilə Putin Rusiyasının yoluyla gedir. Belə ki, 2013-cü ildən demokratik institutların ölkədən çıxarılmasına başlanılıb. Prezident seçkiləri ərəfəsində “Azad Fikir” Universiteti bağlanıb. Sonra vətəndaş cəmiyyəti fəallarına qarşı repressiyalar başlayıb. Tanınmış hüquq müdafiəçiləri Leyla Yunus və onun həyat yoldaşı, konfliktoloq Arif Yunus, vəkil İntiqam Əliyev, Rəsul Cəfərov, Anar Məmmədli həbs olunublar. Amerikanın IREX təşkilatı bağlanıb, VCMK-nin üzvü olan 30-dan çox QHT-nin bank hesabı dondurulub və bununla da vətəndaş cəmiyyətinin fəaliyyəti iflic vəziyyətinə salınıb. Bu gün demokratik fikrin son dayanacağı Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin ofisidir. Burada VCMK-nın toplantıları keçirilir. İcarə haqqının ödənilməməsi səbəbindən yaxın günlərdə Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin ofisi qapadılacaq”, müraciətdə deyilir.

HVA AMK və onun rəhbəri Arzu Abdullayeva Azərbaycanda insan hüquqları sahəsində, o cümlədən siyasi məhbusların azadlığa buraxılmasında böyük işlər görüb, seçkilərin monitorinqini keçirib və s. Bu gün bu təşkilat bağlanmaq həddinə çatıb.

“Bütün bu özbaşınalıq bizim yönləndiyimiz, ümid etdiyimiz və inandığımız Avropa demokratik institutlarının sükutu içərisində baş verir. HVA AMK-nın bağlanması ağır nəticələrə səbəb olacaq. Xalqın Aİ və ABŞ-a olan inamı həmişəlik itəcək”, - müəlliflər qeyd edirlər.

“Biz keçmiş “siyasi məhbuslar” ümid edirik ki, HVA ofisinin saxlanmasında bizə yardımçı olacaqsınız. Biz hüquq-müdafiə təşkilatlarının rəhbərlərinə, Azərbaycan prezidentinə müraciət edirik və bu addım yalnız Azərbaycan hökumətinin imicinə müsbət təsir göstərəcək”, - müraciətdə deyilir.

Müraciəti Siyasi Məhbusların Monitorinq Mərkəzinin rəhbəri Elşən Həsənov, təşkilatın üzvləri Tural Abbaslı, Əhəd Məmmədli, Rüfət Hacıbəyli, Mehdi Şamilov imzalayıblar.

A.Abdullayeva hazırda xidməti ezamiyyətdədir.

VCMK 2009-cu ildə - QHT-lər haqqında qanunvericiliyə düzəlişlərin edildiyi ilk vaxtlarda yaradılıb. O zaman quruma 100-ə yaxın müstəqil QHT, o cümlədən indi rəhbərləri həbsdə olan təşkilatlar daxil idi.

Hazırda bir çox QHT-yə qarşı cinayət təqibləri və onların rəhbərlərinin həbsi ilə əlaqədar VCMK-də 20 fəal iştirak edir.


XS
SM
MD
LG