Accessibility links

Vəkil: Mənim məhkəməyə çağırılmağım Avropa Məhkəməsinin qərarlarının əks-sədasıdır


Əsabəli Mustafayev

Əsabəli Mustafayev

İyulun 1-də vəkil Əsabəli Mustafayev Sumqayıt şəhər Məhkəməsinə dəvət edilib. Bu onun şikayətləri üzrə Avropa Məhkəməsinin qəbul etdiyi çoxsaylı qərarlardan bir gün sonraya təsadüf edir.

Vəkil facebook səhifəsində yazır ki, 2 saylı Vergilər İdarəsi məhkəməyə təqdimat verib ki, onun xaricə çıxışına qadağa qoyulsun.

“Dedim ki, olmayan hüquqa necə qadağa qoymaq olar. Artıq iki ildir ki, Baş Prokurorluğun qadağası sahəsində ölkədən çıxa bilmirəm. Vergilər məndən 8 000 manata yaxın əlavə vergi tələb edir. Guya ki, rəhbərlik etdiyim QHT 2-3 qrantı qeydiyyatdan keçirməyib. Halbuki bu qrantların qeydiyyatdan keçməsi barədə məlumat Ədliyyə Nazirliyinin saytında yerləşdirilib (İntiqam Əliyev, Rəsul Cəfərov və digərlərinin işində olduğu kimi). Mən əlavə verginin tətbiqi barədə vergilər idarəsinin bu qərarını dərhal məhkəmədə mübahisələndirmişəm. Lakin, məhkəmə bu iş üzrə icraatı vergilər idarəsinin xahişi ilə bir ilə yaxındır ki, dayandırıb. Bəhanəsi də budur ki, prokurorluqda araşdırma davam edir”, vəkil bildirir.

Onun fikrincə, bir tərəfdən əlavə verginin qanuniliyinə məhkəmədə baxılmasına imkan verilmir, digər tərəfdən hər ay faiz hesablanır və mənim olmayan hüququmu məhdudlaşdırmaq istəyirlər.

“Baş Prokurorluğa qarşı araşdırmanın qanunsuz aparılması, ölkədən çıxışıma qadağanın, təşkilatın və mənim şəxsi bank hesablarıma qoyulmuş həbslərin qanunsuzluğu barədə qaldırdığım iddiaya da baxılmır, çünki prokurorluğun nümayəndəsi prosesə gəlmir. Absurd ondadır ki, təşkilatın bank hesabında əlavə vergini ödəməyə çatacaq məbləq vardır, lakin vergi onu götürə bilmir ki, pokurorluq hesaba həbs qoyub. Pulun ödənilməsinə prokurorluq imkan vermir, cəzalanan isə mən oluram. Ən əsası isə Rəsul Cəfərov Azərbaycana qarşı iş üzrə qərarda Avropa Məhkəməsi belə əlavə vergi hesablanmasını qanunsuz sayıb. Lakin nə prokurorluq, nə məhkəmə, nə də vergi belə məsələləri nəzərə almır”.

Onun sözlərinə görə, iyulun 1-nə təyin edilən məhkəmə iclası iyulun 8-nə təxirə salınıb.

“Yəqin ki, vergi idarəsinin təqdimatı təmin olunacaq və mən ölkədən 2 qat çıxa bilməyəcəyəm. Sonra yəqin işıq, su, kanalizasiya və digər bu kimi idarələr də məhkəmələrdə öz tələblərini qaldıracaqlar. Ancaq heç bir faydası yoxdur”, vəkil bildirir.

“Vergilər Nazirliyinin müraciəti Avropa Məhkəməsinin dünənki qərarlarının bu günki əks-sədasıdır", Mustafayev əlavə edib.

Belə ki, iyunun 30-da Avropa Məhkəməsi vəkilin müdafiə etdiyi 13 şikayəti təmin edib.

İndiyədək Avropa İnsan Hüquqları Məhkəməsi vəkil Əsabəli Mustafayevin müdafiə etdiyi 71 şikayəti təmin edib. Bu il Avropa Məhkəməsi onun müdafiə etdiyi 22 şikayəti təmin edib.

Ümumilikdə, Mustafayev 297 iş üzrə Avropa Məhkəməsinə şikayət verib. Hazırda 81 şikayət üzrə kommunikasiya başa çatıb, qərar gözlənilir. 1 iş üzrə isə kommunikasiya başlanıb.

Əsabəli Mustafayevin rəhbərlik etdiyi "Demokratiya və İnsan Hüquqları" Resurs Mərkəzi artıq iki ilə yaxındır ki, QHT-lər üzrə qaldırılan cinayət işi üzrə cəlb olunub. Bu cinayət işi üzrə vəkilin ölkədən çıxışına qadağa tətbiq edilib, təşkilatının və özünün bank hesablarına həbs qoyulub.

Mustafayev bununla bağlı Baş Prokurorluğa qarşı yerli məhkəməyə şikayət verib. Onun sözlərinə görə, uzun müddətdir ki, məhkəmə şikayətə baxmır.

XS
SM
MD
LG