Accessibility links

AŞPA Azərbaycanın ermənilərin nəzarətində olan ərazilərilə bağlı iki sənəddən birini qəbul edib


AŞPA-da müzakirə (Foto azadliq.info saytınındır)

AŞPA-da müzakirə (Foto azadliq.info saytınındır)

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının yanvarın 26-da keçirilən iclasında deputatların səs çoxluğu ilə (98 lehinə, 71 əleyhinə) Bosniyalı deputat Melitsa Markoviçin “Azərbaycanın cəbhəyanı rayonlarının sakinlərinin sudan qəsdən məhrum edilməsi” adlı qətnaməsi qəbul edilib.

Xatırladaq ki, məruzədə Ermənistan hakimiyyətinə su resurslarından “siyasi təsir aləti kimi” istifadə etməyə son qoymaq çağrışı yer alır. Su bəndinə 20 ildən çoxdur müntəzəm texniki xidmət olmadığına görə Sərsəng su anbarında vəziyyət “bütün sərhədyanı bölgə üçün təhlükə yaradır”, deyə məruzədə qeyd edilir.

Sərsəng su səddi köhnəlmiş vəziyyətdədir ki, bu da humanitar və ekoloji problem yaradır və “çox sayda insan tələfatına səbəb olacaq qəzaya” gətirib çıxara bilər. Bu problemin həlli üçün AŞPA Ermənistan Silahlı Qüvvələrinin dərhal ərazidən çıxarılmasına çağırıb. Bu, mühəndislərin və hidroloqların ətraflı araşdırma üçün obyektə çıxışını təmin etməyə imkan verəcək.

Bundan başqa, su anbarına, Sərsəng və Madagiz bəndlərinin vəziyyətinə, payız-qış dövründə su buraxılması qrafikinə beynəlxalq nəzarət tələb olunur.

Sənəddə Ermənistan hakimiyyətindən su resurslarından “siyasi təsir və ya təzyiq aləti kimi” istifadəyə son qoymaq xahişi yer alır.

Bu günki müzakirələr zamanı Ermənistan nümayəndə heyəti sənədə 20-dən çox düzəliş, o cümlədən məruzənin adının daha yumşaq adla əvəz olunmasını təklif edib. Lakin demək olar ki, bütün düzəlişlər rədd olunub.

Bununla yanaşı, Strasburqda AŞPA-nın bu günki iclasında deputatlar səs çoxluğu ilə (66 lehinə, 71 əleyhinə) Britaniyalı deputat Robert Uolterin “Dağlıq Qarabağda və Azərbaycanın digər işğal edilmiş ərazilərində zorakılığın artması” adlı qətnaməsini qəbul etməyiblər.

Uolter artıq deputat olmadığı üçün sənədi Norveçli deputat Mogens Yensen təqdim edib, o xatırladıb ki, Ermənistan tərəfi onu Ermənistana və Dağlıq Qarabağa buraxmayıb.

Sənədə Fransa, Macarıstan, İsveç və Almaniyadan olan bir sıra deputatlar etiraz edib. Sənədin əleyhinə səs verməyə səbəb kimi sənədin birtərəfli olmasından, Azərbaycanda demokratiyanın pozulmasından və balansa riayət etmək zərurətindən bəhs edilib.

Xatırladaq ki, məruzədə “Ermənistan silahlı qüvvələrinin və digər qeyri-müntəzəm birləşmələrin Dağlıq Qarabağdan və Azərbaycanın digər işğal edilmiş ərazilərindən çıxarılması” çağırışı, hər iki ölkə hakimiyyətinə hərbi gücdən istifadədən çəkinmək çağırışı, ATƏT-ə Dağlıq Qarabağda təhlükəsizliyi təmin etmək üçün beynəlxalq sülhməramlı qüvvələr yaratmaq, məcburi köçkünlərin təhlükəsiz şəkildə qayıtmasını təmin etmək, habelə atəşkəs rejiminin pozulması hallarının araşdırılması mexanizmi yaratmaq çağırışı yer alırdı.

XS
SM
MD
LG