Accessibility links

Məhkəmə Asif Yusiflinin şikayətini təmin etməyib


Asif Yusifli (Foto Obyektiv televiziyasınındır)

Asif Yusifli (Foto Obyektiv televiziyasınındır)

Oktyabrın 31-də Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü, Qarabağ müharibəsi əlili Asif Yusiflinin şikayətini təmin etməyərək onu həbsdə saxlayıb.

A.Yusifli 2014-cü il noyabrın 25-də dələduzluq və sənədlərin saxtalaşdırılması ittihamları ilə həbs edilib.

Bu ilin mayında Ali Məhkəmə ərizəçiyə dəyən ziyanın ödənilməsini, A.Yusiflinin Qarabağ müharibəsi iştirakçısı və azyaşlı xəstə uşaqlarının olmasını nəzərə alaraq onun 7 il 6 aylıq cəza müddətini 6 ilədək azaldıb.

2016-cı il iyunun 1-dən ölkədə Cinayət Məcəlləsinə düzəlişlər qüvvəyə minib. A.Yusiflinin təqsirli bilindiyi “külli miqdarda ziyan” “böyük miqdarda ziyan”a tövsif edilib.

Odur ki, müdafiə tərəfi Nizami Rayon Məhkəməsinə müraciət edərək A.Yusiflinin barəsində Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsinin 178.2-ə tövsif olunmasını xahiş edib. Məhkəmə ittihamı tövsif etsə də cəza müddətini dəyişməz saxlayıb.

“Bu, cəzanı yüngülləşdirən Ali Məhkəmənin qərarına ziddir. A.Yusiflinin sözügedən məbləği ödəməsinə, zərərçəkənin ona qarşı iddiasının olmamasına və azyaşlı uşaqlarının olmasına baxmayaraq, Nizami rayon Məhkəməsi cəzanı yüngüləşdirməyib. Bu gün Bakı Apellyasiya Məhkəməsi isə bu qərarı qüvvədə saxlayıb. Biz yenidən Ali Məhkəməyə şikayət edəcəyik”, vəkil Fəxrəddin Mehdiyev Amerikanın Səsinə bildirib.

O əlavə edib ki, əslində A.Yusifli cinayət əməli törətməyib, sadəcə, vətəndaş Zülfüqarovanın oğlunun Ukraynada təhsil alması üçün Təhsil Nazirliyinin keçmiş əməkdaşına pul verməsində vasitəçi olub. Şəxsən A.Yusiflinin bu sövdələşmədə heç bir tamah məqsədi olmayıb. Ancaq bununla belə, qadına dəyən zərəri ödəyib.

A.Yusifli cinayət işini siyasi motivli hesab edir. Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus sayır.

XS
SM
MD
LG