Accessibility links

Asif Yusifli ittihamları qərəzli və siyasi fəaliyyəti ilə bağlayır


Asif Yusifli (Foto Obyektiv televiziyasınındır)
Asif Yusifli (Foto Obyektiv televiziyasınındır)

İyulun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində müxalifətdə olan Azərbaycan Xalqı Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü, Qarabağ münaqişəsi əlili Asif Yusiflinin məhkəməsi davam edib.

Dövlət ittihamçısı məhkəmədən Asif Yusifliyə 8 il həbs cəzası istəyib.

Bu günki prosesdə kəkili Fəxrəddin Mehdiyev çıxış edib. O bildirib ki, Asif Yusifli ilə bağlı işdə cinayət tərkibi yoxdur, onun təqsiri sübuta yetirilməyib.

Asif Yusifli 2014-cü il noyabrın 25-də həbs edilib. O, bir nəfərin 6 min 500 manatını dələduzluq yolu ilə mənimsəməkdə və sənədlərin saxtalaşdırılmasında ittiham olunur.

Asif Yusifli həmin şəxsə bütün məbləği və əlavə 1200 manat ödəsə də, məhkəmə bunu nəzərə almayıb.

Mehdiyev deyib ki, Asif Yusifli dələduzluqda ittiham olunsa da, ortada aldatma, etibardan sui-istifadə halları mövcud deyil.

”Asif Yusifli zərərçəkən kimi tanınan Zülfiyyə Zülfüqarovadan təhsil məqsədilə 6 min 500 manat alaraq onun təhsil problemini həll etməyə söz verən Rafiq Hüseynova verib. Ortada bu məbləğin borc kimi verilməsinə dair qəbz də var. Sonra iş alınmayıb, Rafiq Hüseynov həbs olunub. Bununla belə Asif Yusifli zərərçəkənə söz verib ki, pulunu özü qaytaracaq. Sadəcə, sonra 2012-ci ildə Asif Yusiflinin avtoqəzaya düşməsi, vəziyyətinin pis olması borcu qaytarmasını yubadıb. Daha sonra zərərçəkənə 1900 manat ödənib. Söhbət aldatmadan, etibardan sui-istifadədən gedirsə, niyə ortalıqda borca dair qəbzlər var, niyə məbləğin bir hissəsi ödənilib?”.

Vəkilin sözlərinə görə, Asif Yusiflinin həbsindən sonra valideynləri həmin borcu zərərçəkənə qaytarıb və o da şikayətini geri götürüb.

Asif Yusifli də özünü təqsirkar saymır, ittihamları qərəzli və fəaliyyəti ilə bağlayır.

Asif Yusifli və onunla birgə müttəhimlər kürsüsündə oturan Rafiq Hüseynov məhkəmədə son söz demək üçün hakimdən vaxt istəyib.

Növbəti proses iyulun 30-a təyin olunub.

XS
SM
MD
LG