Accessibility links

Oktyabrın 6-da Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisin üzvü Asif Yusiflinin apellyasiya şikayətinə baxılıb.

Asif Yusifli 2014-cü il noyabrın 25-də fırıldaqçılıq (178-ci maddə) və sənədlərin saxtalaşdırılması (320-ci maddə) ittihamı ilə saxlanılıb. İş üzrə zərərçəkmiş Fəridə Zülfüqarova Yusifliyə Təhsil Nazirliyinin əməkdaşı Rafiq Hüseynova çatdrımaq üçün 6500 manat verib. Sonuncu bunun müqabilində Zülfüqarovanın oğlunun Ukraynada ali təhsil almasına kömək etməli idi. Amma sövdələşmə pozulub və Hüseynov pulu qadına qaytarmayıb. Məhkəmə prosesi zamanı o etiraf edib ki, pulu alıb, Yusiflinin bunda heç bir təqsiri yoxdur. Zülfüqarova da ziyanın ödənilməsi ilə əlaqədar şikayətini geri götürüb. Amma 2015-ci il iyulun 30-da məhkəmə Yusiflini fırıldaqçılıqda və sənədlərin saxtalaşdırılmasında təqsirli bilərək 7,5 il müddətinə azadlıqdan məhrum edib. Digər təqsirləndirilən şəxs Rafiq Hüseynov 12 il 6 ay azadlıqdan məhrumetmə cəzası alıb.

Vəkil Fəxrəddin Mehdiyev Amerikanın Səsinə bildirib ki, Bakı Apellyasiya Məhkəməsində oktyabrın 6-da keçirilən prosesdə Yusifli yenidən təqsirsiz olduğunu bildirib.

Vəkil özü də prosesdə çıxış edib və məhkəmədən Yusiflinin Zülfüqarovanı aldatmaması və pulu mənimsəməməsi, eyni zamanda iş üzrə digər fiqurant Hüseynovun həbsi ilə əlaqədar ona dəymiş ziyanı ödəməsi ilə əlaqədar bəraət hökmü çıxarılmasını istəyib.

Məhkəmə iclası oktyabrın 9-da saat 11.00-da davam etdiriləcək. İclasda prokurorun çıxışı gözlənilir.

Yusifli birinci qrup Qarabağ müharibəsi əlilidir, himayəsində azyaşlı uşaqları var.

XS
SM
MD
LG