Accessibility links

Məhkəmə Asif Yusiflini həbsdə saxlayıb


Asif Yusifli (Foto Obyektiv televiziyasınındır)

Asif Yusifli (Foto Obyektiv televiziyasınındır)

Oktyabrın 9-da Bakı Apellyasiya Məhkəməsində AXCP Ali Məclisini üzvü Asif Yusiflinin apellyasiya şikayətinə baxış başa çatıb. Məhkəmə şikayəti təmin etməyib.

A.Yusifli 2014-cü il noyabrın 25-də dələduzluq (maddə 178) və saxta sənəd hazırlamaqda (maddə 320) ittiham olunaraq həbs edilib. İş üzrə zərərçəkən Fəridə Zülfüqarova A.Yusifliyə 6500 manat verib ki, Təhsil Nazirliyinin əməkdaşı Rafiq Hüseynova çatdırsın. Sonuncu bu məbləğə F.Zülfüqarovanın oğlunu Ukraynada ali məktəbə düzəltməliymiş. Lakin iş baş tutmayıb və R.Hüseynov pulu qadına qaytarmayıb. Məhkəmə prosesi zamanı etiraf edib ki, pulları o alıb, A.Yusiflinin günahı yoxdur.

F.Zülfüqarova da zərərin kompensasiyası ilə əlaqədar öz şikayətindən imtina edib. Lakin 2015-ci il iyulun 30-da məhkəmə A.Yusiflini dələduzluq və saxta sənədlərdə ittiham edərək 7,5 il müddətinə azadlıqdan məhrum edib. Digər müttəhim R.Hüseynov 12,5 il azadlıqdan məhrumetmə cəzası alıb.

Bugünkü məhkəmə prosesində prokuror hər iki müttəhimə qarşı hökmün qüvvədə qalmasını təklif edib. Lakin vəkil Fəxrəddin Mehdiyev dövlət ittihamçısı ilə razılaşmayıb.

“Əgər zərərçəkən şikayətini geri götürübsə, şikayətçi və maddi zərər yoxdursa o zaman bu işin ictimai təhlükəsi nədir?” o sual edib.

İki dəqiqəlik müşavirədən sonra məhkəmə apellyasiyanın təmin olunmadığını bildirib. Müdafiə tərəfi Ali Məhkəməyə kassasiya şikayəti vermək niyyətindədir.

Qeyd edək ki, A.Yusifli fəal müxalifətçidir və AXCP mitinqlərinin təşkilatçılarından biridir. O, həbsini siyasi fəaliyyəti ilə əlaqələndirir.

XS
SM
MD
LG