Accessibility links

Məhkəmə AXCP fəalının cəzasını azaltmayıb


Asif Yusifli (Foto Obyektiv televiziyasınındır)

Asif Yusifli (Foto Obyektiv televiziyasınındır)

Avqustun 19-da 6 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Qarabağ müharibəsi əlili, AXCP Rəyasət Heyətinin üzvü Asif Yusiflinin işi üzrə məhkəmə keçirilib.

Bakının Nizami rayon Məhkəməsinin hakimi Mətanət Hacıyevanın sədrliyi ilə keçən prosesdə Cinayət Məcəlləsinin 178-ci maddəsində edilən dəyişikliyə görə Asif Yusiflinin cəzasının dəyişdirilməsi məsələsinə baxılıb.

Asif Yusifli 2014-cü il noyabrın 25-də fırıldaqçılıq (178-ci maddə) və sənədlərin saxtalaşdırılması (320-ci maddə) ittihamı ilə saxlanılıb. İş üzrə zərərçəkmiş Fəridə Zülfüqarova Təhsil Nazirliyinin əməkdaşı Rafiq Hüseynova verməsi üçün Yusifliyə 6500 manat verib.

Sonuncu bu pul müqabilində Zülfüqarovanın oğlunun Ukraynada ali məktəbdə təhsilini təşkil etməyi vəd edib. Lakin sövdələşmə pozulub və Hüseynov pulu qadına qaytarmayıb.

Məhkəmə prosesi zamanı o etiraf edib ki, pulu alıb və Yusiflinin burada təqsiri yoxdur. Zülfüqarova da ziyanın ona ödənilməsi ilə əlaqədar şikayətdən imtina edib. Lakin 30 iyul 2015-ci il tarixində məhkəmə Yusiflini fırıldaqçılıqda və sənədləri saxtalaşdırmaqda təqsirli bilib və 7,5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Sonradan apellyasiya məhkəməsi bu hökmü qüvvədə saxlayıb.

Azərbaycan Ali Məhkəməsi 2015-ci il mayın 4-də Asif Yusiflinin kassasiya şikayətinə baxıb və cəza müddətini 1,5 il azaldıb.

Asif Yusifli ittihamı qəbul etmir, siyasi sifariş hesab edir.

Xatırladaq ki, Ali Məhkəmənin 2015-ci il 11 iyun tarixli plenumunun qərarına görə, Cinayət Məcəlləsinin 178-ci və digər maddələrinin tövsifi dəyişdirilib.

Vəkil Fəxrəddin Mehdiyevin bildirdiyinə görə, bu gün məhkəmə Yusifli barəsindəki maddənin tövsifini 178.3.2-dən 178.2-yə dəyişdirib. Lakin həbs müddəti dəyişdirlməyib, 6 il olaraq saxlanılıb. Yeni maddənin sanksiyasında 5 min manata qədər cərimə və 3 ildən 7 ilədək həbs nəzərdə tutulur.

Vəkil bildirib ki, Asif Yusiflinin şəxsiyyəti nəzərə alınmaqla ən azından onun cəzası azaldıla bilərdi. Lakin hakim bunu nəzərə almayıb. Qərardan yaxın günlərdə apellyasiya şikayəti veriləcək.

XS
SM
MD
LG