Accessibility links

Bakıda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Baş Assambleyası açılıb [Video]


Forumda 200-dən çox nümayəndə heyəti iştirak edir

Bakıda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyası açılıb. Forumda qitənin onlarla ölkəsindən 200-dən çox nümayəndə iştirak edir.

Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Daimi Komitəsində sədrlik Azərbaycana keçib.

Üç gün ərzində altı plenar iclas keçiriləcək. Müzakirələrə Asiyada siyasi tendensiyalar, siyasi gələcəyin təhlili və perspektivlər mövzusu daxildir.

Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev prezident Əliyevin foruma təbrikini oxuyub. Açılış iclasında həmçinin BMT Baş katibi Pan Gi-Mun assambleyaya videomüraciəti nümayiş etdirilib.

Prezident Əliyevin təbrikində deyilir ki, qloballaşan dünyanın müasir siyasi mənzərəsinin formalaşmasında Asiya regionu ölkələrinin rolu və əhəmiyyəti gündən-günə artır.

“Hazırda Asiya dünyanın iqtisadi mərkəzinə çevrilməkdədir. Aparıcı Asiya dövlətlərinin dinamik inkişafının kökündə dayanan yeni iqtisadi modellərin öz təsdiqini tapması dünya iqtisadi sisteminin əsas meyllərini təşkil edir. Müasirləşən Asiya zəngin mədəniyyəti, nəhəng iqtisadi potensialı və insan resursları ilə bəşəriyyətin gələcək taleyinin müəyyən edilməsinə böyük töhfə verir”.

Dövlət başçısı Azərbaycanın iqtisadi inkişafına diqqət çəkib.

O müsbət meyllərlə bərabər bir sıra Asiya ölkələrində yoxsulluq, qeyri-sabitlik, etnik və dini münaqişələr, terror və separatizm, lokal münaqişə və qarşıdurmalardan narahatlığını ifadə edib.

“Bu baxımdan, Azərbaycanın üzləşdiyi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hələ də həll edilməməsi regionda iqtisadi sabitliyə, təhlükəsizliyə, əməkdaşlığa və inkişafa maneçilik törədən əsas amillərdəndir. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi - Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon 20 ildən artıq müddətdir ki, işğal altındadır”.

İ.Əliyev bildirib ki, münaqişənin həlli ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsi, çoxsaylı beynəlxalq təşkilatların sənədləri və Azərbaycanın səyləri nəticəsiz qalır.

"İnanıram ki, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyası çərçivəsində Siz beynəlxalq aləmdə təhlükəsizlik, sülh və əməkdaşlığın təmin olunması və möhkəmlənməsi üçün səmərəli fikir mübadiləsi aparacaq, mühüm qərarlar qəbul edəcəksiniz”, deyə prezident auditoriyaya müraciət edib.
BMT-nin baş katibi Pan Gi Mun hesab edir ki, forum Asiya regionunda sabitliyə, çiçəklənməyə və azadlığa gətirib çıxara biləcək yaxşı qarşılıqlı anlaşmanı qaydaya salmağa imkan verir

"Təşkilatın formatı regiondakı hökumətlərin, müxalifətin və müstəqil qüvvələrin hərəkətlərini əlaqələndirməyə və dialoqu qaydaya salmağa qadir olan əhəmiyyətli forum səviyyəsinə qədər böyüyüb".

Baş katibin fikrincə, münaqişələr və anlaşılmazlıqlar beynəlxalq əməkdaşlığı çətinləşdirir. Təşkilata daxil olan partiyaları ekstremizm və iqlim dəyişiklikləri kimi ümumi təhlükələrlə birgə mübarizə aparmağa, həmçinin insan hüquqlarının müdafiəsi üçün tədbirlər görməyə çağırıram.

"BMT Sizinlə energetikadan təhsilə, münaqişələrin qarşısının alınmasından təbii fəlakətlərin risklərinin azaldılmasına kimi müxtəlif məsələlərdə əməkdaşlığa davam edəcək", Pan Gi Mun bildirib.

Yeni Azərbaycan Partiyanın sədr müavini Əli Əhmədov Asiya ölkələrinin qlobal problemlərin həllində rolunun artmasının vacibliyini bildirib . Onun sözlərinə görə, dünyanın ən zəngin təbii sərvətlərinə və ən çox insan resursuna malik Asiya regional qarşıdurmaların həllində və yoxsulluğun aradana qaldırılmasında səylərini artırmalıdır.

Ə.Əhmədov Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının gənclər və qadınlar qurumunun yaradılması təklifi ilə çıxış edib. YAP sədrinin müavini Asiya Siyasi Partiyalarının gənclər təşkilatının ilk assambleyasının Bakıda keçirilməsini də təklif edib.

Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının təsisçisi və həmsədri Xose de Venesiya deyib ki, bu gün Azərbaycan uğurlu inkişaf yolu keçərək Asiya və Qafqaz regionunun demokratik, lider ölkələrindən birinə çevrilib.

“Bu ölkədə çoxpartiyalı siyasi sistem yaranıb. Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının 7-ci Baş Assambleyasının Azərbaycanda yüksək səviyyədə təşkil olunması da bu inkişafın bariz göstəricisidir”.

Xose de Venesiya Dağlıq Qarabağ münaqişəsindən də danışıb. “Biz Dağlıq Qarabağ konfliktinin, o cümlədən hansısa yeni bir münaqişənin olmasını istəmirik. Münaqişələr yaradılmamalıdır, əksinə onlar aradan qaldırılmalıdır. Bunun üçün birgə danışıqlar aparılmalı və siyasi barışığa nail olunmalıdır”.

O, Asiya regionundakı çoxsaylı münaqişələri sadalayıb

İranın keçmiş vitse-prezidenti Həsən Qafuri Fərd isə deyib ki, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı fələstinlilərə yardım etməlidir.

“Qəzza bölgəsində günahsız insanlar, xüsusilə də uşaqlar və qadınların öldürülməməlidir. Biz olanları təkcə pisləməməliyik, həm də məsələnin həllinə yardım etməliyik”, o qeyd edib.

İCAPP özündə Asiya və Okeaniyanın 300-dən çox siyasi partiyasını birləşdirir.
XS
SM
MD
LG