Accessibility links

Aslan İsmayılov: Lətifə də qoşublar -“haqqını verirsən haqqını alırsan” (Video-müsahibə)


Vəkil Aslan İsmayılovun Amerikanın Səsinə müsahibəsi

Vəkil Aslan İsmayılov Amerikanın Səsinə müsahibəsində məhkəmənin onu vəkillikdən xaric etməsi barədə qərarı, vəkillikdən xaric edilməsinin sifariş olması, ölkədə vəkillik institutunun vəziyyəti, hüquq sistemindəki çatışmamazlıqlardan danışıb.

Vəkillikdən xaric edilməyim ictimai fəaliyyətimlə bağlıdır.
“Mənim vəkillikdən xaric edilməyim ancaq və ancaq ictimai fəaliyyətimlə bağlıdır. Çünki vəkillikdən xaric olunmağım üçün heç zaman əsas olmayıb”, o qeyd edib.

İsmayılov bundan öncə 1999-cu ildə vəkillikdən xaric edilib, 2005-ci ildə prezidentlə görüşdən sonra vəkillik fəaliyyəti bərpa edilib.

“2010-cu ildən sonra hakimiyyətin siyasətini kəskin tənqid etməyə başladım, həbs olunan gənc fəalların aktiv şəkildə müadifəsinə qoşuldum. Bundan sonra məni bir neçə dəfə xəbərdarlıq etdilər. Bu il mayın 8-də Vəkillər Kollegiyasının Rəyasət Heyəti vəkillikdən xaric olunmağımla bağlı qərar verdi və məhkəməyə müraciət etdi. Mayın 16-da məni zorla polis idarəsinə apardılar və orada polis rəisi mədəni şəkildə xəbərdarlıq etdi ki, bütün xətləri keçibsiniz, özünüzü yığışdırın. Mayın 30-da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə apardılar. Orada məni vurdular, təhqir etdilər, sonra isə ölümlə təhdid etdilər və dedilər ki, bu sənin son şansındır, əgər yaşamaq istəyirsinizsə susun. Bir daha deyirəm, bu Azərbaycan hakimiyyətinin danışanın dilini kəsmək, eşidənin qulağını tıxamaq, görənin gözünü çıxarmaq cəhdidir”.

Bu Azərbaycan hakimiyyətinin danışanın dilini kəsmək, eşidənin qulağını tıxamaq, görənin gözünü çıxarmaq cəhdidir.
Vəkil hesab edir ki,insanlara qarşı hakimiyyətin bu hərəktələri birinci növbədə hakimiyyətin özü üçün pis nəticələr verəcək.

Onun fikrincə, Azərbaycan hüquq sistemi çoxdan süqut edib, müstəqil məhkəmə sistemindən danışmaq isə yersizdir.

“Bunun göstəricisi odur ki, bir nəfər belə Azərbaycan vətəndaşı inanmır ki, haqqı pozulan məhkəmədə ədalət tapa bilər. Hamı deyir ki, məhkəmədə nəyəsə nail olmaq istəyirsənsə, artıq lətifələr də qoşublar ki, “haqqını verirsən haqqını alırsan”.

Vəkil deyib ki, ictimia-siyasi rəngli işlərdə Azərbaycan məhkəmələri müstəqil qərar qəbul edə bilməz.

“Digər qərarlar isə korrupsiya istiqamətində qəbul edilən qərarlardır”.

İsmayılov aşağı məhkəmənin qərarından apellyasiya şikayəti verəcək, sonra Ali Məhkəməyə və Avropa Məhkəməsinə müraciət edəcək.

Azərbaycan hüquq sistemi çoxdan süqut edib.
“Azərbaycan məhkəmələrinə müraciətdə məqsədim ədaləti bərpa etmək deyil və bu mümkün deyil. Sadəcə hər dəfə məhkəməyə müraciət etməklə məhkəmə sistemini ifşa edəcəm. Məhkəmələrin sifarişlə işləməsini ictimailəşdirəcəm və şikayətlərimi davam etdirəcəm”, o qeyd edib.

Öz növbəsində, rəsmilər Azərbaycanın hüquqi dövlət olduğunu, insanların yalnız və yalnız insanların hərkətlərinə hüquq daxilində qiymət verildiyini bildirir.
XS
SM
MD
LG