Accessibility links

Aslan İsmayılov: Beynəlxalq hüquq müdafiə təşkilatları Zülfüqarlı qardaşlarının mülkiyyət hüququnun bərpası üçün müraciət qəbul edib


Vəkil Aslan İsmayılov

Vəkil Aslan İsmayılov

Vəkil deyib ki, Azərbaycanda bu işə 7 müxtəlif məhkəmədə baxılıb. Məhkəmələr biznesmenlərin əleyhinə qərar çıxarıb

Reyder hücumu yolu ilə bir neçə metallurgiya müəssisəsi əlindən alan Zülfüqarlı qardaşlarının mülkiyyət hüquqlarının kobud şəkildə pozulması faktı beynəlxalq hüquq müdafiəçilərinin böyük diqqətinə səbəb olub.

Turan agentliyinin məlumatına görə, ötən həftə Varşavada 44 hüquq müdafiə təşkilatı illik sammitdə Azərbaycan prezidenti İlham Əliyevə Zülfüqarlı qardaşlarının hüquqlarını bərpa etmək və təqsirkarları cəzalandırmaq çağırışı ilə müraciət qəbul edib.

Sammitdə iştirak edən “İnsan Hüquqları Naminə” QHT-nin sədri Eynulla Fətullayev qeyd edib ki, Zülfüqarlı qardaşlarının işi böyük beynəlxalq rezonansa səbəb olub və hüquq müdafiə cəmiyyəti bu işə Rusiyada Xodorovskinin işi kimi mülkiyyətin sahibindən alınması kimi faktlarla birlikdə baxır.

Prezident Əliyevə müraciətdə deyilir ki, Loğman və Nurəddin Zülfüqarlı 2005-ci ildə öz müəssisələrini – Bakıelektroştamp” və “Bakıpoladtökmə” müəssisələrini yüksək vəzifəli məmurlara verməkdən imtina etdikdən sonra saxta ittihamla həbs edilib. 4 ay həbsdə qaldıqdan sonra aksiyalarının 80%-ni güzəştə getmək məcburiyyətində qalıblar.
Lakin 2010-cu ildə onlardan qalan hissədən də imtina etməyi tələb ediblər. Bununla razılaşmayan qardaşlar ölkəni tərk edib, onların müəssisələri isə faktiki olaraq Rasim Məmmədovun rəhbərlik etdiyi “Baku Steel Company” tərəfindən ələ keçirilib.

Elə bu şəxs bu ilin avqustunda Zülfüqarlı qardaşlarının daha bir müəssisəsinin – “Birlik” MMC-nin zorla ələ keçirilməsinin təşəbbüskarı olub.

Cənab Fətullayev beynəlxalq hüquq müdafiə təşkilatlarının prezident Əliyevə müraciətini “özbaşınalıq törədən Azərbaycan oliqarxlarına ilk siqnal” adlandırıb.
“Demokratik Monitor” QHT-nin rəhbəri Fuad Həsənov bildirib ki, Zülfüqarlı qardaşlarının hüquqlarını müdafiə üzrə beynəlxalq hüquq müdafiə kampaniyası davam edəcək və məsələ müxtəlif beynəlxalq təşkilatlarda xüsusi dinləmələrin mövzusu ola bilər.

Zülfüqarlı qardaşlarının vəkili Aslan İsmayılov deyib ki, Azərbaycanda bu işə artıq 7 müxtəlif məhkəmədə baxılıb. Məhkəmələr biznesmenlərin əleyhinə qərar çıxarıblar. Hazırda iş Ali Məhkəmədədir və növbəti addım Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət olacaq.

Cənab İsmayılov bildirib ki, Baku Steel Company-nin arxasında yüksək vəzifəli şəxslər durur. Xüsusən, bu SC-nin rəhbəri Rasim Məmmədov prezident administrasiyasının rəhbəri Ramiz Mehdiyevin oğlunun yaxın dostudur.

Qarşı tərəf indiyədək vəkilin dediklərinə cavab verməyib.
XS
SM
MD
LG