Accessibility links

AŞPA məruzəçiləri Azərbaycandakı hadisələri təhlükəli adlandırır


AŞPA-nın həmməruzəçiləri

AŞPA-nın həmməruzəçiləri

“Ədalətsiz məhkəmə prosesləri, saxlanılanlarla pis davranma ilə bağlı çox narahatedici xəbərlər daxil olur”.

Avropa Şurasının Monitorinq Komitəsinin Azərbaycan üzrə məruzəçiləri Pedro Aqramunt və Cozef Qreş dinc nümayişçilərin saxlanması və mühakimə edilməsi, müxalifət liderlərinin həbsləri daxil olmaqla, ölkədə hadisələrin bu cür mənfi inkişafından narahatlıqlarını bildiriblər.

“Ədalətsiz məhkəmə prosesləri, saxlanılanlarla pis davranma ilə bağlı çox narahatedici xəbərlər daxil olur”, - AŞPA-nın saytında yerləşdirilən bəyanatda deyilir.

Yanvarın 26-da Bakıda dinc nümayiş zamanı 80-ə yaxın adam saxlanılıb. Onlar yanvarın 23-24-də İsmayıllı rayonunda hakimiyyətin zorakılığına qarşı etirazlarını bildiriblər. Bakıda 30-dək nümayişçi inzibati qaydada cəzalandırılıb, beş nəfər həbs olunub.

“Biz Azərbaycan hakimiyyətini insan hüquqları standartlarına uyğun olaraq saxlanılanların və həbs olunanların işlərinə yenidən baxmağa çağırırıq. Pis davranış və işgəncələr barədə bütün məlumatlar yoxlanmalıdır, günahkarlar cəzalandırılmalıdır”, - bəyanatda vurğulanır.

Məruzəçilər REAL hərəkatının rəhbəri İlqar Məmmədovun və Müsavat Partiyası sədrinin müavini Tofiq Yaqublunun həbsinə xüsusi diqqət yetiriblər.

“Etirazlardan bir neçə gün sonra baş verən həbslər onların qanuni olduğuna şübhə etməyə əsas verir. Biz Azərbaycan rəhbərliyini bu müxalifətçi siyasətçiləri azad etmək üçün bütün qanuni tədbirlərdən istifadə etməyə çağırırıq”, - məruzəçilər qeyd edirlər.

Onlar həmçinin xatırladırlar ki, Azərbaycan Avropa Şurasına daxil olarkən götürdüyü öhdəlikləri yerinə yetirməlidir.

“Hüquqi prosesin ədalətliliyi, təhqiqatın şəffaflığı təmin edilməlidir. Toplaşma və ifadə azadlığı əsas insan hüquqlarıdır və Avropa Şurasının hər bir tərəfindən ona zəmanət verilməlidir”, sənəddə qeyd edilir.
XS
SM
MD
LG